İlham Əliyev: “Biz bilirik nə istəyirik”
“Beynəlxalq təşkilatlarla yanaşı, qonşu ölkələrlə də sıx əlaqədə idik. Bütün qonşu ölkələr yeni, postmünaqişə reallıqlarını qəbul etmişlər və bu da çox müsbət hal kimi qiymətləndirilməlidir”.
Cumhuriyyet. az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.
“Eyni zamanda, 3+3 əməkdaşlıq formatının işə düşməsi də bizi sevindirir. Birinci belə görüş keçirilmişdir. Birinci görüşün gündəliyi yox idi. Bu, sadəcə olaraq, bu formatı yaratmaq üçün bir görüş idi. İkinci görüş üçün gündəliklə bağlı bizim planlarımız var, hansı məsələlər orada müzakirə olunmalıdır. Hesab edirəm ki, yaxın gələcəkdə ikinci görüş də keçirilməlidir. Yəni, vaxt itirmək lazım deyil. Bizə bu formatlar, sadəcə olaraq, görüntü naminə lazım deyildir. Bu formatlar əgər konkret nəticə verməsə, onda onun əhəmiyyəti də itəcəkdir.
Biz real işlərin tərəfdarıyıq və gələcəkdə bölgənin inkişafı ilə bağlı bizim çox aydın təsəvvürümüz var, biz bilirik nə istəyirik və öz məqsədlərimizə bundan sonra da çatmaq üçün bütün imkanlardan istifadə edəcəyik. Bax, postmünaqişə dövrü ilə bağlı əsas məsələlər bundan ibarətdir və bu işlərin böyük hissəsi 2021-ci ildə, bir hissəsi isə bu ilin üç ayında görülüb. Bu, bizə imkan verir ki, əgər bütün bu gündəlik həyatda öz əksini taparsa, bölgədə, doğrudan da Cənubi Qafqazda sülh olacaq, əmin-amanlıq olacaq, müharibə riskləri böyük dərəcədə azalacaq və beləliklə, biz rahat yaşaya bilərik. Azərbaycan xalqına xas olan yüksək xüsusiyyətləri nəzərə alaraq qurub yarada bilərik. Bunu edirik və bu haqda da bu gün danışacağıq”, – deyə dövlətimizin başçısı qeyd edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=173432