Doğumun, ölümün və atalığın müəyyən edilməsi qaydası dəyişir

20.07.2022 - 11:34

Doğumun, ölümün və atalığın müəyyən edilməsinin dövlət qeydiyyatı qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və icra hakimiyyətinin nümayəndəliyinə getmədən elektron müraciət əsasında həyata keçirilə biləcək.

Cumhuriyyet.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin dəyişiklik etdiyi “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərarda öz əksini tapıb.

Qərara əsasən, şəxsin arzusundan asılı olaraq müvafiq şəhadətnamə Ədliyyə Nazirliyinin informasiya sistemindən çap olunaraq vəzifəli şəxsin imzası ilə təsdiq edilməklə kağız daşıyıcıda da təqdim edilə bilər. Qeydiyyatı elektron qaydada aparılan vətəndaşlıq vəziyyəti aktlarının akt qeydi qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyətinin nümayəndəliyinin vəzifəli şəxsinin gücləndirilmiş elektron imzası ilə təsdiq ediləcək. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan vəzifəli şəxs müvafiq qeydin həmin qeyd üzrə razılığı tələb olunan digər şəxslərlə razılaşdırılmasının yoxlanılmasını təmin edəcək. Nikahda olan valideynlərdən doğulmuş uşağın doğumunun qeydə alınması üçün valideynlərdən biri müraciət etdikdə, bu halda güman olunur ki, o digərinin razılığı ilə hərəkət edir. Müraciət edən şəxs tərəfindən yalan məlumat təqdim edilməsi gələcəkdə həmin akt qeydinin ləğvi üçün əsasdır.

Eyni zamanda qərara görə, nikahı olmayan anadan doğulan uşaqlar istisna edilməklə, doğumun qeydə alınması üçün elektron qaydada müraciət olunduqda hər iki valideynin şəxsiyyətini təsdiq edən sənəd barədə məlumatın təqdim edilməsi tələb olunacaq.

Həmçinin, atalığın müəyyən edilməsinin qeydə alınması qaydasına da dəyişiklik edilir. Qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən edilməsi haqqında akt qeydinə əsasən doğum haqqında akt qeydində müvafiq dəyişikliklər edəcək və doğum haqqında yeni şəhadətnamə verəcək. Doğum haqqında əvvəllər verilmiş şəhadətnamə ləğv ediləcək. Doğum haqqında akt qeydinin digər nüsxəsində və Ədliyyə Nazirliyinin informasiya sistemində müvafiq dəyişikliklərin edilməsi üçün qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə informasiya sistemi vasitəsilə elektron qaydada bildiriş göndəriləcək.

Doğum haqqında akt qeydi başqa qeydiyyat şöbəsində və ya konsulluq idarəsində saxlanıldıqda, atalığın müəyyən edilməsini qeydə almış qeydiyyat şöbəsi və ya konsulluq idarəsi doğum haqqında akt qeydində müvafiq dəyişikliklərin edilməsi məqsədilə dərhal Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə həmin qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə elektron qaydada bildiriş göndərəcək.

Bildirişi alan orqan 1 iş günü müddətində doğum haqqında akt qeydində dəyişiklik edəcək, doğum haqqında akt qeydinin digər nüsxəsində və Ədliyyə Nazirliyinin informasiya sistemində müvafiq dəyişikliklərin edilməsi üçün bildirişi elektron qaydada Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə ötürəcək.

Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivi növbəti iş günü ərzində akt qeydinin digər nüsxəsində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemində dəyişiklik edir və bu dəyişiklik informasiya sistemində əks olunduqdan sonra atalığın müəyyən edilməsini qeyd etmiş qeydiyyat şöbəsi və konsulluq idarəsi doğum haqqında yeni şəhadətnamə verəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=178940

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728