“BAĞLANMIŞ BANK YAĞLI TİKƏDIR, ƏMLAKINI DA TALAMAQ LEŞYEYƏN MƏMURUN…” – Ekspertdən ŞOK ittihamlar

05.05.2020 - 14:44

Birneçə gün əvvəl Azərbaycan Mərkəzi Bankı tərəfindən 4 bankın – “Amrahbank”, “NBC Bank”, “Ata Bank” və “AGBank”-ın bağlanmasına və onlardan ikisinin lisenziyasının ləğv edilməsinə dair verilən qərar ölkənin bank sektoruna olan zəif inamı bir qədər də sarsıtmış oldu. Bu bankların əmanətçiləri və onlarda depozitləri olan biznes subyektləri olduqca çətin duruma düşdü. Təcrübə göstərir ki, əksər hallarda bu şəxslər banklardakı vəsaitlərini geri ala bilmirlər və həm onlara, həm də dövlətə böyük ziyan dəymiş olur. Bununla yanaşı, həmin banklarda çalışan 100-lərlə, hətta minlərlə vətəndaşımız işsiz qalır və ümumilikdə bu proses cəmiyyətdə böyük narazılığa səbəb olur.

Bəs bu durumun yaranmasına görə kimlər məsuliyyət daşıyır, bankların müflis elan olunması və ləğvi kimlərin ziyanına və kimlərin xeyrinədir?

“AzPolitika.info” xəbər verir ki, bu məsələ ilə bağlı bankçılıq üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov öz sosial şəbəkə səhifəsində ətraflı və maraqlı izahat verib.

Ekspert qeyd edib ki, ilk növbədə bank qanunvericiliyindəki çatışmazlıqlar Mərkəzi Bankın heç kimlə hesablaşmadan istədiyini etməsinə şərait yaradır: “Bank qanunvericiliyimiz bilərəkdən elə tərtib olunub ki, Mərkəzi Bank banklara qarşı istədiyini edə bilər. Heç kəsə də hesabat verməli deyil. Sadəcə deyir ki, ay nə bilim, filan bank filan normativi (kapital və s.) pozub və s. Eyni normativi pozan digər banka qarşı isə heç nə etməyə də bilər. Yəni istədiyi ayrı-seçkiliyə yol verə bilər. Nəinki ictimaiyyət, heç hökumət də, bir qayda olaraq, Mərkəzi Bankın arqumentlərini tam başa düşmür. Mərkəzi Bankın bəyanatları məhz bilərəkdən qəliz yazılır ki, heç kəs onları başa düşməsin. Əlqərəz, özünüzü avam və kütbeyin hesab etməyin. Sadəcə sizləri avam yerinə qoymaq istəyənlər var…”

“Mərkəzi Bank vəzifəsini dürüst və vicdanlı icra etsə, heç bir bank müflisləşməz”

Ə.Həsənov bankların müflis olmasını əsas etibarilə Mərkəzi Bankın bank sektorunda vaxtında və düzgün nəzarət tədbirləri həyata keçirməməsilə əlaqələndirir: “Mərkəzi Bankın işi ondan ibarətdir ki, banklara elə nəzarət etsin ki, əmanətçilərin pulunu göyə sovurmasınlar. Əks halda, bank müflisləşir (əmanətləri qaytara bilmir) və əmanətçilərin pulu batır. Mərkəzi Bank vəzifəsini dürüst və vicdanlı icra etsə, heç bir bank müflisləşməz. Necə ki, məsələn, Almaniyada onilliklərdir ki, heç bir bank müflisləşmir. Bizdə isə məsələn ən iri bankımız “Bank Standard” müflisləşəndə məlum oldu ki, borcu qalıq əmlakından 6 (!) dəfə çoxdur və 1 mlrd. manatdan çox vəsait talan edilib. Mərkəzi Bankın, habelə bankı audit etmiş KPMG-nin isə guya bundan xəbəri olmayıb…

Mərkəzi Bankın burada əsas vəzifəsi müflis bank və likvidlik problemini yaşayan bank arasında fərqi müəyyən etmək və ictimaiyyətə hər qərarını bu prizmadan geniş açıqlamaqdır (daha bizdəki kimi qısa və anlaşılmaz bəyanatlar verməli deyil). Birinci tip bankı bağlamaq, ikinciyə isə kredit vermək lazımdır. Bəzən isə hətta müflis banka da dövlət yardım edə bilər. Məsələn, necə ki, bir neçə il əvvəl dövlətimiz Beynəlxalq Banka 3 mlrd. dollardan çox pul bağışlayaraq onu müflislikdən xilas etdi. Ona görə ki, bu bank o qədər böyükdür ki, bağlanması bütövlükdə bank sistemimizi çökdürə bilərdi.Belə banka “sistem əhəmiyyətli bank” deyilir.

