Qarşıdurma olacaqmı?… – Milli Şuranı toqquşmaya vadar edən 2 səbəb…

18.10.2019 - 17:16

Hər bir ölkə üçün normal, sivil siyasi mübarizə mühitinin və dayanıqlı daxili siyasi sabitliyin mövcudluğunun nə qədər önəmli olduğunu xüsusi vurğulamağa yəqin ki, ehtiyac yoxdur. Xüsusilə də mürəkkəb geosiyasi proseslərin baş verdiyi bölgədə yerləşən Azərbaycanın qeyd etdiyimiz hər iki amilə böyük ehtiyacı var.

Lakin gün keçdikcə daxili siyasi sabitliyə yönələn həmlələrin çoxaldığını və bu zaman inkişaf etməkdə olan, demokratik sistemi oturuşmamış hər bir dünya ölkəsində olduğu kimi, Azərbaycanda da mövcud olan siyasi azadlıqlarla bağlı problemlərdən sui-istifadə edildiyinin şahidi oluruq. Bunun, yumşaq desək, Azərbaycana dost olmayan qüvvələrin əlində ölkəmizə qarşı siyasi təzyiq vasitəsinə çevrilməsi isə beynəlxalq siyasi arenada qətiyyən dövlətimizin xeyrinə işləmir.

Əslində, oktyabrın 8-də Milli Şuranın Bakının mərkəzində piket keçirməsinə icazə verməklə, siyasi hakimiyyət sözügedən qüvvələri belə bir bəhanədən məhrum etməyə nail oldu. Çoxları üçün gözlənilməz olan bu qərar əsas etibarilə rəğbətlə qarşılandı və siyasi hakimiyyətin özünə inamının yüksək səviyyədə olduğunu göstərdi. Ardınca həmin aksiyada polisin kifayət qədər peşəkar və qanun çərçivəsində davranışı isə həm cəmiyyətin, həm də siyasi hakimiyyətin sivil siyasi mühitin yaranmasında maraqlı olduğuna və bunun üçün potensialın mövcudluğuna dair ümid yaratdı. Siyasi hakimiyyətin və xüsusilə polisin qərar və davranışlarının effekti o qədər yüksək və təqdirəlayiq oldu ki, hətta AXCP sədri Əli Kərimli də bunu etiraf etməyə məcbur qaldı. “Polis peşəkar davrandı”, – illərlə hakimiyyətin xeyrinə ağzından bir söz eşitmədiyimiz Kərimli qeyd etdi.

Belə ki, sözügedən aksiya zamanı hər hansı qeyri-adekvat güc tətbiqinə demək olar ki, rast gəlinmədi, hətta yardıma ehtiyacı olan, səhhətində problemlər yaranan vətəndaşlara kömək göstərildi. Bəzən açıq-aşkar təxribat xarakterli hərəkətlərə yol verən şəxslərə qarşı belə, mümkün qədər dözümlü münasibət göstərildi və son zamanlar xalqın polisə münasibətinin müsbət yöndə dəyişməsinə yönələn addımlara dair səsləndirilən tezislərin heç də təsadüfi olmadığı qənaəti yarandı.

Lakin burada bir məqamı mütləq şəkildə nəzərə almaq lazımdır. Belə ki, polisin 8 oktyabr piketi zamanı dözümlü və hətta çox da alışmadığımız nəzakətli davranışı əsasən onunla bağlıydi ki, həmin aksiya icazəli idi! Yəni ki, icazəli, razılaşdırılmış aksiya polisi də həmin aksiyanın statusuna uyğun fəaliyyət göstərməyə vadar etdi. Əksinə, razılaşdırılmamış, qanunla qadağan edilən aksiya isə bu dəfə polisi tam fərqli, yəni qanundan kənar əmələ adekvat davranmağa məcbur edəcək. Yəni Milli Şuranın oktyabrın 19-na – sabaha planlaşdırdığı razılaşdırılmamış aksiyaya polisin adekvat münasibət göstərəcəyinə heç bir şübhə yoxdur. Necə ki, icazəli aksiyada ictimai asayişi və aksiya iştirakçılarının təhlükəsizliyini təmin etmək qanunla polisin borcudur, eləcə də qanunsuz aksiyanın qarşısının qanun çərçivəsində alınması da onun görəvidir. Bütün normal ölkələrdə belədir. Əminliklə demək olar ki, bu gün Azərbaycanda hakimiyyətə can atan bütün siyasi qüvvələr də arzu edir ki, onlar hakimiyyətə gələrlərsə, ictimai asayişin qorunmasına cavabdeh olan orqanlar birmənalı şəkildə əmrə tabe olsunlar (Əmrin qanuni, ya qanunsuz olmasından asılı olmayaraq), qanunun tələbinə şərhsiz əməl etsinlər. Polis siyasi hakimiyyət qolunun verdiyi qərarları mühakimə etməməlidir. Necə ki, YAP hakimiyyəti dövründə, Mütəllibov və Elçibəy hakimiyyətləri dövründən fərqli olaraq, həmişə belə olub. Sabah da belə olacaq.

