“Daha çox sevinc, həyəcan və qəhər. Mən bu üç duyğu ilə Şuşaya getmişəm” -jurnalist Xatirə Sərdarqızı danışır

02.01.2021 - 15:33

“Bircə onu arzulayırdım ki, ora çatmadan ölməyim. Şuşaya çatım, oraları bir daha görüm, ondan sonra ölsəm də, olar”

Bu günlərdə bəzi jurnalistlər, sənət adamları, ictimai xadimlər Qarabağa səfər etdilər. İşğaldan azad edilmiş torpaqlarımızda olan, həsrətində olduğumuz yerlərə baş çəkənləri hamımız şanslı hesab etdik. Təbii ki, onların gözündəki Qarabağı biz də görmək, dinləmək istədik. 

Bu şanslı şəxslərdən biri də jurnalist Xatirə Sərdarqızıdır. Onu bir çox oxucularımız “bayraq qız” olaraq tanıyır. Tovuz hadisələri zamanı Avropada keçirilən aksiyalardan birində erməni vəhşiliyi ilə üz-üzə qalan, xəsarət alan, çiynindəki bayraq qana bulaşdığı halda, erməni vəhşiliyinə öz etirazları ilə cavab verən həmkarımız. 12 yaşında Şuşadan çıxan və illərdir Şuşa həsrəti ilə yanan Xatirə xanım Musavat.com-un suallarını cavablandırdı…

Şuşa həmkarımız Xatirə Sərdarqızının gözü ilə necədir? Nələr gördü, nələr yaşadı, nələr çəkdi?

 -Xatirə xanım, əksər azərbaycanlıların xəyalı olan Şuşa səfərini gerçəkləşdirdiz. Sizi çox şanslı hesab edənlər var. Belə bir səfərin baş tutması üçün özünüz cəhd göstərdiz, ya sizə müraciət olundu?

-Haqlısız, özümü çox şanslı hiss edirəm. Çünki bir çox insanın istəyi, xəyalı Şuşaya getmək idi. Eləcə də mənim ən böyük arzularımdan biri idi. 28 illik arzum idi Şuşanı bir daha görə bilmək. Şükürlər olsun ki, sonunda bu arzum gerçəkləşdi. Azərbaycan ordusunun, Ali Baş Komandanın, Azərbaycan əsgərinin sayəsində yuxumuza belə girməyəcək xəyallar gerçək oldu və Şuşaya getdim. Bilirsiz, mən Avropada yaşayıram. Müharibə başlayanda Şuşanın azad olunacağına əmin idim. Demişdim ki, 3-4 rayon işğaldan azad olunandan sonra mən Azərbaycana gələcəm və Şuşanın azadlığa qovuşma xəbərini mən məhz vətənimdə eşitməliyəm. Mən bu xəbəri Avropada eşidə bilməzdim. Elə də elədim. Artıq 4-cü rayonumuz işğaldan azad edilən kimi mən Azərbaycana gəldim. Noyabrın 1-də artıq Azərbaycanda idim. Noyabrın 4-də də 40 yaşım tamam olurdu. Hətta belə bir status da yazmışdım ki, “40 yaşıma Azərbaycan əsgəri mənə Şuşanı hədiyyə etsin”. Mən ümumiyyətlə, özümü çox şanslı insan hiss edirəm ki, çox vaxt istədiyim hər şey olur. Ayın 4-də ad günüm idi, ayın 8-də isə Şuşa alındı. 40 yaşımın ən gözəl hədiyyəsi oldu Şuşanın işğaldan azad edilməsi. Qaldı ki, Şuşaya getmək, bəli, ora getmək çətin idi. Yol məsələsi vardı, meşə yolu ilə getmək qış vaxtı çox təhlükəli idi. Amma mən hər şeyi gözə almışdım. İnanırsız, hətta yolda bir neçə dəfə maşınlarımız sürüşdü, güc-bəla ilə Şuşaya gəlib çatdıq. Hətta maşınımız qayaya dəydi, fırlandı, üzü əks istiqamətə döndü, gecəni geri dönməli olduq. Səhər bir daha yola çıxdıq. Yəni, çox macəralı Şuşa səfəri oldu. Amma hər şeyə dəyərdi.

