İlham Şaban: “Neftin qiymətinin düşməsi heç kimə sərf etmir”
Dünya neft bazarında durumların dəyişəcəyi gözlənilir. Buna bazarın iki lideri olan Rusiya ilə Səudiyyə Ərəbistanı arasında yaranmaqda olan ittifaq səbəb ola bilər. Bu iki ölkə arasında yalnız neft sahəsində deyil, siyasi sahədə də əlaqələrin sürətlə genişlənməsi getdikcə daha çox diqqətləri cəlb etməkdədir. Dünya analitikləri, mətbu nəşrləri Rusiya-Səudiyyə birliyinin bilavasitə neft bazarındakı şist neft amilinə qarşı yönəldiyi qənaətindədirlər. Bu məsələyə həsr olunmuş analitik materiallarda da əsas vurğu məhz iki ölkənin ABŞ-ın neft bazarında söz sahibi olmasına qarşı fəaliyyətlərinə salınır.
Neft bazarındakı yeni düzən, yeni rəqabət Azərbaycan üçün nə vəd edir? Rusiya-Səudiyyə birliyinə digər ölkələrin, neft hasilatı yüksək olan İranın qoşulması mümkündürmü? Sualları “Yeni Müsavat”a cavablandıran neft sahəsi üzrə ekspert, Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban deyir ki, 2009-cu ildən sonra ABŞ-da şist neft hasilatı artmağa başlayıb: “2008-ci ildə ABŞ-da şist neft hasilatının maya dəyəri 189 dollar idi. 2015-ci ildə bu məbləğ 40-50 dollara düşüb. Bu gün isə elə yataqlar var ki, maya dəyəri 35 dollardır. Ona görə ki, kapital xərclərinin hamısı qarşılanıb, yalnız əməliyyat xərcləri qalıb. Neftin qiyməti 50 dolları ötən kimi ABŞ başlayıb neft hasilatını yüksək sürətlə artırmağa. 2017-ci il noyabrın yekunlarına görə, 70-ci ildən sonra gündəlik hasilat 10 milyon bareli keçib. Bu ilin sonunadək bu həcmin 10,3 milyon barelə çatdırılması nəzərdə tutulur”.
Ekspert deyir ki, 2014-2016-cı illərdə Səudiyyə neft bazarında istədiyinə xeyli dərəcədə nail olmağı bacarıb: “Məqsəd ucuz neft qiymətləri ilə şist neft hasilatını gəlirsiz etmək və azalmasına nail olmaq idi. Həqiqətən də 2015-ci ildə, 2016-cı ilin sentyabr-oktyabrınadək Amerikada quyuların sayı getdikcə azalırdı. Başqa bir məsələyə də baxaq. Bu il başlayandan neftin orta qiyməti 65-70 dollar dəhlizindədir. Vahid Ələkbərovun dili ilə desək, bu qiymət bazar iştirakçıları üçün əlverişlidir. Lakin bəzi oyunçular hasilatı artırmağa can atırlar ki, bu da neftin qiymətinin ziqzaqvari hərəkətinə gətirib çıxaracaq ki, bu da oyunçular üçün ciddi çətinliklər yaradır. Vahid Ələkbərov Davosda bu barədə danışarkən bildirmişdi ki, belə qiymət dəyişmələri nə hasilatçılar üçün, nə də istehlakçılar üçün yaxşı nəsə vəd edir. Yəni heç kim gəlirini-xərcini planlaşdıra bilmir, çünki qiymətlər sürətlə dəyişir. Buna görə də Səudiyyə və Rusiya neftin indiki qiymətlərdə qalmasını təmin etməyə çalışırlar. Lakin Amerika durmadan hasilatı artırır”.
İ.Şaban bildirir ki, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu kimi qurumların 2018-ci il üzrə dünya ÜDM-dəki artımla bağlı gözləntiləri pozitivdir: “Çində də, Avropada, üçüncü dünya ölkələrində istehlak sürətlə artır. Nəqliyyat sektoru yüksək sürətlə inkişaf edir. Bu o deməkdir ki, dünyada enerjidaşıyıcılarına tələbat da artacaq. Yəni tələbatın 1-1,5 milyon barel artması gözlənilir. Bu şəraitdə ABŞ-ın 300 mini elə də böyük rəqəm deyil, əgər OPEK+ razılaşmasına əməl olunsa. Hətta razılaşmaya qoşulan ölkələrin bəzilərinin kvotanı aşması da təhlükəli sayılmır. Məsələn, Qazaxıstanın ”Kaşaqan” yatağı istifadəyə verilib, bu ölkə 2018-ci ildə hasilatı 10 milyon barel artırmağı planlaşdırır”.
Ekspertin dediyinə görə, ötən il neftin qiymətinin artmasından Rusiyanın gəliri 47 milyard dollar, Səudiyyə Ərəbistanınınkı isə 30 milyard dollar artıb: “İndiki qiymətlər bu iki ölkəyə o qədər sərf edir ki, onu aşağı salmaları real görünmür. Əlbəttə, hasilatı hərəyə 1 milyon barel artırmaqla qiyməti aşağı sala bilərlər. Amma bununla, əvvəla, öz hasilat xərclərini artırıb, gəlirlərini azaldacaqlar. ABŞ istehsalçıları isə çevik hərəkət etməyə alışıblar artıq. Qiymət düşən kimi quyuların ağzını bağlayıb bahalaşmanı gözləyəcəklər. Bu baxımdan, Rusiya və Səudiyyənin qiymətləri salmağa çalışacaqlarını real saymıram. Ən azı, kommersiya baxımından bu, çox uğursuz addım olar”.
İranın proseslərə təsirinə gəlincə, ekspert deyir ki, hələlik Cənub qonşumuz belə imkanlara malik deyil: “Çünki İranın hasilatı artırmağa maddi imkanları – kapitalı yoxdur. Burada yalnız xarici şirkətlərlə işbirliyindən söhbət gedə bilər. Hansı ki, İranın 2015-ci ilin noyabrında xarici şirkətlər üçün açıqladıqları şərtlər kifayət qədər ağırdır. Buna görə də İran son vaxtlar 30-dək şirkətlə danışıqlar apardığını elan etsə də, yalnız bir müqavilə imzalanıb – ”Cənub Pars” qaz yatağı üzrə “Total” şirkəti ilə xidmət müqaviləsi”.
Azərbaycanın neft bazarındakı rəqabətdən qazanclı və zərərlə çıxması isə qiymətlərdən asılıdır: “Aydın məsələdir ki, Azərbaycanın dünya neft bazarındakı proseslərə təsir imkanları heç vaxt olmayıb. Biz ancaq ki, neftin qiymətinin artması prosesindən qazanc əldə edirik. Necə ki, keçən il qiymətlərdəki 50 faizlik artım ”Azəri-Çıraq-Günəşli” yatağından dövlətin əldə etdiyi gəliri 1,2 milyard dollar artırdı”.
Dünya SAKİT,
Short URL: http://www.cumhuriyyet.net/?p=114299