Qərb 400 min insanı qətl edən diktatoru bağışlayır – səbəb

29.08.2017 - 09:32

Politoloq: “Əsədsonrası Suriyanı təsəvvür edəndə xaos görünür, bu isə Qərbi qorxudur”

Ötən həftənin sonlarında Suriya iqtidarı və müxalifət arasında təmasın yaranması diqqət çəkdi. Ancaq digər diqqət çəkən və heyrət doğuran məsələ Suriyada az qala yarım milyon insanın məhvinə bais olan, yüz minləri evindən didərgin salan Bəşər Əsədin Qərb tərəfindən “əfv” olunmasıdır.

“The Times” yazır ki, nəhayət, Britaniya və onun Qərb müttəfiqləri Suriyada prezident Əsədin öz postunu tərk etməsi barədə uzunmüddətli tələblərindən əl çəkiblər. Üstəlik, Avropa İttifaqı nazirlərinin iclasında belə bir ehtimal da məqbuil sayılıb ki, dünənədək diktator adlandırılan və bəşəriyyətə qarşı cinayətlərdə günahlandırılan Suriya prezidenti qarşıdan gələn seçkilərdə iştirak edə bilər. Beləliklə, Avropanın xarici işlər nazirləri Britaniyanın da 2011-ci ildən bəri saxladığı kursdan 180 dərəcə dönmək qərarına gəliblər. (BBC) “The Times” vurğulayır ki, bu dönüş Suriyada münaqişə başlanandan bəri 400 min insan məhv olduqdan sonra qəbul edilib. Bu insanların böyük əksəriyyəti Əsəd qüvvələri və müttəfiqlər tərəfindən öldürülüb.
Məlumatda deyilir ki, ötən həftə Səudiyyə Ərəbistanının paytaxtı Riyadda Suriya müxalifətinə açıq şəkildə deyilib ki, onların Əsədin hakimiyyətdə qalmasını qəbul etməkdən başqa çıxış yolları yoxdur. Müxalifətə bu da bildirilib ki, Əsədin hakimiyyətdən getməsi şərtilə danışıqların aparılmasında da heç bir məna qalmayıb. Britaniyanın xarici işlər naziri Boris Johnson bu siyasət dəyişikliyinə BBC-nin Radio 4 stansiyasına müsahibəsində işarə edib. “Əlbəttə, bu, tamamilə Suriya xalqının marağındadır ki, Əsəd getsin, – deyib nazir. – Biz də ona deyirdik ki, ilkin şərt onun hakimiyyətdən getməsidir. Biz yenə də deyirik ki, o getməlidir, lakin artıq keçid prosesinin tərkib hissəsi kimi getməlidir. Amma eyni zamanda onun demokratik seçkidə iştirak etməsi üçün qapı həmişə açıqdır”.

Diplomatlar bildirirlər ki, həm cənab Johnsonun, həm də Qərbin siyasəti dəyişməsinə səbəb Suriyanın özündə baş verən hadisələrdir. “The Times” yazır ki, yeni mövqe həm Britaniyanın müttəfiqləri, həm də müxalifətin regional dəstəkçisi olan güclər tərəfindən dəstəklənir.

Suriya müxalifətinin sözçüsü Yəhya əl-Aridi deyib ki, o, sözdə dəstək verib, əməldə çox az dəstək verən Qərbin mövqeyindən məyus olub: “Belə görünür ki, maraqlar mənəviyyatdan vacibdir. Cinayətlər zaman keçdikcə yox olmur”.
Başqa bir Qərb mənbəyi isə deyib: “Bizim siyasətimiz praqmatizm və realizmə əsaslanır. Törətdikləri nəzərə alınarsa, Əsəd orada qaldıqca Suriya üçün heç bir sabit və dinc gələcək ola bilməz. Lakin onun orada qalıb-qalmaması bundan sonra danışıqlar üçün ilkin şərt sayılmır”. “The Times” yazır ki, 2011-ci ildə David Cameronun vaxtından başlanan siyasətin dəyişdirilməsi hökumət üçün böyük pərtlik sayıla bilər.

Bir sıra şərhçilər lap əvvəldən deyirdilər ki, Əsədin danışıqlarda iştirakının istisna edilməsi münaqişəni daha da qızışdıracaq. “The Times” yazır ki, Əsədə qarşı sərt mövqe onun vəziyyətini möhkəmləndirib və üstəlik, Rusiya və İranı da bu münaqişəyə cəlb edib.

Qərbin Suriya siyasətini dəyişməsi Rusiya faktoru ilə bağlıdır, yoxsa hansısa başqa bir oyun qurulub?

Image result for Şahin Cəfərli

Politoloq Şahin Cəfərli “Yeni Müsavat”a bildirdi ki, Qərbin hazırkı Suriya siyasətinin köklərini Obama dövründə axtarmaq lazımdır: “Suriya ixtilafının ilk illərində prioritet Bəşər Əsədin hakimiyyətdən salınması idi, bu səbəblə ABŞ və onun bölgədəki müttəfiqləri mötədil adlandırılan müxalif qüvvələrə fəal dəstək verirdilər. Əslində bu siyasət öz nəticəsini vermək üzrə idi və Əsədin məğlubiyyətinə az qalmışdı. Lakin Rusiya və İranın münaqişəyə fəal müdaxiləsi, Suriyaya böyük qüvvə göndərmələri, Rusiyanın öz aviasiyası və raket qoşunları, İranın isə canlı qüvvə ilə Əsədin köməyinə gəlmələri tədricən durumun dəyişməsinə səbəb oldu. Şübhəsiz ki, vəziyyətin dəyişməsində Obama administrasiyasının mövqeyi ciddi rol oynadı, çünki ABŞ istəsəydi və qətiyyətli mövqe sərgiləsəydi, Rusiya və İran yəqin ki, Suriyaya daxil ola bilməzdi. Lakin Obama bu qətiyyəti göstərmədi, nəticədə təşəbbüs yavaş-yavaş Rusiya-İran-Əsəd üçbucağının əlinə keçməyə başladı”.