-Neçə illik ayrılıqdan sonra qovuşduz Şuşaya?

– Şuşaya getmək üçün mən hər şeyi gözə almışdım. Nə qədər çətinliklər də olsa, mən Şuşaya gedəcəm deyirdim. Özümə söz vermişdim ki, Şuşaya getmədən geri, Avropaya dönməyəcəm. Artıq missiyamı yerinə yetirdim, Şuşanı dünya gözü ilə gördüm, 28 il sonra Şuşama qovuşdum. Odur ki, indi ürək rahatlığı ilə Avropaya, Niderlanda qayıda bilərəm.

– Necə bir hiss idi? Səfərdən öncə həyəcan, sevinc, qorxu…- hansı hiss daha üstünlük təşkil edirdi?

– Səfərdən öncə inanılmaz həyəcan var idi. İçim içimə sığmırdı. Hətta yola çıxacağım saatı ayaq üstə gözlədim. Sevinc təbii ki, vardı. Həm də qəhər vardı. Qorxu heç yox idi, inanırsız? Bir qram da yox idi. Daha çox sevinc, həyəcan və qəhər. Mən bu üç duyğu ilə Şuşaya getmişəm. Çox qarışıq idim. Bütün səfər adrenalinlə dolu idi. Çünki qar yağmışdı, meşə yolunda maşın rahat hərəkət də bilmirdi. Bütün bunlara baxmayaraq, qorxu hissi yox idi. Axı bütün çətinliklərin sonunda Şuşa görünürdü. Şuşaya getmək üçün hər şeyə dəyərdi. Hətta o yolun sonunda ölüm də olsa, mən həmin səfərə çıxardım. Gerçəkdən gedərdim. Bütün səmimiyyətimlə deyirəm bunu. Bircə onu arzulayırdım ki, ora çatmadan ölməyim. Şuşaya çatım, oraları bir daha görüm, ondan sonra ölsəm də, problem yoxdur.

– Təəssüratlarınız necədir? Şuşa illər sonra sizi necə, nə ilə qarşıladı?

-Şuşa illər sonra məni bəmbəyaz, ağ örtüyü ilə qarşıladı. Getdiyimiz gün Şuşaya qar yağmışdı, hər tərəf ağappaq idi. Amma səhərisi gün – həmin gün ora çoxlu qonaqlar da gəlmişdi – bir günəş doğmuşdu ki. Hətta gödəkçəmi çıxarıb, belimə bağlamışdım. O qədər isti idi ki… Şuşa sanki övladlarını, 28 illik həsrətdən sonra öz günəşi, bəmbəyaz, saf örpəyi, ən saf görüntüsü ilə qarşılayırdı. Sanki günəşi də elə çıxmışdı ki, gələnlər üşüməsin. Onsuz da həyəcandan, qəhərdən mən üşüyürdüm. Necə ki, 28 il əvvəl Şuşada müharibə zamanı qorxudan üşüyürdük, indi də həyəcandan. 28 il əvvəlki üşümək soyuqdan, şaxtadan deyildi, qorxudan idi. Eyni üşümə, içimin titrəməsi Şuşada qaldığım günlərdə məni bir an belə tərk etmədi. Eyni hissləri yaşayırdım. Ona görə də məncə Şuşa övladlarını həm də günəşi ilə qızdırmaq istəyirdi ki, 28 illik o həsrətin üşüməsini hiss etməsinlər.

-Bəzən Şuşanı Qarabağın digər bölgələrindən, rayonlarından xüsusi fərqləndirmə həmin rayon sakinlərində qısqanclıq yaradır. Gerçəkdən Şuşa Qarabağımızın digər dilbər guşələrindən nə ilə, necə fərqlənir?

