VHP-dən aksiyaçılara dəstək:” Laçın dəhlizindəki aksiya Azərbaycan xalqının iradəsidir”
Vətəndaş Həmrəyliyi Partiyası Rusiya sülhməramlılarının destruktiv fəaliyyəti və Azərbaycanın qeyri-hökumət təşkilatlarının etiraz aksiyası ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir:
“Erməni separatçıları və onlara himayədarlıq edən sülhməramlı adlı rus hərbi kontingentinin dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyətin monitorinqinə imkan verməməsi Azərbaycan ictimaiyyətində ciddi etiraz doğurub. Bununla bağlı artıq neçə gündür ki, qeyri-hökumət təşkilatları Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xanləndi yolunun qovşağında etiraz aksiyası keçirir. Aksiya iştirakçıları faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz edir, həmin yataqlarda monitorinq aparılmasına Rusiya sülhməramlıları tərəfindən şərait yaradılmasını tələb edirlər.
Azərbaycan xalqının iradəsini ifadə edən dinc aksiya Ermənistan tərəfindən az qala Qarabağ ermənilərinin girov saxlanılması və ya soyqırım siyasəti kimi təqdim edilir. Ermənistanın Azərbaycan tərəfini Laçın yolunu bağlamaqda ittiham etməsi riyakarlıqdan başqa bir şey deyil. Üçtərəfli bəyanatdakı öhdəlikləri yerinə yetirməyən Ermənistan, öz sülhməramlı missiyasının tam əksinə davranan isə Volkov və onun hərbi dəstəsidir.
Əvvəla, Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Azərbaycan ərazilərində müvəqqəti yerləşmiş Rusiya Federasiyasının sülhməramlıları tərəfindən bağlanıb. Digər tərəfdən, Azərbaycan tərəfi ərazilərimizdə yaşayan bütün vətəndaşlarımızın, o cümlədən erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır və Ermənistan tərəfinin iddialarının heç bir əsası yoxdur.
Biz sülhməramlı adlanan Rusiya hərbi birləşmələrinin separatçı qüvvələri dəstəkləməsini qətiyyətlə pisləyir, öz səsimizi aksiya iştirakçılarının səsinə qatırıq.VHP bəyan edir ki, qeyri-hökumət təşkilatlarının etiraz aksiyası xalqın konflktləri dinc anlaşma yolu ilə həll etmək istəyini əks etdirir. Eyni zamanda, Azərbaycanın suverenliyinə qarşı hər hansı bir təhdidə cəhd edən istənilən qüvvə bilməlidir ki, xalqımızın “yumşaq gücl”ü ilə yanaşı, “Dəmir Yumruq” da cavab üçün hər zaman hazırdır.”
Short URL: http://www.cumhuriyyet.net/?p=186445