Ramiz Mehdiyevə hücumlar “köhnə qvardiya”nı hərəkətə gətirə bilərmi?

11.02.2021 - 10:23

İqtidardakı köhnə qvardiyanın ən parlaq lideri, uzun illər daxili siyasətin sükanını idarə etmiş Ramiz Mehdiyev son vaxtlar ona qarşı gözdənsalma kampaniyası həyata keçirildiyindən şikayətlənir. Bəziləri isə iddia edir ki, Mehdiyevə qarşı rəftar digər yüksək ranqlı məmurları həvəsdən sala bilər. Hakimiyyəti qorumaq, lazım gələndə daha çox fədakarlıq, risk etmək üçün fəaliyyəti azalda bilər hakim komandada. Bu fikirdə olanların arqumenti belədir: deyilə bilər ki, Ramiz Mehdiyevlə belə davranıldısa, ona güzəşt edilmədisə, gör bizə nə edərlər.

Bu cür iddiaların əsası varmı?

R.Mehdiyev nəvəsinin toyundan sonra verdiyi bəyanatların birində müxalifətə reveranslar etmişdi. Müxalifəti, özü də hakimiyyətlə konfrontasiyada olan, müxalifətçilikdən çox Azərbaycana düşmənçilik edən müxalifəti tərifləmişdi. Onları bəzilərinə nümunə göstərmişdi. Bununla da hakimiyyətin bəlli ünvanlarına mesaj vermişdi. Köhnə qvardiyanın öndə gələn isimləri özlərini, varidatlarını, karyeralarını qorumaq və Ramiz Mehdiyevin gününə düşməmək, “sağ qalmaq” üçün hansı addımları atarlar?

Bu dəstə iqtidara hansı sürprizləri yaşadar? Dövləti nə formada şantaj və sabotaj edərlər? Buna cəsarətləri və gücləri çatarmı?

ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, Ramiz Mehdiyev iqtidar içində iqtidar olub. Onun fikrincə, administrasiyanın sabiq rəhbəri Rusiyanın siyasətini ölkəmizdə həyata keçirən adam idi: “Ramiz Mehdiyevin maraqları hakimiyyətin maraqları ilə üst-üstə düşəndə hakimiyyəti müdafiə edib. Maraqlar üst-üstə düşməyəndə isə əks mövqe tutub. Ona görə də insanlarda belə fikir yaranmışdı ki, iqtidarın dayağı Ramiz Mehdiyevdir. Əslində isə Ramiz Mehdiyev İlham Əliyev iqtidarı üçün dayaq olmayıb. Fikrimcə, o, İlham Əliyevə xidmət etməyib. Ramiz Mehdiyev özünə və Moskvaya xidmət edib. Sadəcə olaraq, geopolitik durumun dəyişməsi səbəbindən yerlər də dəyişməli oldu. Azərbaycanda Türkiyə daha çox möhkəmlənib. Paralel olaraq da burada Rusiyanın mövqeyini müdafiə edənlərin mövqeləri laxlayıb. Bu laxlamanın təsirindən də Ramiz Mehdiyev, eləcə də bir sıra başqa iri fiqurlar vəzifədən götürülməli olublar. Ramiz Mehdiyev Elmlər Akademiyasında rəhbər olsa da siyasətdən kənarlaşmadığını vaxtaşırı büruzə verdirir. Mətbuat xidmətinin tez-tez verdiyi bəyanat və açıqalamaları da bununla bağlıdır”.

Sərdar Cəlaloğlu: ile ilgili görsel sonucu

Sərdar Cəlaloğlu: “Əslində Ramiz Mehdiyev İlham Əliyev iqtidarı üçün dayaq olmayıb”

ADP sədri qeyd etdi ki, Azərbaycan müxalifətində də müəyyən mənada Rusiyanın maraqlarını müdafiə eləyən qüvvələr var. Ramiz Mehdiyev, sadəcə olaraq, həmin qüvvələrlə maraqlarının üst-üstə düşdüyünü, onlarla istənilən an birləşməsində problem olmadığı mesajını ötən il vermişdi. S.Cəlaloğlunun fikrincə, komandadakı “köhnələrin” iqtidara qarşı çıxmağa risk etməsi isə inandırıcı deyil: “Rusiya onları ciddi şəkildə müdafiə eləmədikcə, başda Ramiz Mehdiyev olmaqla, köhnə qvardiyanın addım atması mümkün deyil. Onların nə siyasi gücü var, nə xalq arasında ictimai dəstəyi. Köhnə qvardiya Rusiyanın himayəsində olmadıqca immun çatışmazlığı olan xəstənin vəziyyətinə düşəcək. İndiki halda da Rusiya Azərbaycanla bağlı əvvəlki siyasətini dəyişir. Bu baxımdan da köhnə qvardiya təsirsiz qalacaq, müqavimət göstərmək imkanları olmayacaq”.

