Mədəniyyət Nazirliyi turistləri ölkədən qaçırır
Azərbaycanda turizmin inkişafını sürətləndirmək, ölkənin daxili turizm potensialını dünya bazarına çıxarmaq, istər xarici, istərsə də daxili turistlərin diqqətini səfalı, gəzməli-görməli guşələrimizə cəlb etmək illərdir ki, mümkün olmur. Konkret olaraq bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bölgələr üzrə yol xəritəsi hazırlanmayıb. Bu səbəbdən yerli vətəndaşlar da turizm marşrutunu xaricə doğru müəyyənləşdirir və reallaşdırır. İllərdir ki, belədir. Yerli vətəndaşlar yeli turizmə maraq göstərmir. Bunun da əsas səbəbi yerli turizm marşrutlarında qiymətlərin münasib olmaması, hətta “cib yandıran” olmasıdır. Halbuki həmin qiymətə xarici ölkələrin birində rahat və daha yaxşı dincəlmək mümkündür.
Qeyd edək ki, ötən il Azərbaycandan 51 min nəfər turist Türkiyənin Antalya şəhərinə səfər edib. Antalyaya gedən Azərbaycan turistlərinin sayı 2016-cı illə müqayisədə 13% artıb. Belə ki, ötən il Antalyaya hava limanları ilə 184 ölkədən səfər edən turistlərin sayı, ümumilikdə, 10 mln. 486 min 191 nəfər olub. Bu isə 2016-cı ildən 57% artıqdır. Ən çox isə 3,796 mln. nəfərlə Rusiyadan gələnlər təşkil edib.
Sirr deyil ki, azərbaycanlı turistlərin diqqətini daha çox xarici ölkələr cəlb edir ki, bu sırada Türkiyə və Gürcüstan üstünlük təşkil edir. Cəlbedicilik təkcə həmin turizm bölgələrinin səfalı guşələrinin olması deyil, xidmət səviyyəsinin yüksək olması, göstərilən xidmət haqqının isə yerli turizm zonalarından fərqli olaraq daha ucuz olmasıdır. Ekspertlər hesab edir ki, Azərbaycanın turizm mərkəzlərində xidmət haqqı çox yüksəkdir. Həmin mərkəzlərə bir dəfə üz tutan turistlər xidmət bahalığından növbəti dəfə ora getmir. Ondan daha yüksək və münasib yerlərdə istirahət etməyə üstünlük verir.
Maraqlıdır, Azərbaycan turistlərini ölkəyə necə cəlb etmək olar? Milyardlarla vəsaitin ölkədə qalması üçün Mədəniyyət və Turizm Nazirliyi hansısa yol xəritəsi hazırlamağı düşünürmü?
“Cümhuriyət” qəzeti bu məsələni müzakirə etmək üçün Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat katibi Vüqar Şıxəmmədov ölkədən gedən turistlər deyil, ölkəyə gələn turistlərlə bağlı məsələ ilə məşğul olduqlarını deyib. Onun sözlərinə görə, açıqlama vermək üçün ölkəyə gələn turistlərin sayı haqda bilgilər olmalıdır. Yalnız bu şərtlə bizim suallara cavab verə bilər. Həmin statistika isə bu günlərdə mətbuata açıqlanacaq. Hər halda nazirlik rəsmisi fikrini belə izah edib.
“Şirkətə əmr etmək olmaz ki, qiyməti aşağı salsın”
Turizm üzrə ekspert Çingiz İsmayılov “Cümhuriyət” qəzetinə şərhində bildirib ki, turistləri ölkəyə cəlb etmək üçün ilk növbədə müvafiq marketinq işləri aparılmalıdır: “Bölgələr haqda məlumatları saytlarda yaymaq, bukletlər çap etmək lazımdır. Həmin şirkətlərin, turizm mərkəzlərinin, mütəxəssislərinin müxtəlif sərgilərdə iştirakını yaymaq lazımdır. Təbii ki, bu təbliğat işi olmadan insanlar bilmirlər. Heç bizim əhali belə mərkəzlərdən tam məlumatlı deyil. Ümumi bilirik ki, Qəbələ, Şahdağ, İstisu var. Böyük əksəriyyət yalnız bölgələri bilir, amma mərkəzləri bilmir. Hansı turizm mərkəzlərində necə qiymətlər və hansı üstünlüklər var, onlar geniş təbliğ olunmalıdır. Bunun üçün müxtəlif kütləvi informasiya vasitələrindən istifadə olunmalıdır. Ən çox isə televiziya vasitəsilə reklam edilməlidir, çölgələrə dair tematik çarxlar çəkilməli və verilməlidir. Bununla isə həmin şirkətlər məşğul olmalıdır ki, müəyyən yollarla turistləri ora cəlb etməlidirlər. Hər şeyi Mədəniyyət və Turizm Nazirliyinin öhdəsinə qoymaq düzgün deyil. Nazirlik öhdəlik daşımır ki, kommersiya şirkətlərini idarə eləsin. Bu şirkətlər gəlir hesabına yaşayır. O da maraqlı olmalıdır ki, hansı üstünlüklərə, servis və xidmətlərə, çeşidlərə görə turist cəlb edə bilsin. Bu rəqabətdir. Nazirlik bu məsələdə yalnız köməklik edə bilər. Amma təşəbbüskar şirkətlərin özləri olmalıdır. Özəl sektorda özünü düşünən yalnız özləri olur, dövlət isə sadəcə, köməklik edir”.
Ekspert əlavə edib ki, yerli turizm mərkəzlərində göstərilən xidmət haqqı olduqca bahadır: “Bunu da ilk növbədə şirkətlərin özləri düşünməldir. Əgər qiymətlər yüksəkdirsə, ora gəlməyəcəklər, yaxud da gələcəklərsə, yalnız bir dəfə… Bu bazar iqtisadiyyatıdır. Burada şirkətə əmr etmək olmaz ki, qiyməti aşağı salsın. Sadəcə, o şirkətlərin vergilər əsasında müəyyən olunur ki, gəliri nə qədərdir. Mətbuatda verilməlidir ki, bu şirkətin 12 ay ərzində gəliri və vergisi bu qədərdir. Yəni mətbuatda belə məlumatların yayılması o şirkətlərin nə qədər səmərəli olmasından xəbər verir. Bu rəqəmlər çap olunmalıdır. Çalışmaq lazımdır ki, Azərbaycana inkişaf etmiş ölkələrdən turistlər gəlsin. Biz ölkəmizin imicini Qərbdə də yaymalıyıq. Çünki ermənilər bizim əksimizə orada müxtəlif yalançı məlumatlar paylaşırlar. Bunun qarşısını almaq üçün Qərb turistlərini bura cəlb etmək lazımdır ki, əsl həqiqətləri öz ölkələrində yaysınlar. Bu həm iqtisadi, həm də siyasi mahiyyət daşıyır”.
Short URL: http://www.cumhuriyyet.net/?p=109621