Əslinə baxsaq, təbii ki, ölkəmiz nə demokratiya tarixi, nə də mövcud siyasi şərtlər baxımından Fransa, yaxud İspaniya ilə müqayisə ediləcək səviyyədə deyil. Lakin elə bu yaxın aylar və günlərdə hətta demokratiya nümunəsi sayıla biləcək adlarını çəkdiyimiz bu tip ölkələrdə belə toplaşmaq azadlığı ilə bağlı ciddi problemlərin mövcud olduğunun, bu ölkələrdə də polisin məhz icazəsiz aksiyalarda vətəndaşlara qarşı bəzən hətta əndazəni aşan dərəcədə güc tətbiq etdiyinin, həbslərin şahidi olduq.

Təbii ki, mitinqlər, piketlər və digər kütləvi aksiyalar siyasi mübarizənin elementləri kimi normal qarşılanmalıdır. Və çox yaxşı olardı ki, hakim və müxalif siyasi qüvvələr bu məsələdə ortaq məxrəcə gələrək, belə aksiyaların icazəsiz, qanundan kənar formada keçirilməsinə zəmin yaratmasınlar. Məsələn, bəlkə də mitinq üçün Bakıdan xeyli kənarda, Lökbatanda deyil, mərkəzdən çox da uzaq olmayan digər rayonlarda, əhalinin və nəqliyyatın hərəkətinə mane olmamaq şərtilə, ərazi ayırmaq olardı. Yaxud da mitinqin təşkilatçıları bilərəkdən siyasi qarşıdurmaya getməmək üçün icazəsiz aksiya qərarını verməyə də bilərdilər. Nəzərə alsaq ki, hazırda ölkə gündəmində hər hansı bir seçki, yaxud digər mühüm siyasi hadisə gözlənilmir, istər-istəməz icazəsiz aksiya qərarı verənlərin sadəcə qarşıdurmada və gərginlik yaranmasında maraqlı olduğu qənaəti yaranır. Bu maraq hardan qaynaqlanır, dəqiq demək çətindir. Lakin çox böyük ehtimalla, Əli Kərimlinin gözlənilmədən şəhərin mərkəzinə razılaşdırılmamış aksiya təyin etməsi, yəni qarşıdurma yolunu seçməsi 2 amillə bağlıdır.

Birincisi, Milli Şura bu addımı əməkdaşlıq içində olduğu xarici müttəfiqlərin təhriki ilə atır.

İkincisi, Əli Kərimli hakimiyyət daxilində aparılan kadr dəyişikliklərindən, islahatlardan narazı düşən, Prezident Əliyevin də qeyd etdiyi kimi, bu islahatların qarşısını almağa çalışan mühafizəkar qüvvələrin təsiri altında bu qərarı verib, yaxud da qarşıdurma mühiti yaratmaqla, hələ müşahidə mövqeyində duran bu qüvvələrin diqqətini özünə cəlb etmək, onları hərəkətə keçməyə təhrik etmək istəyir.

Bu baxımdan, heç şübhə yoxdur ki, Azərbaycan polisi 8 oktyabrda nə qədər təmkinli idisə, sabah bir o qədər də sərt olacaq və razılaşdırılmamış aksiyanın qarşısı alınacaq. Hətta demək olar ki, indidən alınıb – Milli Şuranın yüzlərlə aktivistinin artıq nəzarətə götürüldüyü haqda məlumatlar gəlir.

Elə Milli Şuranın 19 oktyabrda “28 may” metrostansiyasının qarşısına təyin etdiyi icazəsiz aksiya ilə bağlı DİN və Baş Prokurorluğun yaydığı müraciətdə də xüsusi vurğulanır ki, iştirakçılara qarşı qanunun nəzərdə tutduğu bütün sərt tədbirlər görüləcək.

Bizə isə yalnız ümid etmək qalır ki, həm bu aksiyanın təşkilatçıları və onda iştirak etmək istəyənlər, həm də onun qarşısını almaq görəvi daşıyanlar reallığı nəzərə alaraq, ölkəmizin beynəlxalq imicinə zərbə vuracaq qarşıdurmanın yaranmasına şərait yaratmayacaqlar.

“AzPolitika.info”

 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=134903

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930