Əliyalın millətin qolu dirsəyəcən qan olan canilərə dirəşdiyi gün

20.01.2021 - 10:11

Sürünən illər bizi o ağır günlərdən 31 dönüm uzaqlaşdırıb. Çox şeylər unudulub, xırda söz-söhbətlər yaddan çıxıb, amma 20 Yanvar faciəsinin yarası hələ də təzədir. Sadəcə, hər il üstü bir az qaysaqlayır, amma il dolanıb yanvarın 19-20-nə gələndə o qaysaq qopur, yaddaş təzələnir.

20 Yanvar faciəsi xalqımız üçün Kərbəla faciəsi kimidir, unudulmur, unudulmayacaq.

31 il əvvəlin hadisələrinə bu gün soyuq baxışlarla, indiki ağılla, uzun illərin təcrübəsi ilə baxmaq, mürəkkəb situasiyadan ən optimal çıxış yolunun nədən ibarət olduğunu müəyyən etmək asandır. Amma o vaxt çox çətin idi, bəlkə də heç mümkün deyildi.

Günün bu saatında siyasi ehtiraslar qızışanda belə minlərlə adam tapılır ki, “axıra qədər getməliyik, nə olur, qoy olsun”, “öldü var, döndü yox”, “ya məqsədimizə çatmalıyıq, ya hamımız ölməliyik” havasına girir, geriyə çıxış yolu qoymur, nəsə bir manevr etməyi haram buyururlar.

O vaxt daha çətin idi. Millətin inandığı adamlar “öldü var, döndü yox” demişdilərsə, qərar verilmişdi. Qərar dəyişdirilsəydi, xalq öndə olanlara xəyanət ittihamı irəli sürəcək, içindən qırılacaqdı.

Bu, indidir, minlərlə adam “yeganə yolumuz budur” deyə hökm verəndə on minlərlə adam da “bir durun, görək, başqa yollar da varmı, bəlkə elə yox, belə edək” deyir, düşünməyi üstün tuturlar.

O vaxt dərin düşünmək söhbəti yox idi. “Hurrey” deyib gedirdi insanlar. Millət qəfəsindən çıxmış şir kimiydi. Azadlıq havası kütləvi şəkildə insanların başını dumanlandırmışdı.

Hamımız unutmuşduq ki, bu, 20 əsrdə siyasət üstə ən çox dinc insan öldürmüş iki-üç dövlətdın biridir, ayaqları dizəcən, qolları dirsəyəcən qan içindədir, qanla qurulmuş, qanla möhkəmlənmiş bir rejimdir, onun başı çönsə yeganə əlacı qan tökməyə qalacaq və çəkinməyəcək.

Biz elə bilirdik ki, qanlı tarix keçmişdə qalıb, daha elə etməzlər. Bizə elə gəlirdi ki, bu dövlət hökumət binalarının pəncərələrindən əlacsız-əlacsız, qorxa-qorxa küçədəki kütləyə tamaşa edən məmurlardan ibaarətdir. Elə deyildi. Əli tətikdə olan və dişini qıcayanlar da vardı.

Onlar qırmızı imperiyanın, bütün zamanların ən böyük rus dövlətinin dağılmasını, sarsılmasını, kiçilməsini istəmirdilər və bundan ötrü ölümünə çarpışmağa, adam öldürməyə hazır idilər.

Bu, onların bacarmadıqları bir şey də deyildi, bundan əvvəl Budapeştdə, Praqada, Novoçerkasskda, Almatıda, Tiflisdə minlərlə günahsız insanın qanını axıtmış, dinc etriazları qanla boğmuşdular. Onların əsas məqsədi heç də insan öldürmək deyildi, insanları öldürməklə üsyankarları ram etmək, itaət göstərmələrinə nail olmaq idi.

Qırmızı imperiyanın başbilənləri, özlərini ov tazıları kimi aparan hərbçiləri Bakıda da məhz bunu etdilər. Fəqət hesaba alınmayan bir detal oldu. Bakı 40 gün Kremlə itaət etmədi, öz havasıyla, öz qayda-qanunlarıyla yaşadı. Heç ondan sonra da Azərbaycan xalqı rəsmi Moskvanı əvvəlki illərdə olduğu kimi saymadı, onun iradəsi ilə candərdi-canharayı hesablaşdı.

Bu gün tam cəsarətlə və obyektiv olaraq iddia etmək mümkündür ki, SSRİ-nin dağılmasını tətikləyən ən böyük hadisə məhz 20 Yanvar qətliamı olub. Bütün müttəfiq respublikalar məhz bu hadisədən sonra necə bir cəlladın təbəəsi olduqlarını anladılar və bildilər ki, bir az o yan-bu yan eləsələr, onların da başına bənzər faciələr gələ bilər.

Bu, quduz canavarla eyni qəfəsdə yaşamaq hissiydi, hər saat təhlükə gözləyənlər qəfəsin qapısı aralanan kimi çıxıb qaçacaqdılar. 2 ilə qalmadı, elə də oldu.

Əslində isə 31 il öncə biz nə ermənilər kimi Qərb zurnasının çalıdğı havaya oynayaraq SSRİ-ni dağıtmaq niyyətindəydik, nə də müstəqil dövlət qurmaq davası aparırdıq. Yeganə dərdimiz torpaqlarımızı və başımızın salamatlığını qorumaq idi. Bunun yolu aqressiv qonşuyla çarpışmaqdan və ona qahmar çıxan Kremlə dirəşməkdən keçirdi. Başqa yol yox idi. Əli-qolu yana salıb və ya havaya qaldırıb təslim olmaq olmazdı. Belə edənlərin başı heç vaxt salamat olmur.

Biz o vaxt xalqın bağrından qoparıb şəhidlər verdik, məğlubiyyətlə, torpaq itkisiylə barışmaq fikrində olmadığımızı göstərdik, düşmənlər hesablarını götürdü.

Ötən ilin noyabrında qazandığımz hərbi qələbənin qaynağı da 20 Yanvar şücaətidir.

Şəhid vermək çox kədərlidir, üzücüdür, amma belə görünür ki, qədimlərdə olduğu kimi, hələ də bunsuz mümkün deyil.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=160055

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031