Başında dəbilqə, əyində “Press”… güllə altında

03.10.2020 - 09:59

Veteran hərbi jurnalist Namiq Əhmədov: “Savaş  jurnalistikası sənətdir və onunla peşəkarlar məşğul olmalıdırlar…”

Qarabağ uğrunda Azərbaycan ordusunun apardığı əks-hücum əməliyyatlarını işıqlandırmaq üçün cəbhə bölgəsinə yollanan jurnalistlərin fədakarlığını və əməyini bu günlərimizdə unutmaq olmaz. Onlar atəş altında çəkilişlər aparır, gecə-gündüz cəbhə xəttində son vəziyyətdən xəbərlər göndərir, düşmənin mülki vətəndaşları, inzibati binaları, evləri hədəfə almasını çəkib göstərərkən həm də öz həyatlarını təhlükəyə atırlar.

Həmin fədakar jurnalistlər arasında hazırda “Yeni Müsavat” Media Qrupunun reportyorları da var. Onlar həm Füzuli, həm Tərtər istiqamətlərində gedən döyüşlərdən xəbərlər verir, ermənilərin atdığı mərmilərin düşməsi nəticəsində zərər görmüş evlərdən, həyatını itirən mülki sakinlərdən çəkilişlər edirlər.

Amma müharibə jurnalistikası, reportyorluğu bir sənətdir, savaşın içində olmaq, hər an təhlükə ilə üz-üzə dayanmaq deməkdir. Ona görə döyüş bölgələrində olan reportyorlar seçilirlər, onların qulaqları atışma səslərinə öyrəşir. Azərbaycanda isə həmişə hərbi jurnalistika olub. İstər sovet dönəmində, istər I Qarabağ müharibəsində fədakar jurnalistlər fəaliyyət göstərib.

Başında dəbilqələri və “Press” yazılı jiletləri ilə səngərlərdə əsgərlərlə çiyin-çiyinə döyüşən bu şəxslər müharibə zonalarının informasiya ötürücüsüdür. Bəli, döyüşürlər. Özü də əllərində qələm və fotoaparatları, çiyinlərində kameraları ilə hadisələrin izində, güllə yağışı altında…

Bu mövzuda söhbətləşdiyimiz əməkdar jurnalist, vaxtilə hərbi jurnalistika ilə məşğul olmuş Namiq Əhmədov “Yeni Müsavat”a aktuallıq kəsb edən sahə üzrə maraqlı məqamlardan, çətinliklərdən danışdı. Onun sözlərinə görə, 1982-ci ildə jurnalistika təhsilini başa vurub və orduya yollanıb, hərbi jurnalist kimi çalışıb.

N.Əhmədov deyir ki, o zaman SSRİ vətən sayılırdı və əhval-ruhiyyə fərqli idi: “O zaman təlimlərlə bağlı yazılar gedirdi. Hərbi qəzetlərdə icazə verilmirdi ki, xalqın mübarizəsi haqda ətraflı məlumat verilsin. O dövrün qəzetlərini vərəqləyəndə görürsən ki, SSRİ hər şey vətən naminə söyləsə də, mahiyyətini bir qrup adam izah edə bilərdi. O da ki mətbuata açıq deyildi. Bu gün istər jurnalist, istər başqa sahənin adamı olsun, hər kəs Qarabağ uğrunda mübarizəyə qalxıb”.

Veteran jurnalist bildirir ki, o dövrdə İran-İraq müharibəsi də gedirdi: “Sovet həm İraqa, həm İrana silah göndərirdi. Mən vurulmuş sovet texnikasını görmüşdüm. Amma yenə sovetin maraqları ortaya qoyulurdu. Sovet vaxtı Əfqanıstan müharibəsi gedəndə də mənzərə tamam fərqli idi. Bu gün Qarabağ müharibəsi fərqli ampluadır, həqiqi mənada vətən mübarizəsidir. Yəni kimsə şəmkirli, kimsə qəbələli və ya tovuzlu demir, hamı qarabağlıdır”.

N.Əhmədov hesab edir ki, hərb jurnalistikasına hazırlıq getməlidir: “Müxtəlif universiterlərdə jurnalistika fakültələri açılıb. Hətta Bakı Dövlət Universitetində də ətraflı məsələ qoyulmayıb. Hərbi jurnalistika məktəbi keçmiş müxbirlərin cəbhə bölgəsində olması daha yaxşıdır. Gəlin, Türkiyə təcrübəsinə baxaq, məsələn, Kərim Ulak necə əhatəli danışır, çünki hərbi təlim keçib. Təbii ki, bizim jurnalistlərin bu gün əməyini yerə vurmaq olmaz, onların zəhməti böyükdür, cəbhə bölgəsində xidmətləri öz içlərindən gəlir. Amma təlim keçmiş hərbi jurnalistlərin olması vacibdir. Məsələn, Mirşahin ön cəbhəyə gedib. Onun reportajında canlılığı tutdum. Yaşım elədir ki, məni aparmazlar, amma dəstəyimi verməyə hazıram”.

N.Əhmədovun fikrincə, müharibə jurnalistikası sənətdir və onunla peşəkarlar məşğul olmalıdırlar: “O dövrdə belə jurnalistlər az idi. Məşhur adamlar olmayıblar. Məsələn, Nikolay Simonov vardı. Şair idi, hərbi jurnalist kimi cəbhədə fəaliyyət göstərib. Onun məşhur ”Jdi menya” – (Gözlə məni – E.S.) şeiri vardı. O zaman Ukraynada və Sverdlovskda hərbi jurnalistika keçən məktəblər olub. Bildiyim qədər Üzeyir Cəfərov Lvovda hərbi jurnalist məktəbi keçib. Birinci Qarabağ müharibəsindən isə qəhrəman Çingiz Mustafayevi, operator Hüseynağa Mövsümovu və başqalarını qeyd etmək olar. Onları örnək kimi təbliğ etməliyik. Ümumiyyətlə, bu yöndə kurslar açılmalıdır. Həmçinin, Türkiyədən bu sahədə yazan jurnalislər dəvət oluna bilər”.

N.Əhmədov xatırlatdı ki, Azərtacın Naxçıvanda müxbiri olanda hərbi vəziyyətlə üzləşib: “1990-cı ildə hərbi hissə komandanı Tarasenko idi. Onunla Mehriyə getdim. Ermənilər azğınlığı o vaxtdan ortaya qoymuşdular, qatarları atəşə tuturdular, bax, həmin zaman hərbi jurnalistikanın əhval-ruhiyyəsini yaşadım. Onda ağlımıza sığışdırmırdıq ki, hadisələr bura qədər gəlib çıxacaq. Bu gün isə Azərbaycan öz haqq mübarizəsini aparır və cəbhə bölgəsində olan jurnalistlərimiz də fədakarlıq göstərirlər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=155275

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31