Ramiz Mehdiyevə hücumlar ile ilgili görsel sonucu

Sabiq deputat Alqış Musayev isə bildirdi ki, Ramiz Mehdiyev səlahiyyət sahibi olduqca “Ramiz Mehdiyev problemi” həll edilməyəcək. Bu mövzuya tamamilə nöqtə qoyulmayınca çoxları üçün mənfi və ya müsbət örnək kimi qalacaq: “Ramiz Mehdiyev problemi həll edilməlidir, mövzuya nöqtə qoyulmalıdır. Bu nöqtəyə, zənnimcə, ictimai düşüncənin, dövlətçilik əxlaqının əşhədü ehtiyacı yaranıb. Elə məsələlər var, indi həll edilməlidir. Bəli, Ramiz Mehdiyevlə bağlı mövzuya  aydınlıq gətirilməlidir. Bu sualın cavabı indi verilməsə, müxtəlif  və əsassız yorumlar ortaya çıxacaq. Və belə yorumların  sonradan həqiqət kimi qəbul edilə bilməsi təhlükəsi var. Bu gün məmur özbaşınalığından danışırıq. Cənab Prezident məmurlar haqqında vaxtaşırı tənqidi fikirlərini söyləyir, yol göstərir, istiqamət verir. Bu tövsiyələri,  fikirləri bir yerə toplasan böyük həcmdə mükəmməl bir əxlaq kodeksi  alınar. Amma məmurların davranışı ilə bağlı problemlər qalır. Təbii ki, bu, səbəbsiz deyil. Özü də burada bir yox, silsilə  səbəblər var. Səbəblərdən biri deformasiyadır. Və bu deformasiyada,  aşınmada Ramiz Mehdiyev ”müstəsna xidmətlər” göstərib.

Öz işi ilə məşğul olmayan məmur obrazını “akademik” səviyyədə Ramiz Mehdiyev yaradıb. Necə ki, o, özü elmə dəxli olmaya-olmaya “elmi nailiyyətlərə” imza atıb, özünü dövrümüzün “mahir tədqiqatçısı və görkəmli filosofu” elan edib, akademik seçdirib və sair.

Prezident Administrasiyasının rəhbəri öz işi ilə məşğul olmayıbsa, başqasına nə demək olar, başqasından nə tələb etmək olar? Yəni Ramiz Mehdiyev bu gün məmurlar üçün mənfi örnək rolundadır. Yerində olmayan məmur heç vaxt öz işi ilə məşğul olmur”.

Alqış Musayev: ile ilgili görsel sonucu

Alqış Musayev: “Yerində olmayan hər bir məmur sabitlik üçün potensial təhlükə mənbəyidir”

A.Musaoğlu çevriliş ehtimalı haqda gedən müzakirələrə də toxunub: “Bu gün Azərbaycanda çevriliş barədə fikirlər dilə gətirilir. Düzdür, hazırda Azərbaycan Prezidentinin reytinqi, nüfuzu özünün pik həddini yaşayır. İlham Əliyev tarixə Şuşanın, Qarabağın fatehi, Azərbaycanın ərazi bütövlüyünün bərpaçısı kimi daxil olur. Bu da ki, hər liderə, hər dövlət başçısına nəsib olmayan müqəddəs bir şərəf, uca bir məqamdır. Ona görə bu gün Azərbaycanın siyasi səhnəsində İlham Əliyevin bir alternativi ola bilər, o da Cənab Prezidentin özüdür.

Eyni zamanda çevriliş cəhdləri ilə bağlı səslənən hər hansı ehtimalı da – bu, praktiki baxımdan mümkün olmasa belə – qulaqardına vurmaq olmaz. Çünki yerində olmayan hər bir  məmur, sabiq məmur sabitlik üçün potensial təhlükə mənbəyi olaraq qalır. Ona görə də Ramiz Mehdiyevə öz yerini göstərmək lazımdır ki, başqaları da bundan dərs alsın”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161133

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728