Britaniyalı nazir Tofiq Bəhramovun abidəsini ziyarət etdi
Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ferqus Ould tanınmış futbol hakimi Tofiq Bəhramovun abidəsini ziyarət edib.
Cumhuriyyet.az xəbər verir ki, F. Ould həmyerlisi ilə abidənin qarşısında çəkdirdiyi fotonu özünün Tvitter hesabında paylaşıb.
Səfir postun üzərində Azərbaycan dilində bu sözləri yazıb: “Futbol həm Böyük Britaniyada, həm də Azərbaycanda çox sevilir. İngiltərənin 1966-cı ildə futbol üzrə dünya çempionatını qazanmasında Tofiq Bəhramovun ədalətli qərarının böyük rolu olub. Odur ki, nazir Leo Dokerti ilə bura mütləq gəlmək istəyirdik”.
Qeyd edək ki, İngiltərə yığması DÇ-1966-nın finalında Almaniya seçməsini 4:2 hesabı ilə məğlub edib. Həmin matçda yan xətt hakimi olmuş Tofiq Bəhramov İngiltərənin vurduğu 3 topun qapı xəttini keçdiyini bildirərək, qolun qeydə alınmasına nail olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=188624