Ermənilərin 20 fevral imtahanı: cəhənnəm yolunu seçəcəklər, yoxsa…

19.02.2021 - 10:43

İşğalçı ölkədə iqtidar-müxalifət mübarizəsinin “sezon final”ı yaxınlaşır; Qarabağ klanının üzvləri “siçan deşiyi”ndən gün işığına çıxıb, Qarabağın baş terrorçusu da özünü Kremlə təklif edir…

Ermənistanın mövcud hakimiyyəti ölkəni düşdüyü böhrandan çıxartmaq üçün cəhdlər göstərməkdə ikən, ölkə müxalifəti Nikol Paşinyana qarşı son savaşda qərarlıdır. Fevralın 20-də ölkədə keçiriləcək ümumrespublika mitinqinin say və keyfiyyət baxımından əvvəlkilərə bənzəməyəcəyini iddia edənlər aksiyaya hətta polisin də müdaxilə edə bilməyəcəyini deyərək, daha çox tərəfdarlar cəlb etməyə çalışırlar.

Düzdür, artıq Ermənistan polisi öz tərəfindən xəbərdarlıq edib. Xüsusilə də işəgötürənlərin mitinqə zorla işçilərini göndərmək niyyəti barədə məlumatlara istinad edən polis bunun cinayət və inzibati məsuliyyət yaratdığını xatırladıb. Müxalifətin baş nazirliyə “naftalin iyi” verən namizədi Vazgen Manukyan çox arxayın görünməyə çalışır. Məlumatlara görə, xüsusilə də hakimiyyətə gəldiyi ilk gündən Nikol Paşinyanı devirməyə çalışan Rusiyadakı erməni diasporunun başında duran milyarderlərin etirazçıları maliyyələşdirdiyi barədə məlumatlar var. Xatırlatmaq yerinə düşər ki, N.Paşinyan 2018-ci ildə Moskvaya səfəri zamanı erməni oliqarxların simpatiyasını qazanmağa çalışsa da, buna nail olmamışdı. Bu il Paşinyanın Rusiya səfəri zamanı da erməni diasporu ona qarşı etirazlar təşkil edərək, istefaya çağırmışdılar. Belə olan təqdirdə erməni müxalifətinin Nikola qarşı səfərbər olunması üçün diasporanın pulundan keçməsində təəccüblü heç nə yoxdur. Üstəlik, söhbət “Sorosun uşağı”na qarşı Rusiyadakı erməni diasporunun təmsilçilərinin mübarizəsindən gedirsə, məsələnin mahiyyəti tam anlaşılandır.

Lakin məsələ burasındadır ki, hazırkı dönəmdə N.Paşinyanın başqa birisi ilə əvəzlənməsi bölgədəki kövrək stabilliyin pozulmasını tətikləyə bilər. Təkcə ona görə yox ki, noyabr 2020 və yanvar 2021-ci il razılaşmalarında üçüncü tərəf N.Paşinyan olub. Rusiyanın təşəbbüsü ilə reallaşan dinc tənzimləmələrin üstündən xətt çəkməyə qeyri-Paşinyanın cəsarəti çatmaz. Ancaq revanşa cəhd edən qüvvələrin Qarabağ və kommunikasiyalarla bağlı təxribatçı davranışları sönmüş ocağın alovlanmasına, prosesin əvvəlki gərgin müstəviyə qayıtmasına rəvac verə bilər. Bu ssenaridə isə Rusiyanın maraqlı olmadığını əminliklə söyləmək olar. Vladimir Putin Qarabağda sülhün təminatçısı statusunda tanındığı halda, niyə imicinə və məramına xələl gətirən proseslərə imkan yaratsın ki? Ancaq Rusiyadakı erməni lobbisinin, həm də Rusiya hakimiyyətində yer alan ayrı-ayrı ermənipərəstlərin, Dumadakı erməni sevdalıların da gərginlik yaratmağa meylli olmadığını demək olmaz. Əks təqdirdə, Qarabağdakı terrorçu rejimin başçısı Araik Arutyunyanın “rus dili” oyunbazılığı ilə məşğul olmazdı. Söhbət Arutyunyanın rus dilinin “rəsmi dil” kimi tanınması istiqamətində layihəni ortaya atmasından gedir. Düzdür, Ermənistandakı Qarabağ klanı və Paşinyana qarşı birləşmiş müxalifətin təmsilçiləri israrla növbəti müharibənin alovlanmasına cəhd göstərirlər. Ancaq onların dedikləri sabun köpüyü kimi əriyib gedir, çünki sözlərinin arxasında hər hansı güc dayanmır, nə elektorat, nə səlahiyyət, nə hərbi qüvvə baxımından. N.Paşinyana isə indiki durumda gərginlik sərfəli deyil. O, 44 günlük dərsin “məzunu”dur, üstəlik, daxildəki qüvvələrlə savaşın ardınca Azərbaycanla növbəti müharibəyə risk etsə, ölkəsini də itirər. Deməli, A.Arutyunyan, başının dəstəsi ilə həm də Rusiyanın qoltuğunun altına sığınmaq üçün yeni ssenari qurub. Əslində ötən illər ərzində Dağlıq Qarabağın Rusiyaya “birləşdirilməsi” kimi sərsəm fikirlər səslənirdi. Lakin indi Rusiya sülhməramlılarının təsir dairəsi altına düşmüş ermənilər rus hərbçilərə tort bişirmək mərhələsindən, onları “dil”lə ələ almaq planını düzüb-qoşmaq istəyirlər. Hələlik rəsmi Bakı erməni avantüristlərin bu hoqqabazlığına reaksiya verməyib. Ancaq ictimai rəy bundan ibarətdir ki, Araik və onun arxasında dayananlar bu kimi fitnə-fəsadlarla Qarabağda antiterror hərəkatını yaxınlaşdırırlar.

