Milli Məclisin növbədənkənar sessiyasında hansı məsələlər müzakirə olunacaq?
Milli Məclisin yaz sessiyası mayın 31-də başa çatıb. Sonuncu iclasda spiker Sahibə Qafarova bildirib ki, 80 deputatın müraciəti əsasında növbədənkənar sessiya çağırılıb. Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır. Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasının iyunun 7-də keçiriləcəyi məlum olub. Növbədənkənar sessiyanın çağırılmasına səbəb nədir?
TNS-in bu barədə suallarını cavablandıran deputat Ceyhun Məmmədov deyib ki, növbədənkənar sessiyanın çağırılması davamlı olan məsələdir. Mətbuatın bunu bəzən fərqli şərh etməyə çalışdığını qeyd edən Ceyhun Məmmədov xatırladıb ki, hər il parlamentdə mayın 31-də yaz sessiyası bitsə də, deputatlar iyunun ortalarına, bəzən sonuna kimi işləyiblər: “Burada qeyri-adi heç nə yoxdur. İl ərzində bəzi qanunlar hələ bitməyib, bəzi məsələlər var ki, onlara baxılmalıdır. Həmin qanunlar müzakirə olunub, qəbul edildikdən sonra parlament tətilə çıxacaq. Bu, hər il baş verən prosesdir. Müəyyən məsələlər başa çatmayanda qərar qəbul edilir, vaxt uzadılır”.
Bu il növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilir. Növbədənkənar sessiyanın bununla əlaqəli olduğuna dair iddialar səslənir. Deputat vurğulayıb ki, növbədənkənar sessiyanın növbədənkənar parlament seçkilərilə heç bir əlaqəsi yoxdur: “Sırf qanunvericiliklə bağlı məsələlərdir. Gündəlik hələ bizə təqdim olunmayıb. Əsasən, büdcə məsələləri var, bir də bəzi qanunlar”.
Short URL: http://www.cumhuriyyet.net/?p=200982