Tofiq Yaqublunun işi Apelyasiya Məhkəməsinə göndərilib – bir insan neçə gün ac qala bilər?

18.09.2020 - 10:22

Acliq aksiyası etmiş partiya sədri deyir ki, yalnız qidadan imtina edərsə, bu aksiya 90-100 günə qədər davam edə bilər

Həbsdə olan Müsavat Partiyasının funksioneri Tofiq Yaqublu sentyabrın 2-dən etibarən keçirdiyi aclıq aksiyasını davam etdirir. Hazırda “City Hosbital”da həkim nəzarəti altında olan müsavatçı məhbusun aksiyası ölkə gündəminin əsas mövzularından birinə çevrilib. Yaranan əsas suallardan biri T.Yaqublunun fiziki cəhətdən aclığı nə vaxta qədər davam etdirə biləcəyi yönündədir.

Qeyd edək ki, indiyə qədər Azərbaycan həbsxanalarında siyasi motivlə həbs edilən məhbusların bir neçə dəfə aclıq aksiyalarının şahidi olmuşuq. Onlardan ən effektlisi 2003-cü ilin 15-16 oktyabr hadisələrinə görə saxlanılan siyasilərin aksiyasıdır. Məlumat üçün bildirək ki, həmin ilin dekabrında oktyabr məhbuslarından “Yeni Müsavat” Media Qrupunun rəhbəri, əməkdar jurnalist Rauf Arifoğlu və ADP sədri Sərdar Cəlaloğlu 10, Müsavat başqanı Arif Hacılı 11, sabiq baş nazir, AXP sədri Pənah Hüseyn 12 gün aclıq aksiyası keçiriblər.

S.Cəlaloğlu “Yeni Müsavat”a açıqlamasında həmin aksiya zamanı həyatını itirmək təhlükəsi ilə üzləşdiyini xatırlatdı: “Dünya təcrübəsində 90 günə qədər aclıq aksiyası var. Yəni 90-cı gündə ölüm hadisəsi baş verib. Bu cür aksiyalar iki cür olur. Biri var quru aksiya, yəni su, maye qəbul etmədən bu aksiyanı keçirirsən. Belə halda insan maksimum 10 gün yaşaya bilər. Amma su və başqa mayelər qəbul edərsə, yalnız qidadan imtina edərsə, bu aksiya 90-100 günə qədər davam edə bilər. Biz aksiya keçirəndə əvvəlcə mən quru aclıq elan etdim. Ağlıma gəlməmişdi ki, bu çox təhlükəlidir. Su qəbul etməyəndə böyrəklər funksiyasını itirməyə başlayır. Bir müddətdən sonra bərpa olunmayan bir vəziyyətə düşür. 3-4-cü gün hiss etdim ki, böyrəyin fəaliyyətində dayanma var. Ondan sonra duzlu su içməyə başladım. Haradasa, 8-9-cu gün mədəmdə qanaxma başladı. Özüm həkiməm. Öləsi deyildim. Çünki ölüm aksiyası deyildi. Ona görə də könüllü şəkildə aksiyanı dayandırdım və oradakı dostlarıma dedim ki, məndə qanaxma var, böyrəklərimdə problem yaranıb. Biz bir yerdə bu aksiyanı keçirirdik. Məndən iki sonra digər dostlarım aksiyanı dayandırdılar. İlk günlər aclıq aksiyası çox əzablı olur, beynindən qidalanma çıxmır. Amma bir müddət sonra qidaya qarşı insanda mənfi enerji formalaşır, qidanı görmək istəmirsən, ürəkbulanması yaradır. Ondan sonra insan ölənə qədər aksiyanı rahat şəkildə davam etdirə bilir. Tofiq Yaqublunun aksiyanı dayandırmasını çox istəyirəm. Azərbaycanda bu üsullarla iqtidara təsir etmək mümkünsüzdür. Tofiq bəyi başa düşürəm. Həm özü, həm də qızı həbs olundu, indi də özü təzədən həbsxanadadır. Xüsusilə İlqar Məmmədova hökumətin münasibətinə baxın, Tofiq Yaqubluya olan münasibətə diqqət edin. İkisi də eyni hadisəyə görə tutulmuşdu. Amma birinə hökumətin olan diqqət və qayğısı digərinə yoxdur. Bu həm də Tofiq bəyin Milli Şuranın üzvü kimi radikal hərəkətləri ilə bağlıdır. Siyasi mübarizəni elə aparmaq lazımdır ki, şəxsi qərəzə, nifrətə gətirib çıxarmasın. Sən Milli Şuranın üzvüsən, qurumun mövqeyindən öz mövqeyini ifadə etməlisən. Milli Şurada qat-qat daha radikal mövqe ifadə edirdi. Bu da onun şəxsiyyətinə qarşı qərəzli mövqeyin formalaşmasına gətirib çıxardı. Azərbaycanda siyasi mübarizənin fəlsəfəsini çox adam başa düşmür. İndiki halda kimin Tofiq Yaqubluya sözü keçirsə, onu ürəkdən istəyirsə, mütləq bu aksiyanı dayandırmasına yardım etməlidir. Burada söhbət təkcə ölümdən getmir.

https://upload.wikimedia.org/wikipedia/az/f/f0/S%C9%99rdar_C%C9%99lalo%C4%9Flu.jpg