Fazil Mustafa ile ilgili görsel sonucu

Fazil Mustafa

Deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, biz Araik Arutyunyana son sözünü rusca deməsinə imkan yaradacağıq: “Hansı oyunlardan çıxırlarsa çıxsınlar, əlimizdəki ərazilərdə tam məskunlaşandan sonra bölgədə separatçıların Azərbaycan dövlətinə boyun əyməsini təmin edəcəyik. Bu addımlar qıcıqlandırıcı mahiyyət daşıyır, altında əsas məqsəd Rusiyanın və yerli sakinlərin rəğbətini qazanmaqdır. Biz ilkin olaraq əlimizdə olan ərazilərdə tam möhkəmlənməliyik ki, ikinci mərhələyə, yəni erməniləri qanunlarımıza tabe etdirməyə daha rahat başlaya bilək”.

****

Bu dönəmdə Qarabağ klanının önə çıxmaq cəhdləri açıq-aydın müşahidə olunur. Öldürülməmiş ayının dərisi uğrunda mübarizə aparan bu yırtıcılar bir-birinin ardınca gün işığına çıxmağa başlayıblar. Moskva səfərindən sonra böyük siyasətə qayıtdığını elan edən eks-prezident Robert Köçəryandan sonra digər Qarabağ canisi Serj Sərkisyan xortladı. Düzdür, o, heç yerə getməmişdi, ancaq aktiv də deyildi, hətta partiyası olsa belə. Bugünlərdə silsilə müsahibələr verən Sərkisyan Ermənistanın rəhbər vəzifələrində olmayacağını deməklə yanaşı, növbədənkənar parlament seçkilərində partiyası ilə birgə iştirakını istisna etməyib. Onun Paşinyanı Qarabağdakı məğlubiyyətinə görə tənqid etməsi, özü ilə bağlı “çoxbilmiş” obrazını yaratmaq  cəhdi isə xalqın rəyini öyrənmək istəyindən xəbər verir. Sərkisyan Ermənistan ermənilərinin Qarabağ ermənilərindən az çəkmədiyini və 2008-ci ildə onlara qarşı cinayətlər törədildiyini anladığı üçün ehtiyatlı davranır. “Siçan deşiyi”ndən növbəti çıxan isə keçmiş müdafiə naziri, digər Xocalı soyqırımı canisi Seyran Ohanyan oldu. Şuşadan özünün də etiraf etdiyi kimi, 6 noyabrda qaçan bu əclaf indi başından böyük danışır. Müsahibəsində Serj Sərkisyanın dediklərini müdafiə edib, mövcud hakimiyyəti ittiham edib. Bunların məhz 20 fevral aksiyası qabağı fəallaşması təsadüf deyil. Belə olan təqdirdə sual çıxır: erməni müxalifəti, Qarabağ klanı Paşinyanı devirə, yaxud bəzi rus ekspertləri deyən kimi, onu öldürə bilərlərmi? Yoxsa 17 fevralda Nikola zəng edən Putin bu dəfə onu müdafiə edəcək?

Zaur Məmmədov ile ilgili görsel sonucu

Zaur Məmmədov

Politoloq Zaur Məmmədov hesab edir ki, Ermənistanda müxalifətin əsas hədəfi güc və ya dinc yolla Paşinyanı hakimiyyətdən qovmaqdır: “Onlar 20 fevralda kütləviliyə nail olmağa çalışırlar ki, dövlət binalarını zəbt etsinlər. Fevralın 20-də Ermənistanda keçiriləcək ümumxalq mitinqi öncəsi Paşinyanla Putin arasında telefon danışığı baş tutub. Danışıqların ictimaiyyətə açıqlanan tərəflərini qoysaq kənara, böyük ehtimalla Ermənistandakı daxili vəziyyət də müzakirə edilib. Qeyd edim ki, Ara Abramyanın başçılığı altında ümumrusiya erməni diasporası Paşinyanın devrilməsi və bu mitinq üçün Köçəryana milyonlarla rubl göndərib. Bəzi mənbələrdə 30 milyondan söhbət gedir. Məbləğın bəzi hissəsi mitinqdə kütləviliyi təşkil edənlərə paylanılacaq”.

