Rusiyanın pomidor qadağasına necə cavab verməli – iqtisadçılar danışdı

15.12.2020 - 10:27

Rusiyanın Kənd Təsərrüfatına Nəzarət Xidmətinin (“Rosselxoznadzor”) Azərbaycandan pomidor və alma idxalına qoyduğu qadağa ictimaiyyətin diqqət mərkəzindədir.  Rusiya tərəfi qadağanı həmin məhsullarda, Amerika pomidor güvəsi və Şərq güvəsi adlanan zərərvericilərin aşkarlanması ilə əsaslandırsa da, Azərbaycan cəmiyyəti, eləcə də beynəlxalq media bunu real hesab etmir. 

Tanınmış iş adamı Mürvət Həsənli bildirir ki, Azərbaycan 3 ildən artıqdır Rusiyanın pomidor idxalatının 30 faizdən çoxunu təmin edirdi: “İndiyə qədər isə həmin məhsullarda heç bir güvə və ya başqa zərərvericilər aşkarlanmamışdı. Əksinə, Rusiya bazarı Azərbaycandan daha çox məhsul almağa həvəsli idi. İndi birdən-birə nə oldu ki, 22 oktyabr 2020-ci il tarixindən etibarən məhsullarımızda güvə çıxdı? 17 dəfə bu hal ”təkrarlanandan” sonra isə yalnız hansısa şirkətə qarşı deyil, bütünlüklə Azərbaycan istehsalı olan pomidorlara qadağa qoyuldu?”

İş adamı qeyd edir ki, “Rosselxoznadzor” yalnız Azərbaycan məhsullarını bu cür “qaralamayıb”: “Bizimlə yanaşı, Türkiyə, Özbəkistan, Ermənistan, Belarus, Hollandiya, Belçika və Fransaya da bənzər qadağalar tətbiq olunub. Azərbaycanla onların yeganə fərqi isə yanaşmadadır. Xidmət həmin ölkələrin bəzi bölgələrinə bu qadağanı tətbiq etdiyi halda, bizi tamamən ”qara siyahı”ya salıb. Noyabrın 26-dan Özbəkistanın Fərqanə, dekabrın 4-dən Navoi bölgəsindən pomidor və bibər idxalına qadağa qoyulmuşdu. 11 dekabrdan etibarən isə Özbəkistanın Kaşkadarya bölgəsindən və Türkiyənin Antalya və İzmir vilayətlərindən, 14 dekabrdan Ermənistanın Armavir bölgəsindən pomidor və bibər idxalına qadağalar tətbiq edilir”.

Xəmsə” restoranının sahibi Mürvət Həsənli qaydaları pozdu, 5 min manat  cərimə olundu

Mürvət Həsənli: “Yanvara qədər problem həll olunmasa, fermerlər ciddi zərər görəcək”

M.Həsənlinin sözlərinə görə, Rusiyanın Azərbaycana “ayrıca diqqət ayırması” istər-istəməz ağla bu qərarın siyasi xarakter daşıdığı ehtimalını gətirir: “Pomidorumuzu qaralama cəhdinin xüsusilə Dağlıq Qarabağdakı son döyüşlərdə qazandığımız uğurlarla eyni vaxta düşməsi də bu ehtimalı qüvvətləndirir. Mümkündürmü ki, bu qərarda erməni barmağı olsun? ”Rosselxoznadzor” rəhbərliyinin nə qədər erməni təsirində qalıb-qalmadığını müəyyənləşdirə bilmədiyimizdən bu sualı cavablandırmayacağıq. Lakin düşünürəm ki, qərarda həm də Rusiyanın yerli istehsalçıları qorumaq məqsədi rol oynayır. Bildirildiyinə görə, koronavirus qadağaları Rusiyada bir çox restoran və kafelərin bağlanmasına səbəb olub. Pomidorun ən çox istehlak olunduğu məkanlar isə buralardı. Milli Meyvə və Tərəvəz Birliyinin icraçı direktoru Mixail Qluşkovun iddiasına inansaq, bu il istixana məhsullarına tələbat haradasa 30 faiz azalıb. Bu da yerli istehsalçıların da işini çətinləşdirib. Rusiyada istehsal olunan pomidorun keyfiyyət baxımından idxal məhsullardan geri qalması müştəriləri idxal mallarına yönəldir. Nəticədə Rusiyanın yerli təsərrüfatları azad rəqabətdə uduzur. Onların rəqabət potensiallarını artırmaq üçün isə idxal mallarının həcmini azaltmaq tələb olunur. Üstəlik, qiymətlər də ötən illərlə müqayisədə ucuzlaşıb. Rusiya Milli Meyvə və Tərəvəz Birliyinin hesabatına görə, 2020-ci ilin 10 ayında qiymətlərdə 2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə xiyarda 14 faiz, pomidorda isə 5 faiz ucuzlaşma qeydə alınıb. Bu da bir çox yerli müəssisələri iflasa doğru sürükləyir. Məsələn, Uralın ən böyük istixana müəssisəsi olan  və yerli əhalinin istixana tərəvəzlərinə olan tələbatının 64 faizini təchiz edən “Çurilovo” kənd təsərrüfatı kompleksi iflas təhlükəsi altındadır. Çelyabinsk Bölgəsi Arbitraj Məhkəməsi bir neçə gün əvvəl komplekslə bağlı iflas davası açıb.