2016-cı ildə “Bank Standard” da sistem əhəmiyyətli bank elan olunmuşdu, dövlət onu xilas etmək üçün yüz milyonlarla vəsait ayırdı, amma yekunda bankı bağladılar. Ayrılan pullar hara getdi – Allah bilir!”

“Hətta sağlam bankı bağlatdırmaq olar ki, sonradan onun əmlakını rahat talaya biləsən”

Daha sonra ekspert olduqca maraqlı məqama toxunur – bankların ləğvi prosesi və bundan kimlərin qazanc, kimlərinsə ziyanla çıxmasına: “Bağlanmış bank yağlı tikədir, onun olan-qalan əmlakını da talamaq bir sıra leşyeyən məmurun arzusudur. Buna görə də hətta sağlam bankı bağlatdırmaq olar ki, sonradan onun əmlakını rahat talaya biləsən. Məhz buna görə də Mərkəzi Bank bankı bağlayanda qərarını ətraflı əsaslandırmalıdır ki, həqiqi niyyətlərinə dair şübhələr yaranmasın.

Məsələn, 4 il əvvəl hazırda da müvəqqəti inzibatçı təyin olunmuş “NBC Bank”ı bağlamışdı. Bir neçə gün sonra isə lisenziyasını bərpa etmişdi. Deməli, bizim Mərkəzi Bankın qərarlarına tam etimad yoxdur, əsl niyyətini bilmək olmur. Yeri gəlmişkən, istisna deyil ki, “NBC Bank” məhz ondan sonra özünə gələ bilmədi.

Axı bağlanmış sağlam bank belə panika nəticəsində müştərilərini itirə və zəifləyə bilər. Bu baxımdan da Mərkəzi Bankın qərarlarının səhv olduğunu sonradan sübut etmək çox çətindir. Hər hansı banka dair sərt addım və bunun ictimailəşdirilməsi həmin banka etimadı sarsıdır. Nəticədə sağlam bank da xəstələnə bilər. Buna görə də qanunvericiliyə əsasən Mərkəzi Bankın İdarə Heyətində iki kənar üzv olmalıdır ki, onun üzərində ictimai nəzarət olsun. Lakin təəssüf ki, həmin vəzifələr vakantdır və Mərkəzi Bankın üzərində heç bir nəzarət yoxdur. Hətta Hesablama Palatası da onu indiyədək yoxlamayıb. Yoxlasa, Allah bilir, oradan nələr çıxar…”

“Uduzan müştərilər və dövlət, udan isə fırıldaqçı məmurlardır”

Əkrəm Həsənov bankların ləğvi prosesində Mərkəzi Bankla yanaşı Əmanətlərin Sığortalanması Fondunun(ƏSF) da xüsusi “xidmətlərinin” olduğunu qeyd edir: “Deməli, Mərkəzi Bank bankın lisenziyasını ləğv edir və onun müflis elan olunması üçün məhkəməyə müraciət edir. Məhkəmə də heç məsələyə varmadan (başı çıxmır onsuz da!) bankı dərhal müflis elan edir və Əmanətlərin Sığortalanması Fondunu (ƏSF) bankın ləğvedicisi təyin edir.

Ləğvedici kimi ƏSF-in işi ondan ibarətdir ki, bankın əmlakını satsın və verdiyi kreditləri qaytarsın. Əldə etdiyi bütün vəsaiti ƏSF bankın kreditorları, yəni orada pulu qalmış şəxslər arasında mütənasib bölüşdürməlidir. Lakin ilk növbədə 3 ay ərzində ƏSF bankdakı sığortalanmış əmanətləri vətəndaşlara qaytarmalıdır.