-Şuşa ümumiyyətlə, hər zaman Qarabağın, mədəniyyətin beşiyi sayılıb. Mədəni irsimizin beşiyi adlandırılıb. Bu yaxınlarda radioda ulu öndər Heydər Əliyevin bütün bölgələr haqda dediyi fikirləri dinlədim. Şuşa haqda xüsusi sevgilə danışdığını eşitdim. Uşaq vaxtı bəlkə də eşitmişdim, amma yadımda saxlamamışdım. Bu dəfə o sözlər beynimə həkk olundu. Heydər Əliyev Şuşa haqda dedi ki, Şuşa bizim üçün təkcə Qarabağda bir şəhər deyil. Şuşa bizim mədəni irsimiz, muzeyimizdir. Şuşaya xüsusi diqqət yetirirəm. Çünki ermənilər tarix boyu üç dəfə bu mədəni irsimizi silmək istəyiblər. Bu, 1907, 1905 və 1920-ci illərdə baş verib. Amma bütün bunlara baxmayaraq, biz hər dəfə Şuşanı bərpa etmişik və ordakı mədəni irsimizi, bizə məxsusluğumuzu qorumuşuq. Bax, Şuşa məhz belə şəhərdir. Şuşa bəstəkarlar, müğənnilər, şairlər yetişdirən şəhərdir. Şuşa mədəniyyətin beşiyidir, Şuşa tam fərqlidir. Havası ilə, suyu ilə, insanları ilə… Tam fərqli və Azərbaycanımızın gözəl guşələrindən biridir. Şuşanın alınması isə tarixi bir hadisə oldu. Belə bir deyim vardı ki, “Şuşa kimdədirsə, Qarabağ da ondadır”. Gerçəkdən də bunu yaşayaraq görürük. Ermənilər zamanında Şuşanı işğal edəndən sonra domino daşı kimi hər şey bir-birinin ardınca yerə yıxıldı. Və biz Şuşanı geri qaytarandan iki gün sonra qələbə çaldıq. Şuşanın özəlliyi, gözəlliyi, mədəniyyət beşiyi, irsi olmasının bariz nümunəsindən biri də budur. Məncə, artıq bu qısqanclıq da yoxdur. Çünki hər kəs bu dəqiqə şuşalıdır, hər kəs Şuşanı sevir, hər kəs Şuşaya getmək istəyir, bunun üçün cəhd edir. Nə deyim axı? Şuşa artıq bizdədir, bundan ötəsi, bundan böyük gerçəklik yoxdur!

-Sizcə, Şuşada yaşamaq istəyən azərbaycanlıların sayı çoxdurmu?

-Məncə, Şuşada yaşamaq istəyən insanlar çox olacaq. Düşünürəm ki, təkcə Şuşada yox, işğaldan azad edilmiş digər ərazilərimiz və bölgələrimizdə də yenidənqurma işləri başa çatandan, biz həmin yerləri gülüstana çevirəndən sonra təkcə o bölgələrin insanları yox, bütün azərbaycanlılarımız həmin yerlərə gedəcək. 28 il həsrət qaldığımız yerləri görmək, orda yaşamaq istəyəcəklər. Çünki mən inanıram ki, biz oraları gülüstana çevirəcəyik. Bütün o viran qalmış yurdlarımız yenidən cənnət olacaq. Biz qayıdırıq və Şuşada yəqin ki, çox adam yaşamaq, qalmaq, görmək, o havanı ciyərlərinə çəkmək, o gözəllikləri görmək istəyəcək.

– Orda normal həyat axarı təmin etmək çoxmu çəkər?