Bu şəraitdə tələbatın azaldığı indiki zamanda yerli təsərrüfatları qorumaq üçün Rusiya istər-istəməz idxal mallara məhdudiyyətlər qoymağa məcburdur”.

Xüsusilə Azərbaycanın “qaralanmasına” gəlincə, iş adamı hesab edir ki, bu, bizim Rusiyaya pomidor ixracımızın daha çox olması ilə bağlıdır: “Belə ki, Rusiya Federasiyası Federal Gömrük Xidmətinin məlumatına görə, 2019-cu ildə ölkəyə 172 min ton Azərbaycan pomidoru idxal edilib. Bu, Rusiyaya ümumi pomidor idxalının təxminən 31 faizi mənasına gəlir. Deməli, təkcə Azərbaycan pomidorlarına idxal qadağası qoymaqla məsələni böyük ölçüdə həll etmək olar. Çünki Rusiyanın idxal pomidor statistikasına görə, Azərbaycandan sonra ikinci yeri Türkiyə tutur ki, o belə bizimlə müqayisədə xeyli geridədir. Rusiyanın gömrük statistikasına inansaq, bu il Türkiyə Rusiyaya 52 min tondan çox (azərbaycanlılardan üç dəfə az) pomidor ixrac edib. Türkiyədən sonra Rusiyaya ən çox pomidor satan ölkə Özbəkistandır. O da Rusiyanın idxal pomidor ehtiyacının cəmi 9 faizini təmin edir. Dolayısıyla Rusiya Azərbaycana bu qadağanı tətbiq etməsəydi, bizim əvəzimizə ən azı 3 ölkəni ”qara siyahı”ya salmalı idi”.

İş adamı deyir ki, istixana pomidorlarının yetişməyə başladığı yanvar ayına qədər problem həll olunmasa, Azərbaycan istehsalçıları böyük çətinlik və zərərlə üzləşəcəklər: “Təkcə Zirə kəndindən mövsüm zamanı gündə 200 ton pomidor ixrac olunur. Bu qədər həcmi daxili bazarda reallaşdırmaq, eyni zamanda qısa müddətdə başqa ixrac bazarı tapmaq faktiki olaraq mümkün deyil. Rusiya tərəfi üçün də qadağanın uzun müddət qalması sərfəli deyil. Pomidor istehlakının ən çox artdığı yay mövsümündə qadağanın qaldırılacağı gözləniləndir. Əks halda, yerli istehsalla kifayətlənmək Rusiyanın qida bazarında qiymətlərin surətlə artmasına səbəb ola bilər ki, Moskvanın indiki ağır iqtisadi vəziyyətində bu, ən son arzuladığı haldır. Ölkədə infilyasiyanın və sosial narazılığın qarşısını almaq üçün Rusiya yenidən öz bazarlarını xarici şirkətlərə açmalıdır. Düşünürəm ki, Azərbaycanın müvafiq qurumları, əsasən də pomidor təsərrüfatları alternativ bazar axtarmalı, bu cür ”sürprizlərdən” sığortalanmaq üçün yalnız bir istiqamətlə kifayətlənməməlidirlər”.