Bundan sonra ƏSF özü də həmin bankın kreditoruna çevrilir, yəni xərclədiyi pulu bankın əmlakından götürmək hüququ qazanır. Özü də onun bu tələbi birinci növbəlidir. Yəni bankın satılan əmlakından və qaytarılan kreditlərindən ilk növbədə pulunu ƏSF götürür. Daha sonra, ƏSF gördüyü işlər üçün xərclərini də bankın vəsaitindən götürür.

Yalnız bundan sonra bankın işçilərinin əmək haqqı, sonra isə dövlətə olan borc (vergi və s.) ödənilir. Nəhayət, sonuncu növbədə bankda qalan sığortalanmamış əmanətlər və sahibkarların pulu qaytarılmalıdır. Amma, bir qayda olaraq, onlara artıq heç nə çatmır…

ƏSF-in ləğvedici olmasının özü absurddur. Çünki onun işi əmanətləri sığortalamaqdır, ləğv etmək yox. ƏSF eyni zamanda həm kreditor, həm də ləğvedici olanda burada maraqlar konflikti var: aydın məsələdir ki, ƏSF-i ilk növbədə özü maraqlandırır, digər kreditorlar yox…”

“Ləğv olunan bank qohum-əqraba, tanışlar üçün yaxşı iş yeridir…”

Ekspert qeyd edir ki, Mərkəzi Bank və ƏSF-nin bankların ləğvilə bağlı fəaliyyəti sıravi vətəndaşlara və dövlətə olduqca baha başa gəlir. Ə.Həsənov hətta bildirir ki, ƏSF hazırda bağlanmış banklara borcu olan istədiyi şəxsin borclarını bağışlaya da bilir: “ƏSF istədyini edə bilər və bir çox hallarda edir də! Məsələn nə?

ƏSF-in rəhbərliyi nəinki ƏSF-in maraqlanı, hətta öz şəxsi maraqlarını da güdə bilər. Çünki kreditorlara tabe deyil. Üzərində adekvat inzibati nəzarət də yoxdur. Buna görə də ƏSF ləğv prosesinin tez bitməsində belə maraqlı olmaya bilər. Ləğv olunan bank qohum-əqraba, tanışlar üçün yaxşı iş yeridir, ən azı işsizliyin baş alıb getidyi dönəmdə. Daha sonra şişirdilmiş xərclərdən (inzibati və s.) yaxşı “otkat” götürə bilər. Eyni ilə bankın əmlakını da dəyər-dəyməzə satıb yaxşı “otkat” götürə bilər.

Nəhayət, banka borcu olanlarla sövdələşib rüşvət müqabilində onlara məhkəmə işlərini uduza bilər, güzəştlər edə bilər. Yəni görməli olduğunun əksini edə bilər: banka daha çox pul gəlməsi əvəzinə öz şəxsi cibinə yaxşı pulun gəlməsini təmin edə bilər. Yeri gəlmişkən, ƏSF hazırda bəzi borcları hətta istədiyi şəxsə bağışlayır da! Başqa pozuntu və sui-istifadə halları üçün də geniş şərait var. Bəzilərindən geniş istifadə olunur da!

Yekunda uduzan yalnız müflis bankların kreditorları deyil. Həm də dövlətdir. Geniş mənada ona görə ki, bank sisteminə etimad sarsılır. Dar mənada isə dövlər ƏSF-in səmərəsiz fəaliyyəti nəticəsində zərərə məruz qalır. Axı ƏSF-in heç dövlət marağı da yoxdur ki, daha çox pul toplasın. Çünki bilir: əmanətləri qaytarmaq üçün pul çatmayanda pulu büdcədən istəyəcək və alacaq… Güman edirəm dediklərimdən tam aydın oldu ki, Azərbaycanda bank bağlamaq və ləğv etmək çox gəlirli biznesdir. Bu biznesdə uduzan müştərilər və dövlətdir. Udan isə fırıldaqçı məmurlar.”

Ə.Həsənov sonda qeyd edir ki, bank sektorundakı vəziyyətdən çıxış yolu bank qanunvericiliyinin dəyişdirilməsi və köklü kadr islahatıdır: “Çıxış yolu nədir? 1) Qanunvericiliyin təcili dəyişdirilməsi; 2) Bu sahədə köklü kadr islahatları… Əks halda? Əks halda, çalışın ki, banklarımızda çox pulunuz olmasın…”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=145964

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930