Bir müddətdən sonra Tofiq Yaqublu aksiyanı dayandırsa belə, onun orqanizmində elə ciddi problemlər baş verə bilər ki, bütün ömrü boyu bunun əziyyətini çəkə bilər. Ona görə bu aclıq aksiyasını təqdir etmirəm. Bəziləri belə düşünür ki, guya onun başına bir iş gəlsə, nələrsə baş verə bilər. Heç nə də baş verməyəcək, çox yanlış bir mövqedir. Baxın, o aksiya keçirir, bir-iki siyasi və ictimai xadimdən başqa xalq heç maraqlanmır ki, bu şəxs özünü öldürür. Digər tərəfdən, Dağlıq Qarabağ probleminin həll edilməsi gündəmdə olduğu vaxtda ictimaiyyətin diqqətini belə məsələlərə yönəltmək yanlışdır. Hətta Tofiq bəy nə qədər ədalətsizliklə üzləşsə də, gözləməli idi ki, bu proses bitsin. Onun başına bir iş gəlsə, Avropa Azərbaycanın üzərinə gələcək, ermənilər də bundan istifadə edib, Dağlıq Qarabağın azad edilməsinə çox ciddi maneələr yaradacaqlar. İctimaiyyətin də diqqəti bu məsələyə yönələcəyi təqdirdə, Qarabağ ətrafında gedən prosesləri izləmək imkanları olmayacaq. Hökumət də daxildə müxalifətdən hər hansı bir təzyiq görəcəyi təqdirdə düşmənlə gedib mübarizə aparmayacaq. Gündəmi Dağlıq Qarabağ məsələsindən uzağa aparacaq mövzularla zəbt ediblər. Bu aksiyanın, bir daha deyirəm ki, yeri və vaxtı düzgün seçilməyib. Həqiqətən də Tofiq Yaqublunun siyasi sifarişlə həbs edildiyi qənaətindəyəm. Onun azad edilməsi ilə bağlı da ölkə başçısına müraciət etmişəm. İndiki halda Dağlıq Qarabağdan diqqəti yayındıracaq heç bir hala yol verilməməlidir”.

Tural Abbaslı — Vikipediya

AĞ Partiya başqanı Tural Abbaslı da vaxtilə həbsxanada aclıq aksiyası keçirən siyasilərdəndir. O, bunları dedi: “Aclıq aksiyası özlüyündə çox ağır və iradə tələb edən bir aksiyadır. Müasir aləmdə siyasi mübarizənin ən son atılan addımı məhz bu aksiyadır. Yəni bir insanın atacağı ən son radikal siyasi addımdır. Mən də öz siyasi həyatım boyunca müxtəlif dönəmlərdə müxtəlif zamanlarda aclıq aksiyası etmişəm. Ən son etdiyim aclıq aksiyasını 2011-ci ildə Qızıldaş qəsəbəsindəki 14 saylı cəzaçəkmə müəssisəsində 3 gün müddətində etmişəm. Bizim aclıq aksiyasının fərqi ondan ibarət idi ki, biz müddəti əvvəlcədən bəyan etmişdik. Mən, müavinlərim Əhəd Məmmədli, Rüfət Hacıbəyli və digərləri siyasi repressiyalara etiraz olaraq həbsxanada 3 günlük aksiya etmişdik. Buna görə bizi müəssisə rəhbərliyi ”kars” deyilən cəza kamerasına köçürtdü. Bizi digər məhbuslardan təcrid etdilər və xüsusi həkim nəzarətinə götürdülər. Karsların da vəziyyəti çox bərbad olduğu üçün aclıq aksiyamız daha da ağır keçdi. Ümumən desək, aclıq aksiyası daha çox iradə məsələsidir. Yəni iradəsi möhkəm adam istədiyi müddətcə aclıq edə bilər. Ancaq burada ən əsas məsələ odur ki, çox zaman insanın iradəsi ilə bədəni eyni gücdə olmur. İradənin tab gətirdiyi çətinliyə çox zaman insan bədəni tab gətirə bilmir və insan sağlamlığına bərpaedilməz fəsadlar yaradır. Deməyim odur ki, aclıq edən insan bədəninin gücünü iradəsilə ölçməməlidir. Mən məqamdan istifadə edərək başda hazırda aclıq aksiyası edən Tofiq bəy olmaqla, bütün siyasi məhbuslara azadlıq tələb edirəm. İqtidarı tez bir zamanda bu problemi birdəfəlik və kökündən həll etməyə çağırıram”.

T.Yaqublunun həkimi Adil Qeybulla onun son durumu barədə məlumat verdi: “Durumu gedişə uyğundur. Təbii ki, qan göstəriciləri düşməyə meyllidir. Bədəndə plastik materiallar çatışmır. Biz sentyabrın 16-na qədər bütün tədbirləri aparmışıq. Sentyabrın 17-də analizlər götürülüb. Həmin analizlərdə göstəricilər aşağıdır. Ona aclığı dayandırmaq və qida qəbulunu bərpa etmək üçün israrla xahişlər var. Amma o aksiyanı sona qədər davam etdirməkdə israrlıdır. Biz çalışırıq ki, proseslər tez yekunlaşsın”.

Onu da qeyd edək ki,  T.Yaqublu barəsindəki hökmdən Nizami Rayon Məhkəməsinə təqdim edilən apelyasiya şikayəti sentyabrın 17-də Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Bu barədə “Report”a vəkil Elçin Sadıqov məlumat verib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=154460

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031