-Normal həyatın təmin olunması üçün orda işlər gedir. Təkcə Şuşada yox, işğaldan azad edilmiş bütün torpaqlarımızda yenidənqurma işləri aparılır. Sürətlə davam edir. Bizim gəldiyimiz Daşaltından keçən meşə yolunda hər gün yeniliklər görmək mümkündür. Bu gün ordan keçən sabah yeni bir şeylər görür. Yollar çəkilir, infrastruktur bərpa olunacaq. Orda olanda deyirdilər ki, Şuşa bir neçə günə işıqla təmin olunacaq, generatorlara ehtiyac qalmayacaq. Mağazalar açılıb, daha sonra su təmin olunub. İnfrastrukturu düzəltmək üçün sürətli işlər gedir. Düşünürəm ki, bu, çox uzun zaman çəkməyəcək. Biz gözləniləndən daha tez bir zamanda o ərazilərimizi, bölgələrimizi cənnətə çevirəcəyik.

-Sizinlə səfərdə müğənnilər, sənət adamları da vardı. Onlarla Şuşada olmaq, onların gözü ilə Şuşaya baxmaq necə hiss idi? Özünüzü həm də ev sahibi kimi hiss edirdizmi? Onlara bələdçilik etmək, daha çox məlumatlı olmaq baxımdan…

-Bəli, mən orda səfərdə olanda müğənnilər, sənət adamları da gəlmişdi ora, onlarla görüşdüm. Bu barədə bir status da yazmışdım. Əslində çox da xoş təəssüratla qarşılaşmadım. Çünki kilsənin qabağında, oxuduğum Hüsü Hacıyev adına 4 saylı məktəbin qabağından keçəndə gördüm ki, sənətçilər ordadır, avtobusun yanında dayanıblar. Çox sevincli əhval-ruhiyyə ilə, qürurla, həyəcanla onlara yaxınlaşdım. Bir neçəsi ilə görüşdüm. Şəxsi tanış olduqlarım da vardı içərisində. Hamısına birdən, tam səmimiyyətlə, ürəyimdən gələn bir hisslə “Şuşamıza xoş gəlmisiz” dedim. Orda müğənni Zülfiyyə Xanbabayeva çox sərt bir şəkildə mənə cavab verdi ki, “Şuşa bəyəm tək sizindir? Şuşa hamımızındır”. Bunu dedi və sonra da “maşını gətirin” deyib, acıqla ordan uzaqlaşdı. Bir an başa düşmədim ki, nə baş verir. Düzü, mən o cümləni deyəndə Şuşanı nə özümüzünküləşdirirdim, nə də onları qonaq, özümü ev sahibi kimi təqdim edirdim. Yəni, mən 28 il sonra uşaqlığıma, Şuşama qovuşmuşdum. Orda azərbaycanlılarımızı, sənət adamlarımızı, tanış üzləri görmüşdüm. Mən “Şuşama” yox, “Şuşamıza xoş gəlmisiz” demişdim. O sözə o cür reaksiyanı mən heç gözləmirdim. Başa düşürəm, hər kəs Şuşanı görmək istəyir, təbii haqlarıdır. Amma bu, bəzi sənət adamlarına o haqqı vermir ki, şuşalılarla, o bölgənin adamları ilə elə davransınlar. Əslində ora hər kəsdən əvvəl, birinci növbədə 28 ildir Şuşanın həsrətində olanlar getməliydi. Olsun, onlar gəliblər, xoş gəliblər, səfa gətiriblər. Amma bizim də “Şuşamıza xoş gəlmisiz” sözümüzə adekvat reaksiya göstərməliydilər.