Qubad İbadoğlu barədə xəbərlər - AZƏRBAYCAN24

Qubad İbadoğlu: “Qadağa davamlı olarsa, Azərbaycan da Rusiyadan idxala məhdudiyyət qoymalıdır”

İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu hesab edir ki, məlum qərar birmənalı olaraq siyasi təzyiq məqsədlidir: “2015-ci ildə rus təyyarəsini vurandan sonra Türkiyəyə qarşı tətbiq edilən embarqo hazırda başqa formada Azərbaycanın əleyhinə yönəlib. Bəziləri Ermənistan və Özbəkistana qarşı da rus embarqosunun mövcudluğunu əsas göstərib bu məsələnin siyasiləşdirilməsinin əleyhinə olsa da, beynəlxalq ticarətin hazırda qlobal siyasətin əsas alətlərindən birinə çevrildiyini əsas götürüb deyə bilərəm ki, həm akademik, həm də praktik yöndən əminəm ki, bu məsələdə siyasət başlıca rol oynayır.

Pomidor Azərbaycan üçün xüsusilə də neft gəlirlərinin azaldığı dövrdə çox əhəmiyyətli qeyri-neft ixrac məhsuludur. Belə ki, 2017-ci ildən başlayaraq Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında tomat (pomidor) birinci məhsul olub. Dövlət Statistika Komitəsinin açıqlamalarına görə, 2017-ci ildə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracının 9,9 faizini, 2018-ci ildə 10,5 faizini, 2019-cu ildə 9,7 faizini, 2020-ci ilin 10 ayında isə 11,98 faizini pomidor təşkil edib. Ötən il 189 milyon 292 min dollar dəyərində 174 min 548 kq pomidor ixrac edildiyi halda bu ilin 10 ayında 173 milyon 19 min dollar dəyərində 160 min 269 kq pomidor ixrac edilib. Bu il üçün cəmi ixracın 1.41 faizi, qeyri neft məhsullarının ixracının 11.98 faizi pomidorun payına düşüb. Bu dövrdə Azərbaycan iş adamları alma ixracından da 21 milyon 201 min dollar qazanıblar. Göründüyü kimi, bu ilin 10 ayı üçün pomidor və alma ixracından Azərbaycanın qazancı 200 milyon dollar ətrafındadır. Bu ilin 10 ayında pomidor və alma ixracatından əldə edilən valyuta gəlirləri (194 milyon dollar) 2020-ci ilin 11 ayında “Şahdəniz” yatağından qaz və kondensat satışından əldə edilən gəlirlərin – 276 milyon dolların – 70 faizini təşkil edir. Odur ki, Rusiyanın Azərbaycanda pomidor və alma idxalına qoyduğu qadağaya texniki məsələ kimi yanaşmaq və onu Ermənistan və Özbəkistanla müqayisə etmək düzgün deyildir. Belə ki, ruslar qadağanı Ermənistana Armavir rayonuna, Özbəkistanda isə Qaşqadaryo rayonuna tətbiq ediblər. Bizə qarşı qadağa bütün ölkəyə şamil olunur. Unutmayaq ki, Rusiya bazarında satılan hər 5 kq pomidorun 2 kq-ı, yəni bazarın 40 faizə qədəri Azərbaycanın payına düşür”.

İqtisadçı-alimin fikrincə, ixrac şaxələndirilməlidir: “Əvvəla, qeyri-neft ixracatının əsas məhsulunun bir bazardan – Rusiyadan asılılığının yaratdığı belə riskləri nəzərə alaraq pomidor və alma ixracatını şaxələndirmək və başqa bazarlara çıxmaq lazımdır. İkincisi, Azərbayan Qida Təhlükəsizliyi Agentliyi Rusiyanın ”Rosselxoznadzor” təşkilatı ilə müzakirələri sürətləndirməli və ixrac məhsullarını bazarın tələblərinə uyğunlaşdırmaqla problemin həllinə çalışmalıdır.

Üçüncüsü, embarqo davamlı olarsa, onda Azərbaycan da adekvat qərarlar qəbul etməli, Rusiyadan ixrac mallarına qadağalar tətbiq etməlidir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=158430

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728