Mart üçün əfv hazırlıqları-saysız müraciətlər var
Əfv Komissiyasının üzvü: “İclasın keçirilməsi üçün optimal variant tapılan kimi toplaşacağıq”
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasının keçirilməsi üçün hazırlıqlar var. Əfvlə bağlı həddən artıq müraciətlər mövcuddur. Əfv Komissiyasının yaxın zamanlarda işinə aktiv şəkildə keçməsi və işlərə baxılmasına qərar veriləcəyi gözlənilir.
Novruz bayramı ərəfəsində parlamentin Amnistiya Aktı qəbul edəcəyi və ya Prezidentin əfv sərəncamı imzalayacağı istisna deyil. Fevralın ikinci yarısından Əfv Məsələləri üzrə Komissiyanın iclaslarının keçiriləcəyi gözlənilir. Komissiyadan bildirilib ki, buna səbəb məhkumlar tərəfindən daxil olan müraciətlərin hədsiz çox olmasıdır. Sonuncu əfv sərəncamı 2019-cu ilin Novruz bayramında verilib. 2020-ci ildə isə iclas keçirilməsə də, ölkə rəhbəri tərəfindən daha bir əfv sərəncamı imzalandı və pandemiya ilə bağlı 65 yaşdan yuxarı bir qrup şəxs azadlığa çıxdı. Hazırda komissiyanın katibliyində həmin müraciətlərlə bağlı gərgin iş gedir. Daxil olan müraciətlərin çoxluğu nəzərə alınaraq, iclasların keçirilməsi nəzərdə tutulur.
Bu xüsusda Bakı İnsan Hüquqları Klubu İctimai Birliyinin (BİHK) sədri Rəsul Cəfərov və təşkilatın həmtəsisçisi, vəkil Cavad Cavadovla Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc arasında onlayn formatda görüş keçirilib. Müzakirələr zamanı əfvetmə və amnistiya, digər işlər üzrə təkliflər səsləndirilib.
Cavad Cavadov
Vəkil Cavad Cavadov “Yeni Müsavat”a deyib ki, keçirilmiş görüşü müsbət qiymətləndirir: “Zahid Oruc Əfv Komissiyanın üzvü olmaqla yanaşı, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəridir, deputatdır. Onunla müzakirələrimizin faydalı olacağına inanıram. Ümumiyyətlə, hökumətlə hüquq-müdafiə təşkilatlarının kommunikasiyasının olması özlüyündə müsbət haldır. Bizim təkliflərimiz oldu, həmin təklifləri yazılı şəkildə də təqdim etdik. Təkliflərimiz məhbus problemi, “Gəncə işi”, “Tərtər işi”, “Nardaran işi” və digər işlərlə bağlı idi. Əfvetmə haqda əsasnamədəki bəzi uyğunsuzluqlar haqda məlumat verdik. Bildirdik ki, əsasnaməyə görə əfv üçün müraciət edən şəxslərlə bağlı tələblər sırasında cəzanın yarısının çəkilməsi şərti irəli sürülür. Halbuki Azərbaycan Konstitusiyasına görə, əfvetmə Prezidentin müstəsna səlahiyyətlərindəndir. Əslində isə konstitusiya imkan verir ki, şəxs cəzasını çəkməyə başlamadan belə, Prezident onu əfv edə bilər. Əfvetmə haqda əsasnaməyə istinadla müraciətlərin geri çevrilməsinin aradan qaldırılması məsələsi müzakirə olundu. Məhkəmə hakimiyyəti ilə bağlı problemlər, həbsdə olan jurnalistlərin işləri, diffamasiya ilə bağlı məsələlər deyildi. Kommunikasiyanın olması çox faydalıdır. Hesab edirəm ki, belə görüşlər ümumilikdə cəmiyyətin inkişafına, ölkədaxili barış mühitinin formalaşmasına xidmət edir”.
Rəşad Məcid
“525″-ci qəzetin baş redaktoru, Əfv Komissiyasının üzvü Rəşad Məcid ”Yeni Müsavat”a deyib ki, son 1 ildə pandemiya səbəbindən təmsil olunduğu komissiya iclas keçirməyib: “Komissiya üzvü olaraq mənə də, komissiya katibliyinə də müraciətlər həddindən artıq çoxdur. Prezident Administrasiyasına da müraciətlər göndərilir. İclasın keçirilməsi üçün optimal variant tapılan kimi toplaşacağıq”.
Rəşad Məcid deyib ki, hazırda müraciətlər çeşidlənir və komissiyanın iclasına çıxarılmaq üçün hazırlanır: “Sadəcə olaraq, komissiya toplanmalıdır ki, hər bir müraciət araşdırılsın. Hər bir müraciətlə bağlı fərdi qərar verilir, münasibət bildirilir. Ona görə də komissiyanın toplanması vacibdir”.
Rəşad Məcid komissiyanın yaxın zamanlarda toplanacağını bildirdi. O, Novruz bayramı öncəsi əfv veriləcəyi ilə bağlı xəbərlərə münasibət bildirərkən sərəncamın veriləcəyini istisna etmədi.
Short URL: http://www.cumhuriyyet.net/?p=160610