-Əlinizdə bir gəlincik oyuncaqla getmişdiz Şuşaya. Fotolarda elə görünür…

-Bəli, mən öz gəlincik oyuncağımla getmişdim. Bəziləri tərəfindən anlaşılmaya bilər. Amma inanın, mən o “kukla”nı Şuşadan gətirəndən sellofan torbanın içində saxlayıram. Oynamağa da qıymırdım. Heç qızıma da vermirdim ki, onunla oynasın. Şuşadan necə, təptəzə gəlib, eləcə də qalmışdı. Mən həmişə arzulayırdım ki, nə zaman Şuşaya getsəm, o gəlinciyi özümlə Şuşaya aparacam. Çünki Şuşada qoyub gəldiyim 12 yaşlı qızcığaz vardı… Bir gecədə böyüyən, hər şeyi əlindən alınan, müharibənin ən acı üzünü görən, bir gecədə məktəbsiz, dostsuz, evsiz, oyuncaqsız qalan 12 yaşlı Xatirəyə aparıb onu geri verəcəm ki, bax, mən gəldim. Oyunumuza qaldığımız yerdən davam edək deyəcəm. Onu da elədim. Tovuz hadisələri zamanı Avropada bizim azərbaycanlılara qarşı ermənilərin törətdiyi təxribat nəticəsində mən də zədə almışdım, çiynimdəki bayrağa qan tökülmüşdü. O vaxt söz vermişdim, mən bu qanlı bayrağı aparıb Şuşada evimizdən asacam. Balkonumuzdan həmin o qanlı bayrağı asdım. Niderlanddan özümlə gətirdiyim bayrağı Şuşadan asdım.

-Xatirə xanım, sizdən Şuşa ilə bağlı reportajlar, sənədli filmlər gözləyəkmi?

-Təbii ki, Şuşa ilə bağlı çox şeylər etmək istəyirəm. Amma konkret nə edəcəyimi bilmirəm. Çünki çox qarışıq duyğular içindəyəm. Şuşaya girəndən öz hisslərimi gözlədiyim kimi, doya-doya yaşaya bilmədim. Evimizə girəndə dondum. Mənə elə gəlirdi ki, Şuşaya girəndə hayqıracam, qışqıracam, qaçacam. Məktəbimizin həyətində “Urra, Şuşa bizdədir, Şuşaya qayıtdım” deyə qışqıracağımı, Cıdır düzündə sevincdən hönkürüb ağlayacağımı xəyal edirdim. Amma heç birini edə bilmədim. Sadəcə baxdım. Qəhər boğdu məni. Doya-doya ağlaya da bilmədim. Elə bil ki, sinəmdə bir yumruq vardı. O yumruq hələ də ordadır. Ona görə də hələ ki, özümə gəlməmişəm. Orda tərk edilmiş evlər vardı… Şuşada ermənilər Sovet İttifaqından qalmış beşmərtəbəli evlərdə yaşayıblar. Bizim mədəni irsimizi, mədəniyyətimizi özündə yaşadan məhəllələrimiz vardı. Orda 17 məhəllə vardı, hər məhəllənin öz bulağı, hamamı, məscidi, ibadət yeri vardı. Ordakı insanlar, o mədəniyyəti silməyə çalışıblar. O evlərdə yaşayış olmayıb. Təbii ki, bir çoxu dağılıb. Birinci Qarabağ savaşında onların atdığı, dağıtdığı, yerlə bir etdiyi məhəllələr var. O məhəllələrdən biri də mənim nənəmin yaşadığı məhəllədir. Getdim çəkməyə, heç nə qalmamışdı. 7 ailənin yaşadığı məhəllə yerlə bir idi, bir daşı belə qalmamışdı. Onları görmək, 30 illik tərk edilən, viran qalan evləri görmək çox acı idi. Özümə gələ bilmədim. Hər pəncərəyə baxanda, hər qırılmış şüşəni görəndə orda nələr yaşandığını gözümün qabağından keçirirdim. Orda nə ömürlər yarımçıq qalıb, nələr qoyulub gedilib. Yaşantılar, anlar… Hələ çox qarışığam. Özümə gəlib, hazır hiss edən kimi nəsə bir şey hazırlamaq istəyirəm Şuşa ilə bağlı.

Sevinc Telmanqızı, Musavat.com

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=159164

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031