Şair Baba Vəziroğlu öz imzasından niyə imtina etdi?

25.11.2021 - 12:23

Böyük Füzuli hələ 500 il bundan əvvəl deyirdi ki, “aldanma ki, şair sözü əlbəttə yalandır.”  Təbii ki, yazanda güldən, bülbüldən, eşqdən-məşqdən, qəhrəmanlıqdan yazıb əməldə başqa türlü davranan şairlər elə Füzuli rəhmətliyin də dövründə az olmayıb. Yaşamağın yolunu yaxşı bilən belə şairlər elə o zaman da yağ-bal içində yaşayıblar, indi də. Füzuli kimi dərd əlindən dağa çıxanların aqibəti isə onda da “şikayətnamə” yazmaq idi, indi də…
Bu sətirləri yazmaqda məqsədim heç də “böyük Füzulimizin yadigarı mən özüməm” deyən şairlərimizin söz bostanına daş atmaq deyil. Neyləsinlər, onların çörəyi bundan çıxır. Amma hərdən elə məqamlar olur ki, dinməsən, yazmasan qələm adamın gözünə girir, klaviatura üzünə bozarır.
Bu günlərdə saytların birində şair Baba Vəziroğlunun məmurlar, onların harın  övladları haqqında dediyi fikirlərlə rastlaşdım. Şair o qədər qəzəblənib ki, icra başçılarının türməyə basılması ilə razılaşmır, onların kökünün kəsilməsini tələb edir. Şairin məmurlarla  münasibətlərinin o qədər də pis olmadığını, onlarla “Beytüs-səfa” məclislərində beytləşdiyini də məmləkətimizdə bilməyən yoxdur. Odur ki, birdən-birə icra başçılarının kökünün kəsilməsini tələb eləməsini sırf ilham pərisinin həmin gün istirahətdə olması ilə əlaqələndirərək keçirik əsas mətləbə. Belə ki, Baba müəllimin sözünün başına ip salmağımızın məqsədi heç də onun məmurları sərt tənqid eləməsi deyil. Düz eləyib onların kökünü kəsir. Çünki elələri var ki, onların etdiyi əməllərin cəzası elə şair deyəndi. Amma, Baba müəllimə bu məqamda bir hadisəni xatərlatmağı özümə borc bilirəm.
Şair yəqin ki, həmyerlisi Sakin Ağayevi tanımamış, daha doğrusu xatırlamamış olmaz. Çünki, Sakin bəyin başına Azərbaycan məhkəmələrində elə bir oyun açıblar ki, sorağı Qazaxıstandan belə eşidilir. Əlbir olub bir neçə məhkəmə işçisi bir fırıldaqçı ilə onun halal pulunu batırırlar. Nə var ki, Fikrət İbrahimov Ədliyyə naziri Fikrət Məmmədovun qohumudur və bu səbəbdən də ona gözün üstə qaşın, Sakin Ağayevə də borcun var demək olmaz. İllərdir ki, S.Ağayev bu barədə dərdini demədiyi adam, döymədiyi dövlət qapısı qalmayıb. Hətta ölkənin 35 nüfuzlu ziyalısı, elm xadimi, şairi də Sakin müəllimi müdafiə üçün Prezidentə müraciət ünvanlayıb…Həə, axır ki, gəlib çıxdıq şairlər demişkən gülün bülbülə naz elədiyi, zalım yarın aşiqini candan usandırdığı məqama. Çünki, o məhşur müraciətə imza atanlar arasında Baba Vəziroğlunun da mübarək imzası var idi. Şair ədalətsiz məhkəmə qərarlarından əzab çəkən,haqqı tapdalanan S.Ağayevi müdafiə etmək üçün məhşur müraciətə imza atmışdı. Bax bu əsl vətəndaş mövqeyi, şair təbiəti, ədalətin təntənəsi idi. Ta o vaxta qədər ki, Baba müəllimə bu gün kökünü kəsmək istədiyi məmurların birindən telefon zəngi gələnə qədər. İndi bilmirik o məmur şair ilə əruzun hansı bəhrində danışıb, amma bildiyimiz odur ki, bundan sonra Vəziroğlu müraciətdəki imzasından imtina edib. Sırf məmur özbaşınalığının, harınlığının qurbanı olan bir vətəndaşın, həmyerlisinin mövqeyini müdafiə etməyə gərək görməyib. İndi siz deyin, şairin hansı sözünə inanaq? Harın məmurların kökünü kəsmək istəməsinəmi, yoxsa onların bir zəngi ilə öz imzasından imtina etməsinəmi ?
Amma insafən müsahibəsində Baba müəllim bir dahiyanə fikir də işlədib. Şair deyib ki, cəmiyyətimizdə çürümə prosesi gedir. Bir də deyib ki, “Cahil adamlar bütün cəmiyyətlərdə olur, lakin tək-tük. Çünki qanun, dini qurumlar onların qarşısını alır. Əsas məqam isə ictimai qınaqdır. Bizdə isə həmin insanlara sevgi, hörmət bəslənilir, onlar da meydanda at oynadır.”
Şair, bəs niyə həmin cahillərdən birinə olan ictimai qınaq kompaniyasından geri çəkildiniz, imzanızı geri götürdünüz? Bəlkə ayağınız cəmiyyətin çürük yerinə düşüb, büdrəmisiniz?…
KAMAL

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=168384

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031