Fətullah Güləni 50 milyarda satıblar? – FETÖ lideri ilə bağlı gerçəklər üzə çıxır
Son günlər FETÖ lideri Fətullah Gülən haqda ziddiyyətli xəbərlər yayılıb. ABŞ-ın Pensilvaniya ştatında yaşayan təşkilat rəhbərinin qaçırıldığı, hətta öldüyünə dair iddialar ortaya atılıb. Lakin hələlik bu informasiyalar birmənalı təsdiqlənmir. Yaxınları Gülən barədə məlumatları təkzib edir.
Son iddialar isə bu yöndədir ki, ABŞ Güləni Türkiyəyə təhvil verib. FETÖ liderinin Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) əlində olduğu deyilir. MİT bu xəbəri təkzib etdi, amma hələ də ağıllarda bəzi suallar qalmaqdadır. Əsas suallar bunlardır: Fətullah Gülən haqda bu xəbərlər niyə indi yayıldı? FETÖ rəhbərinin həbsinə hazırlıqmı gedir? O, hansı şərtlərdə Türkiyə təhvil verilə bilər? ABŞ Gülən kitabını birdəfəlik bağlayarmı?
Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Türkiyədə dövlət çevrilişinə cəhd edən, qiyamçı Fətullah Güləni ABŞ heç vaxt Türkiyəyə verməz:
“O, ABŞ-da müsəlman dünyasında dini reform aparmaq üçün ciddi şəxs hesab edilir. Neçə illərdir, ABŞ-da yaşayan adamı ölüm ayağında Türkiyəyə nə üçün versinlər? Olduqca qəliz məsələdir. Fətullah Gülən hazırda yoxa çıxıb. Ölmüş olsaydı, meyiti aşkar edilərdi, həyatda olsaydı, haqqında məlumat verilərdi. Çünki o, dünyanın sayılıb, seçilən şəxslərindən biridir. Doğrudur, Türkiyədə çevriliş cəhdində olduğu üçün məsuliyyət daşıyır, amma vaxtilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla aralarında xoş münasibət olub. Sonradan münasibətlər pozulub”.
Politoloqun sözlərinə görə, ABŞ və Türkiyə arasında Fətullah Gülənlə bağlı kəskin fikir ayrılıqları var: “Birləşmiş Ştatlar onu Türkiyəyə təhvil versəydi, özünün müsəlman dünyasındakı imicinə böyük zərbə vurmuş olardı. Bu səbəbdən ABŞ məsələ ətrafında müxtəlif fikirləri toplayıb yayır”. Türkiyəli politoloq Hüsamettin İnaç Globalinfo.az-a açıqlamasında deyib ki, Fətullah Gülən daxili məsələlərə görə, qaçırıla bilər: “Gülən hazırda çox qocalıb və tezliklə həyatını itirəcəyini düşündükləri üçün terror təşkilatına kimin rəhbərlik edəcəyi ilə bağlı indi münaqişələr başlanıb. Ortada çox ciddi məbləğ var. ABŞ FETÖ-yə böyük miqdarda dəstək verir. ABŞ-da Carter Uiversitetləri də var. Təxminən 40-50 milyard dollar pul yığılıb.
Dörd fərqli qrup var. Onlardan biri FETÖ-nün Türkiyədə 1 nömrəli mülki şəxs kimi görünən Mustafa Özcandır. Onun liderliyə keçəcəyi iddia edilir. Rəhbərlik davası səbəbindən Fətullah Gülənin qaçırıldığı haqqında fikirlər yayılır”.
Politoloqun fikrincə, Fətullah Gülənin Türkiyəyə verilməsi xəbəri MİT tərəfindən təkzib edilib: “Onun kimi terror rəhbərinin Türkiyəyə təhvil verilməsi mümkün görünmür. Çünki ABŞ ilə Türkiyə arasında gərginlik mövcuddur. Belə bir dönəmdə rəsmi Ankaranı qarışdırmaq, xaos yarada bilmək üçün Vaşinqton Güləndən hələ istifadə edə biləcəyini düşünür. Fətullah Gülənin Türkiyəyə verilməsi Birləşmiş Ştatların Ankaraya etdiyi haqsızlıqları aşkara çıxartmış olacaq. 15 iyul 2016-cı il dövlət çevrilişi cəhdində Gülənin rolu və digər təxribat xarakterli hadisələrdə Vaşinqtonun fəaliyyəti açıq şəkildə görünəcək. Sırf bu səbəbdən onun Türkiyəyə veriləcəyini gözləmirəm.
İkinci ehtimal isə Fətullah Gülənin işini tamamladığı səbəbindən artıq onun ortadan götürülməsidir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=201146