Ekspert keçmiş administrasiyanın yumşaq mövqeyini səbəbsiz saymadı: “Obamanın bu cür mövqe tutmasının əsas səbəbi bu idi ki, o, Yaxın Şərq regionuna 1 saylı prioritet kimi baxmırdı, Obama ABŞ xarici siyasətinin əsas istiqaməti kimi Asiya-Sakit okean regionunu elan etmişdi. Bilirsiniz ki, iqtidara gəldikdən sonra Obamanın ilk addımı İraqdan ordunun çıxarılması oldu. Bunun nəticəsində İraqda çox ciddi boşluq yarandı və bu boşluğu bir yandan İran, digər yandan isə İŞİD tutdu. Suriyada da buna bənzər situasiya yarandı, Obama Suriyaya quru qoşunları göndərmədi və bəyan etdi ki, bundan sonra Amerika əsgəri Yaxın Şərqdə ölməyəcək. Nəticədə yaranan boşluğu Rusiya, İran və İŞİD doldurmağa başladı. Elə vəziyyət yarandı ki, İŞİD təhdidi və Avropaya miqrant axını Qərb üçün Suriyada əsas problemə çevrildi, nəticədə Əsədin məsələsi arxa plana keçdi. Hazırda miqrant məsələsinin və İŞİD probleminin kəskinliyi bir qədər azalsa da, Qərbin Obama dövründəki yanaşmasının davam etdiyini görürük”.

Ş.Cəfərlinin fikrincə, Donald Tramp hələ prezident kreslosuna əyləşməzdən əvvəl məlum idi ki, onun üçün terrorizmlə mübarizə ən vacib vəzifə olacaq: “Düzdür, həm ABŞ, həm də onun avropalı müttəfiqləri hələ də Suriyanın gələcəyində Əsədə yer olmadığını bildirirlər, amma mövqelərində ciddi yumşalmanın olduğu ortadadır. Artıq onlar Əsədin nəyin bahasına olursa-olsun hakimiyyətdən getməsi tələbini irəli sürmürlər və keçid dönəmində onun iştirakını mümkün sayırlar. Yəni Əsəd digər pis variantlarla – miqrantlar, terrorizm – müqayisədə daha az pis olan variantdır. Qərb mərkəzlərini ehtiyatlandıran əsas amillərdən biri də Əsədin layiqli alternativinin olmamasıdır. Yəni tutaq ki, Qərb Əsədin devrilməsində israrlı oldu və Əsəd getdi. Yerinə kim, hansı qüvvə gələcək? Bu qüvvə nə dərəcədə ölkəyə hakim olacaq? İraqdakı kimi bir boşluq, mərkəzdənqaçma meylləri yaranacaqmı? Bir sözlə, Əsəd sonrası Suriyanı təsəvvür edəndə xaos görünür, bu isə Qərbi qorxudur. Ona görə də onlar Əsədin bu mərhələdə öz yerində qalmasına etiraz etməməyi qərara alıblar. Digər tərəfdən, ABŞ üçün prioritet istiqamət Obama dövründə olduğu kimi, yenə Asiya-Sakit okean zonasıdır”.

Politoloq qeyd etdi ki, üstəlik, Obama dövründən fərqli olaraq, bu bölgədə Şimali Koreya problemi bütün ciddiliyi ilə ortaya çıxıb: “Bu məsələ ABŞ üçün həlli vacib 1 saylı xarici siyasət problemi halına gəlib. Həmin bölgədə ABŞ-ın uzunmüddətli maraqları baxımında başlıca problem isə Çin məsələsidir. Çin gələcəkdə ABŞ-ın hegemonluğuna meydan oxuya biləcək yeganə dövlət olduğu üçün Vaşinqton bu ölkənin indikindən daha artıq güclənməsinin qarşısını almaq niyyətindədir. Təsadüfi deyil ki, hazırda Trampın tapşırığı ilə onun aparatı Çinə qarşı mümkün iqtisadi sanksiyaların tətbiqi üzərində işləyir. İran məsələsi də ABŞ üçün yenidən aktuallaşmaqdadır. Başqa bir problem isə Rusiya məsələsidir. Trampın Rusiya ilə münasibətləri düzəltmək niyyəti Konqresin və dövlət aparatının sərt müqaviməti ilə üzləşdi, nəticədə Tramp əlacsız qalaraq qanunvericilər tərəfindən müəyyənləşdirən Rusiya siyasətini həyata keçirməyə başladı. Yəni sözümüzün canı odur ki, hazırda ABŞ üçün Suriyadan daha vacib problemlər var və Bəşər Əsədin iqtidarda qalıb-qalmayacağı məsələsi prioritetlər sıralamasında aşağı yerlərdədir. Avropa Birliyinə gəldikdə isə ABŞ-ın liderliyi olmadan onların hər hansı ciddi beynəlxalq problemin öhdəsindən gəlməsi mümkün deyil”.

musavat.com

Short URL: http://www.cumhuriyyet.net/?p=98782

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31