Seçki yaxınlaşır: Türkiyədə prezident kim olsun – SORĞU

03.02.2022 - 12:04

Türkiyədə 2023-cü ilin iyun ayında növbəti prezident seçkiləri keçiriləcək. Seçkilərə bir ildən çox vaxt qalmasına baxmayaraq, Türkiyə cəmiyyətində indidən müzakirələr qızışıb, prezidentliyə iddia edən bəzi namizədlər ortaya atılıb.

 

Qardaş ölkədə baş verən bütün önəmli proseslər Azərbaycanda da diqqət mərkəzindədir. Maraqlıdır, Azərbaycanda müxtəlif sahələrin öndə gedən şəxsləri Türkiyədə növbəti seçimdə kimin prezident olmasını arzulayırlar?

 

Modern.az bu suala cavab tapmaq üçün sorğu keçirib.

 

 

Sabiq deputat, tanınmış təhsil eksperti Şahlar Əsgərov deyir ki, seçimi Türkiyə vətəndaşları etməlidir:

 

“Bu işdə münəccimliyə yer yoxdur. Prezidentliyə namizədlər bir neçə nəfər olarsa, onlar arasından elmi seçim etmək olar. Xüsusi suallara cavab almaqla düzgün seçim etmək mümkündür. Bunun üçün aşağıdakılara oxşar 20-25 sual kifayətdir:

 

1. Haqqı sevmək, yoxsa vətəni sevmək üstündür?

2. Dünyanı sevmək, yoxsa axirəti sevmək lazımdı?

3. Yemək üçün yaşamaq, yoxsa yaşamaq üçün yemək məsləhətdir?

4. Eqoist futbolçu hücumçu, yoxsa müdafiəçi olsa yaxşıdı?

5. Məmurlar restoranın zalında, yoxsa kabinetdə “obed” etsələr yaxşıdır?”

 

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı hazırki Prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləyir:

 

“Türkiyə-Azərbaycan münasibətlərinin bugünkü səviyyəyə qalxmasında böyük xidmətləri olan, qardaş Türkiyəni dünya miqyasında güclü söz sahibi edən Rəcəb Tayyib Ərdoğanı ən layiqli namizəd kimi dəyərləndirirəm. Əminəm ki, 2023-cü ildə qardaş Türkiyə xalqı Türkiyənin və Türk dünyasının gələcəyi üçün ona səs verəcək”.

 

 

İqtisadçı-deputat Vüqar Bayramov vurğulayıb ki, Türkiyə və Azərbaycan arasında uzun illər davam edən strateji əməkdaşlıq var. Münasibətlər kifayət qədər yüksək səviyyədə olub:

 

“Son zamanlar Türkiyənin Azərbaycanın haqq işinə yaxından dəstək olması inkişaf edən qardaşlıq nümunəsinin formalaşdırıldığını göstərir. Həm iqtisadi, həm də strateji əməkdaşlıqlar yüksək səviyyədə inkişaf edir. Türkiyədə seçkilərin nəticəsini seçkiyə qatılan Türkiyə vətəndaşları müəyyənləşdirir və onların əksəriyyətinin dəstəkləyəcəyi şəxs Türkiyənin prezidenti olacaq. Seçiləcək şəxsin Türkiyəni irəli aparacağına inanıram. Təbii ki, qardaş ölkədə demokratik və şəffaf seçkilərdə qalib gələn şəxs, qarşıdakı dövrdə Türkiyənin yeni uğurlara imza atmasına səbəb olacaq. Hər bir halda iki ölkə arasında dərinləşmiş münasibətlər qarşıdakı dövrdə də inkişaf edəcək”.

 

 

Türkiyədə yaşayan politoloq Ramiya Məmmədova düşünür ki, Ankaranın Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə yürütdüyü siyasət əlverişlidir:

 

“Hesab edirəm ki, digər partiyaların gəlişi sistemi tamamilə başqa səmtə yönləndirəcək. Bir çox versiyalar səsləndirilsə də, məncə, Ərdoğanın hakimiyyətdə qalması daha məqsədəuyğundur. Lakin nəzərə almalıyıq ki, Türkiyədə hakimiyyət bir partiyadan ibarət deyil və Ərdoğan növbəti seçkilərdə yalnız koalisiya ilə hakimiyyətə gələ bilər”.

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi gələn il qardaş ölkədə keçiriləcək seçkilərlə bağlı bunları deyib:

 

“İstisnasız olaraq, Türkiyə xalqının demokratik yolla seçdiyi istənilən şəxs bizim üçün Türkiyə xalqının iradəsinin ifadəçisidir. Arzularımız bu yöndədir ki, Türkiyə xalqı istədiyi şəxsi özünə prezident seçsin. Bunun kim olması xüsusi önəm kəsb etmir. Türkiyə siyasəti ilə bağlı istədiyimiz yeganə məsələ orada demokratiya və azadlıqların olmasıdır”.

 

 

Xaricdə yaşayan azərbaycanlı jurnalist Vahid Qazi:

 

“Atatürkçü, Cümhuriyyət Xalq Partiyasından (CHP) iqtidara güc gələ biləcək istənilən namizədi dəstəkləyirəm”.

 

 

Bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi Cavanşir Quliyev Türkiyənin siyasi tablosundan xəbərsiz olduğunu, prezidentliyə namizədləri tanımadığını bildirib:

 

“Türkiyənin Cumhurbaşkanını Türkiyə xalqı seçəcək – bizə bu barədə fikir yürütmək həm düşməz, həm də yaraşmaz”.

 

 

Türkiyənin Erciyes Universitetinin ermənişünaslıq bölümünün başqanı, Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı indidən fikir söyləmək üçün erkən olduğunu bildirib:

“Hələ kimlər ortaya çıxacaq bəlli deyil. Müxalifətin də ortaq namizədi yoxdur. “Cumhur ittifaqı” Ərdoğanı namizəd göstərib. Hələlik onun rəqibi yoxdur. Ortaya birisi çıxsa, o zaman konkret fikir bildirmək olar”.

 

Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləyir:

“Qarabağın azad olunmasında Azərbaycanı tək buraxmayan, siyasi, diplomatik dəstəyi ilə ölkəmizin hər zaman yanında olan Rəcəb Tayyib Ərdoğanın yenidən prezident olmasını istəyərdim”.

Short URL: http://www.cumhuriyyet.net/?p=169983

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728