Maliyyə amnistiyası yenidən gündəmdə

06.08.2019 - 11:37

Əkrəm Həsənov: “Bu iqtisadiyyata ancaq müsbət təsir edə bilər, çünki…”

Uzun illərdir ölkədə maliyyə amnistiyasının verilməsi gündəmə gətirilir, Milli Məclisdə bu istiqamətdə müzakirələr gedir. Lakin hələ də məsələnin həlli ilə bağlı konkret addımlar atılmayıb. Növbəti dəfə bu mövzunu deputat Fazil Mustafa “AzPolitika.info”-ya müsahibəsində gündəmə gətirib. O bildirib ki, qanuni ya qanunsuz yolla toplanaraq xaricə aparılmış vəsaitlər üzərində amnistiyanın tətbiqi ölkənin investisiya mühitinə müsbət təsir edərdi.

Sitat: “İlk növbədə maliyyə amnistiyası vermək lazımdır. Maliyyə amnistiyasi verməyincə, hamı qorxub pulunu ortaya çıxarmayacaq. Maliyyə amnistiyası verdikdən sonra ola bilsin ki, birinin maddi vəziyyəti digərindən qat-qat üstün olacaq, amma qabiliyyət imkanları sıfırlananda daha qabiliyyətli az vəsaitlə qısa müddətdə böyük xariqələr yarada bilir. Amma rəqabətsiz mühitdə milyardlar qazanan adam rəqabət mühitində qazandığını itirmiş ola bilər. Bu, bazar iqtisadiyyatının əlifbasıdır. Biz gerçək bazar iqtisadiyyatına keçməliyik. Qanuni, qanunsuz yolla kim nə toplayıbsa, amnistiya tətbiq edirsən və deyirsən ki, pulunu xaricdən gətir, qoy öz ölkənə. Və buna görə məsuliyyət daşımırsan, məhkəmə də qarantiya verir. Beləcə, onlar pulu gətirib sərmayə kimi qoyurlar və başqa qaydalarla işləməyə başlayırlar. Yəni ancaq vergini tanıyır və vergi xaricində heç bir qurumu tanımır. Ondan sonra görün ölkə qısa müddətə neçə çiçəklənəcək. Hər halda onların 50 faizinin kapitalını gətirib qoyması kifayət edər”.

Əkrəm Həsənov ile ilgili görsel sonucu

Bəs görəsən, digər iqtisadçı ekspertlər və deputatlar bu barədə nə düşünür? İndiki halda maliyyə amnistiyasının verilməsi ölkəmizə nə vəd edir?

Qeyd edək ki, deputat Vahid Əhmədov da uzun illərdir ki, maliyyə amnistiyasının verilməsinin vacibliyindən danışır. Deputat açıqlamalarında bildirir ki, vəsaitlərini xaricə çıxaran məmurların  pullarının Azərbaycana gətirilməsinin vaxtı çatıb: “Həmin vəsaitlər Azərbaycanda investisiya şəklində ictimai-siyasi həyatın inkişafında istifadə olunmalıdır. Amma bunun üçün ilkin olaraq qanun layihəsi hazırlanmalıdır. Qanun elə şəkildə hazırlanmalıdır ki, maliyyə amnistiyası veriləndə həmin vəsait yalnız və yalnız Azərbaycanda iqtisadi inkişafa xidmət etsin, başqa məsələlər üçün istifadə edilməsin. Ancaq  maliyyə amnistiyası veriləndə o adamdan bu vəsaiti harada, necə qazanması soruşulmur. Maliyyə amnistiyası verilən zaman həmin vəsaitin ofşor ya da qeyri-bir zonadan gətirilməsi o qədər əhəmiyyət kəsb etmir. Amnistiya verilir və həmin pullar ölkəyə gətirilir”.

İqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, maliyyə amnistiyası iqtisadiyyata ancaq müsbət təsir edə bilər: “Mən maliyyə amnistiyası ifadəsini daha geniş mənada baş  düşürəm. Ümumiyyətlə, kimin əlində mənbəyi, mənşəyi bilinməyən əmlak varsa, qanuni əsası olmayan əmlak varsa, onlar leqal elan oluna bilər. Söhbət yalnız maliyyə amnistiyasından getmir. Xeyli adam var ki, onların qanuni əsası olmayan tikililəri var. Onların hər birini dövlət tanımalıdır. Onlar hər biri gəlib əmlakının siyahısını dövlətə təqdim etməli və deməlidir ki, əlimdə bunlar var. Dövlət ilk növbədə həmin əmlakın dəyərinin məsələn, 10 faizi həcmində vergi tələb edə bilər və buradan qazana bilər. Bu rəqəm fərqli də ola bilər. Qanun da həmin şəxsə zəmanət verəcək ki, heç kəs heç zaman ondan həmin maliyyənin mənbəyini soruşa bilməz. Həmin şəxslər vəsaitlərini ölkə daxilində yerləşdirə bilərlər, ondan gəlir götürə bilərlər, övladlarına saxlaya bilərlər”.

İqtisadçı hesab edir ki, bu vəsaitdən xaricə valyuta axını  olsa da, müəyyən hissəsi ölkədə qalacaq: “Əlbəttə ki, bu vəsaitin bir qismi xaricə də gedə bilər. Ancaq xaricə onsuz da gedir, qarşısını almaq mümkün deyil. Artıq bu insanların bir çox xaricə vəsait çıxararkən belə etibar etmirlər. Zamirə Hacıyeva işində biz onu da gördük ki, xaricə yerləşdirilən vəsaitlərə də təminat yoxdur. Sabah onlar da əllərindən alına bilər. O mənada həmin vətəndaşlar da istəyərlər ki, vəsaitlərinin müəyyən hissəsini ölkə içində saxlasınlar. Bu da istər-istəməz ölkəni iqtisadi inkişafa aparacaq. Vaxtilə ABŞ niyə inkişaf etdi? Çünki orada yaşayanların hamısının əmlakı tanındı. Orada kim hansı torpağı tuturdusa, istifadə edirdisə dövlət onu tanıyırdı və vətəndaş həmin torpaqdan qanuni şəkildə istifadə edirdi. Bu gün Azərbaycanda bir çox daşınmaz əmlak, otellər, hündür binalar və sairin heç  yerdə qeydiyyatı yoxdur. Bununla da inkişaf mümkün deyil. Həmin əmlak üzərindən kredit götürə bilmir, girov qoya bilmir”.

Ə.Həsənovun sözlərinə görə, amnistiyadan sonrakı dövr üçün yol verilən maliyyə cinayətləri üçün cəzalar da müəyyən olunmalıdır: “İqtisadiyyat orada inkişaf edir ki, iqtisadi cəhətdən fəal olan vətəndaşlarda  əmlaklarının, bizneslərinin əlindən alınmayacağı ilə bağlı əminlik  hissi olsun. Maliyyə amnistiyası da ilk növbədə bunu təmin edəcək. Maliyyə amnistiyasımnın bir üstünlüyü də odur ki, həmin qanun bundan sonra edilə biləcək bütün maliyyə pozuntuları ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutacaq, kim buna yol versə cəzasını alacaq. Bu məsuliyyətin olması da gələcəkdə baş verəcək maliyyə cinayətlərinin qarşısını alacaq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=131675

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930