Bəs Paşinyan gedərsə, xüsusilə də Qarabağla bağlı anlaşmalar ətrafında nə baş verəcək? Z.Məmmədov: “Rusiyaya yaxınlığı ilə seçilən qüvvələrin hakimiyyətə gəlişləri Qafqazdakı yeni proseslərə təsirsiz ötüşsə də, Xankəndi məsələsində Moskva və İrəvanın eyni xətt aparacaqlarına gətirib çıxaracaq. Bu, sülhməramlıların nəzarətindəki torpaqların de-fakto Donbas ssenarisinə yaxınlaşmasına gətirib çıxara bilər. Amma əgər hakimiyyətdə Paşinyan və ya Ter-Petrosyanın ideoloji görüşünü bölüşən şəxs olarsa, bu, Ermənistanın Xankəndi haqqında düşünmədən dövlətçiliyinin qorunması və gələcəyə baxmasına gətirib çıxara bilər”.

Ekspert qeyd etdi ki, hər halda, Qarabağ ətrafında artıq danışıqların əsas tərəfi Ermənistan tərəfi deyil, Rusiyadır: “Söhbət Qarabağdan düşmüşkən, Ermənistan və Rusiya çox yaxşı anlayırlar kı, nəinki Xankəndi, hətta Zəngəzurun Qərb hissəsi də tarixi vətəninə qovuşmaqdadır. Tarixi ədalət tezliklə bərpa ediləcək”. Z.Məmmədov qeyd etdi ki, böyük siyasətə qayıtdığını elan edən Köçəryanın məqsədi bəllidir: “O, Ermənistanın İvanişvilisi olmaq iqtidarındadır. Top Baydendədir. ABŞ və Avropa İttifaqı Rusiya ilə geosiyasi mübarizə kontekstində indiki hakimiyyətə dəstək verməlidirlər. Əks halda, Ermənistan suverenliyini tam itirəcək və 2025-ci ilə qədər Belarusla birlikdə Rusiyanın quberniyasına çevriləcək. Digər tərəfdən, Ermənistandakı hadisələr avtomatik olaraq Qərb üçün Azərbaycanın yerini daha da möhkəmləndirəcək”. Politoloq hesab edir ki, Vaşinqton Bakı ilə münasibətlərdə ciddi addımlar atacaq: “Bu isə ölkəmizin şimal və qərb istiqamətlərində manevr imkanlarını genişləndirəcək. Yeri gəlmişkən, yaxın vaxtlarda Bakı və London arasında hərbi sahədə planlaşdırılan anlaşma da regionda ciddi proseslərdən xəbər verir. Öz növbəsində, Azərbaycan və İsrail arasında da 2 milyard dollarlıq yeni silah sazişinin imzalanması gözlənilir”.

Bu durumda isə Ermənistanın müxalifət Partiyasının üzvləri Rusiyanın İrəvandakı səfirliyinin qapısını döyməkdə davam edirlər. Növbəti dəfə Daşnaksütyun partiyasının büro üzvləri Armen Rustamyan və İşxan Saqatelyan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşüblər. “Yeni Müsavat” erməni mediasına istinadən xəbər verir ki, görüş zamanı Ermənistan-Rusiya münasibətləri, Ermənistanın daxili siyasi vəziyyəti, Dağlıq Qarabağdakı  durum, həmçinin Rusiyanın bölgədəki sülhməramlı missiyası ətrafında müzakirələr aparılıb. Daşnakların Qarabağla bağlı mövqeyi bəllidir. Ancaq heç şübhəsiz onların rus səfirlə budəfəki görüşündə əsas məqsəd Paşinyanla bağlı Kremlin mövqeyini öyrənmək olub. Ola bilsin, Kopırkin daşnaklara elə “sehrli” kəlmə deyib ki, onlar öz dərslərini alıblar. Hər halda, görüşdən sonra təfsilatlı açıqlama verilməməsi də diqqət çəkir. Gözləyək, görək ermənilərin 20 fevralı nə ilə başa çatacaq. Bizə sadəcə baş verənlərə tamaşa etmək qalır. Ermənistanın daxili toqquşmalar nəticəsində daha da zəif düşməsinin Azərbaycana yalnız faydası var. Beləcə, işğalçı ölkədə iqtidar-müxalifət mübarizəsinin “sezon final”ı yaxınlaşır. Qarabağ klanının üzvləri “siçan deşiyi”ndən gün işığına çıxıb, daşnaklar Rusiyaya çıxış yolları axtarır, regionda yeni müharibə başlasa belə, hakimiyyətə gəlməkdir əsas məqsəd.

Dövlətimizin başçısı Zəfər paradında bütün qonşularına normal əməkdaşlıq təklif edib. Ancaq ermənilər bu əməkdaşlığa müsbət cavab vermək istəyənləri daş-qalaq edirlərsə, olsun. Dalandan çıxmaq, qonşularla normal münasibət qurmaq istəmirlərsə, cəhənnəm halal haqlarıdır…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161530

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031