Bu gün Brüsseldə üçtərəfli görüşdür – Paşinyana “soyuq duş…”

05.04.2024 - 11:09

Rusiyadan növbəti xəbərdarlıq və Ermənistandan qorxaq reaksiya; deputat: “Ermənistana hərbi dəstəyə haqq qazandırmaq üçün Azərbaycana qara yaxılması…”

Bu gün-aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə görüşü planlaşdırılır. Görüşün Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edəcəyi ehtimal olunur.

Rəsmi olaraq açıqlanan gündəm erməni dövlətinin inkişafına və sabitliyinə töhfə verəcək üçtərəfli əməkdaşlıq yollarının müzakirəsi olsa da, əsas məqsədin Azərbaycan və Rusiyaya qarşı olacağı gün kimi aydındır. Blinkenin görüş ərəfəsi Bakıya zəng etməsi və söylədikləri Ermənistan baş naziri üçün “soyuq duş” effekti verə bilər. Amma ABŞ dövlət katibinin dediklərinin nə qədər gerçək olduğu bu gün bilinəcək. Vaşinqton görüşün “Bakı və İrəvan arasında sülh danışıqlarına aid” olduğunu bildirib. Rəsmi İrəvan isə görüşün “üçüncü tərəfə qarşı olmadığını” deyib. Bir neçə gündür həm Birləşmiş Ştatların, həm də Avropanın bir sıra rəsmiləri görüşün erməni iqtisadiyyatının artırılmasına həsr edilməsindən də danışırlar. Yəqin ki, görüş zamanı Ermənistana müəyyən miqdar “tulapayı” veriləcək ki, sosial təlatümlərin qarşısı alınsın. Eyni zamanda əgər Avropa bütün qapılarını erməni dövləti üçün açırsa da, bu, elə də ciddi və əhəmiyyətli bir iqtisadi addım deyil. Çünki Ermənistan iqtisadiyyatının Avropaya ixrac üçün heç bir məhsulu və malı yoxdur. Qərb, sadəcə, Rusiyaya qarşı yeni müttəfiqlər tapmağa çalışır və erməni dövləti növbəti qurban sayıla bilər.

Bu arada, Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olmaqdan böyük fayda əldə edir. “Ermənistan KTMT-də bizim müttəfiqimizdir. Ermənistan Avrasiya İqtisadi İttifaqının işində fəal iştirak edir. Avrasiya İqtisadi Birliyinə üzvlükdən çox böyük fayda əldə edən Ermənistan əsas benefisiardır”, – Rusiya rəsmisi əlavə edib.

Ermənistanın Aİİ və KTMT ilə əlaqələri kəsməsi ilə bağlı sualı şərh edən Overçuk “bu məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilmədiyini” vurğulayıb.

Göründüyü kimi, Rusiyanın  Ermənistandan hələ də gözləntiləri var. Eyni zamanda Kreml bununla İrəvana xəbərdarlıq edir: “yolunu azsa…” Üstəlik, Ermənistan xarici işlər nazirinin müavini Vaan Konstanyan İrəvanın KTMT-dən gözləntisinin hələ də qaldığını açıqlayıb. Ermənistan rəsmiləri KTMT-dən Azərbaycanın 2022-ci ildəki erməni təxribatına tutarlı cavab verməsinə “siyasi qiymət” gözləyirlər.

ABŞ, Ermənistan və AB görüşün Azərbaycana qarşı yönəlmədiyini desə də, bu, Bakının narahatlığını aradan qaldırmır. Ümumiyyətlə, Vaşinqton və Brüssel başa düşməlidir ki, bu günə qədər etdikləri Bakının nəzərində onların etibarını sarsıdıb. Xarakterikdir ki, sammit iştirakçıları artıq Qərbin Ermənistan üçün təhlükəsizlik təminatlarını, eləcə də ölkənin Aİ-yə daxil olması prosesinə başlamaq imkanlarını açıq şəkildə müzakirə edirlər. Müvafiq olaraq, üçüncü ölkələrin təhlükəsizlik operatorları kimi cəlb edilməsi ciddi regional disbalansın yaranmasına gətirib çıxara bilər ki, bunun nəticəsində İrəvan Bakı ilə münasibətləri yaxşılaşdırmayacaq, Tehranla əlaqələri çətinləşdirəcək. Görüşdən sonra Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT), sonra isə Avrasiya İqtisadi İttifaqından rəsmən çıxması prosesi başlaya bilər. Qeyd etmək yerinə düşər ki, bu iki addım Rusiya ilə yanaşı, Azərbaycanın da milli maraqlarına qarşı yönəlib. Rəsmi İrəvan qonşu dövlətlərin milli maraqlarına birbaşa təsir edəcək yolla gedə bilər. Bu isə Cənubi Qafqazdakı vəziyyəti daha da gərginləşdirə bilər. Bununla da Qərb “odun üstünə benzin tökmək” siyasətini bir daha davam etdirdiyini sübut edəcək. Brüsseldə Ermənistanın “təhlükəsizliyinin gücləndirilməsi” adı altında keçiriləcək görüş hərbi paktın əldə edilmə riski daşıyır. Bu məqam və ümumilikdə risk faktoru Bakının maraqlarına ziddir.

Short URL: http://www.cumhuriyyet.net/?p=199950

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930