Elman Rüstəmov seçki hazırlığına toyuqlardan başlayır: “Səba” şirkətinin qiymətli aktivləri satışa çıxarılır
Uzun illərdir Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun biznes imperiyasının tərkib hissəsi kimi təqdim edilən “Səba” ASC-nin, deyəsən, ciddi maliyyə problemləri yaranıb.
“AzPolitika” xəbər verir ki, şirkətin səhmdarlarının 29 iyul tarixinə təyin edilmiş növbədənkənar ümumi yığıncağının gündəliyinə ASC-nin aktivlərinin bir hissəsinin satılması məsələsi salınıb. Buraya şirkətə aid torpaq sahələri, digər şirkətlərdəki payları və səhmləri daxildir.
Beləliklə, gündəlikdə duran məsələlər aşağıdakılardır:
1. “Səba” ASC tərəfindən emissiya edilmiş səhmlərin bir qisminin geri alınması haqqında.
2. “Səba” ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət “Chicken Pro.” MMC-nin nizamnamə kapitalındakı “Səba” ASC-yə məxsus payların satılması haqqında.
3. “Biləsuvar Aqro” MMC-nin nizamnamə kapitalındakı “Səba” ASC-yə məxsus payların satılması haqqında.
4. “Səba” ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət “Qarabağ Taxıl” MMC-nin iştirakçısı olduğu “Qarabağ Toxum” MMC-nin nizamnamə kapitalındakı paylarının satılması haqqında.
5. “Səba” ASC-nin mülkiyyətində olan Hacıqabul rayonu, Atbulaq kəndində yerləşən torpaq sahələrinin “Azerbrood” MMC-yə satılması haqqında.
Yuxarıda qeyd edilən iclasın gündəliyinə nəzər yetirdikdə “Səba”-nın çətin maliyyə durumuna düşdüyünə dair təsəvvür yaranır. Əks halda, şirkətin özünün əhəmiyyətli aktivlərini satması səbəbini izah etmək çətindir.
Bununla bağlı cumhuriyyet.az olaraq əlavə edək ki, digər bir ehtimal isə qarşıdan gələn parlament seçkiləri ilə bağlıdır. Belə ki, Azərbaycan Mərkəzi Bankının sabiq rəhbəri Elman Rüstəmovun Yeni Azərbaycan Partiyasının siyahısında yer alacağı, namizədliyi 120 Saylı Cəbrayıl Seçki Dairəsindən elan olunacağı haqda iddialar var. Ola bilər ki, Elman Rüstəmovun biznes imperiyasının tərkib hissəsi kimi təqdim edilən “Səba” ASC də bu səbəbdən əl dəyişir.
Short URL: http://www.cumhuriyyet.net/?p=202833