Ağsu Suvarma Sistemləri İdarəsindən müəmmalı boru əməliyyatı – VİDEO

16.02.2023 - 15:21

Ağsu rayonunun Bico kəndində baş vermiş bir olayla bağlı cumhuriyyet.az-a məlumat daxil olub. Məlumata görə, fevralın 14-də günorta saatlarında Ağsunun Bico kəndinin ərazisində yerləşən, mal-qaranın suvarılması üçün nəzərdə tutulan gölü su ilə təmin edən böyük diametrli dəmir borunu kəsib aparmaq istəyirlərmiş, lakin təsadüfən həmin ərazidə taxıl sulayan kənd sakini Famil Dadaşov avtogen qaynaqla borunu doğramaq istəyən, adını söyləməyən Ağsu sakininə mane olub. Bu barədə Bico kəndindən cumhuriyyet.az-a daxil olan müraciətdə deyilir. Müraciətdə bildirilir ki, kənd sakininin müdaxiləsini görən həmin şəxs əraziyə özbaşına gəlmədiyini, onu Ağsu Suvarma Sistemləri İdarəsinin müdiri Səfər Məmmədovun oğlanlarının gətirib düşürtdüklərini və borunu doğramağını tapşırdıqlarını söyləyib.
Sakinlərin verdiyi bilgiyə görə, qaynaqçı öz telefonu ilə Ağsu SSİ-nin müdiri Səfər Məmmədovun oğluna zəng edərək, F.Dadaşovla danışdırıb və məmur oğlu kənd sakininin adını soruşandan sonra, hədə şəklində “Orda gözlə, gəlirəm” deyib və telefonu söndürüb. Müraciətdə qeyd edilir ki, F.Dadaşov kənd bələdiyyəsinin sədri Südabə Mikayılovaya və bir neçə kənd sakininə günün günorta çağı olunan “mədəni oğurluq” barədə məlumat verdikdən sonra telefonla çəkiliş aparmağa başlayıb. Çəkilişi görən qaynaqçı Ağsu sakini oksigen balonlarını hadisə yerində qoyaraq, ərazidən uzaqlaşıb.

Sakinlərin cumhuriyyet.az-a göndərdiyi müraciətdə daha sonra bildirilir: “Əvvəlcə hadisə yerinə kənd bələdiyyə sədri gəldi və borunu doğramaq istəyən qaynaqçını, onun ləvazimatlarını və onları ordan aparmağa gələn ön və arxa dövlət nömrə nişanları açılmış “pikap”ı da gördü. Bələdiyyə sədri dedi ki, sürücünü də, yanındakını da tanıdım, su idarəsinin işçiləridir.
Ardınca əraziyə kənd icra nümayəndəsi Bəhlul Mahmudov, müavini, mühasibi və dörd kənd sakini də gəldi. Sonradan gələnlər də dövlət nömrə nişansız ağ rəngli “pikap” maşının ərazidən uzaqlaşdığının şahidi oldular. Kənd sakinləri polisə zəng etməyi məsləhət görsələr də, icra nümayəndəsi B.Mahmudov  “Sabah Səfər müəllimlə özüm danışaram” – deyərək, hadisə yerini tərk etdi. Lakin sakinlərlə bir yerdə olan bələdiyyə sədri S.Mikayılova Ağsu RİH-nin Ərazi idarəetmə və yerli özünü idarəetmə şöbəsinin müdiri Sənan Feyzullayevə zəng edib, hadisə ilə bağlı məruzə etdi. S.Feyzullayevsə maraqlanıb, məlumat verəcəyini söylədi. Sonradan bələdiyyə sədrinə “maraqlanma”nın nəticəsi olub-olmaması barədə heç bir məlumat verilməyib. Hazırda həm əlimizdə fotoşəkillər, həm video görüntülər var, həm də borunun düz dibinə qədər getmiş “pikap”ın şum üstündəki izləri durur”.
Kənd sakinlərinin icra nümayəndəsinə istinadən bildirdiyinə görə, sonradan Səfər Məmmədov Bəhlul Mahmudova zəng vurub və onların məsələyə aidiyyatı olmadığını bildirib. Sonda o da qeyd olunur ki, hadisənin qarşısını alan Famil Dadaşova həmin gün ərzində tanımadığı müxtəlif nömrələrdən durmadan zənglər gəlib, lakin tanımadığı üçün zənglərə cavab verməyib.
Kənd bələdiyyəsinin sədri Südabə Mikayılova saytımıza açıqlamasında su borularının kəsilməsinə imkan verilmədiyini bildirib:
“Məlumat gələn kimi dərhal hadisə yerinə getdim və onları sahədən uzaqlaşdırdım. Nömrəsiz maşın idi, bu səbəbdən hələ araşdırma gedir. Su borularını kəsmək istəyən şəxs su-kanal müdiri Səfər Məmmədovun oğlanlarının sifarişi ilə gəldiyini bildiriblər. Mən özüm onların qarşısını kəsdim, sahədə nə üçün gəzdiklərini soruşdum. Dedilər ki, “biz bura öz başına gəlməmişik”. Gələndə özləri ilə su borularını kəsmək üçün qaz balonları gətirmişdilər. Mən onlara yaxınlaşmaq istəyəndə qaçdılar. Kənd icra nümayəndəsi Bəhlul müəllim hadisə yerinə gəldi və telefonla olanları Səfər Məmmədova dedi. Səfər müəllim də hadisədən xəbərsiz olduğunu deyib. Bəhlul müəllimə dedim ki, hadisəni belə qoymaq olmaz, nömrəsiz maşının sahədə nə işi?!.
Məsələ ilə bağlı Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş çöbəsinin müdiri Sənan Feyzullayevə məlumat verilib”.
Bico kənd icra nümayəndəsi Bəhlul Mahmudovla da telefon əlaqəsi saxladıq. O da hadisənin baş verdiyini, hadisə yerində olduğunu təsdiqlədi və demək olar, bələdiyyə sədrinin söylədikləri ilə eyni məzmunda açıqlama verdi. Lakin müraciətdə cavabdeh tərəf kimi adı hallanan Ağsu SSİ-nin müdiri Səfər Məmmədovla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı.  Buna baxmayaraq, cavabdeh tərəfin mövqeyini dərc etmək hüququna hörmətlə yanaşırıq.
Hadisə ilə bağlı araşdırılma aparılıb-aparılmadığı barədə hər hansı məlumat əldə edə bilmədik. Maraqlıdır ki, hadisənin şahidi olan rəsmi şəxslər niyə bu barədə polisə məlumat verməyiblər?..

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=188278

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031