Ermənilərə hərbi cavab – “Düşmənə sayı-hesabı bilinməyən itkilər yaşada bilərik”

07.04.2015 - 09:33

esger1Azərbaycanın postsovet məkanında ən böyük silah alıcısı olan ölkələrdən olması işğalçı Ermənistanda həyəcan yaradıb. Son günlər düşmən ölkə dünya boyu öz torpaqlarını işğaldan təmizləmək üçün hərbi qüdrətini artıran Azərbaycanın əleyhinə antitəbliğat aparır. Qeyd edək ki, işğalçı Ermənistan və onun havadarları dəfələrlə çıxış edərək Azərbaycanın ifrat dərəcədə silahlandığını iddia edir və rəsmi Bakının qoşulduğu Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin (AASQM) şərtlərini kobud şəkildə pozduğunu bildirirlər.

Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasındakı hərbi və döyüş texnikasının sayı dövlətimizin beynəlxalq qurumlar çərçivəsində imzaladığı sənədlərdə qeyd olunan öhdəliklər və üzərinə götürdüyü tələblərə uyğun olaraq komplektləşdirilir.

Bu barədə “Trend”in sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən daxil olan məktubda qeyd edilir. Nazirlik bəyan edir ki, son illər Silahlı Qüvvələrin yeni və müasir döyüş tankları, zirehli maşınlar, artilleriya qurğuları, döyüş təyyarələri və helikopterləri, digər silah-sursatla təchiz edilməsi, o cümlədən ordunun döyüş hazırlığı səviyyəsini müəyyən edən bütün əsas ixtisaslar üzrə vəzifələrə müqavilə əsasında mütəxəssis hərbi qulluqçuların qəbul edilməsi Ermənistan tərəfini ən çox narahat edən məsələlərdən biridir: “Nəzərə alınmalıdır ki, yeni döyüş texnikasının alınması prosesi tam şəffaf şəkildə aparılır. Azərbaycan BMT-nin Silahların idxal-ixrac əməliyyatları, Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə, ATƏT-in Vyana-2011 Sənədi, Qlobal Hərbi Məlumat Mübadiləsi çərçivəsində İllik İnformasiya Mübadilələrində iştirak edir. Yeni silahların alınması ilə paralel olaraq silinmə və ixtisara salınma prosesi də aparılır. Digər iştirakçı dövlətlər tərəfindən Azərbaycan Silahlı Qüvvələrində Silahlara Nəzarət inspeksiyaları keçirilir.

2014-cü ilin sonuna qədər Silahlı Qüvvələrimizdə AASQ Müqaviləsi çərçivəsində müxtəlif üzv dövlətlər tərəfindən 109 dəfə inspeksiya, Vyana-2011 Sənədi çərçivəsində isə 55 dəfə ”Göstərilmiş rayon”un inspeksiyası və 27 Qiymətləndirmə səfəri keçirilib. AASQ haqqında Müqavilənin tələblərini guya Azərbaycanın pozması fikrinin qonşu hərbi-siyasi rejimin müxtəlif vəzifəli subyektləri tərəfindən istənilən yerdə daim səsləndirilməsi bizi təəccübləndirmir və yalnız məsələnin məğzini bilməyən auditoriyaya yönəlib. AASQ Müqaviləsində silahlar üzrə tavanlar keçmiş SSRİ üçün təyin edilib və AASQM-in iştirakçısı olan MDB ölkələri üçün tavanları təyin edən 15 may 1992-ci il tarixli Daşkənd Razılaşması ilə müəyyən edilir. Lakin bu razılaşma Azərbaycan Respublikasında ratifikasiya olunmadığından, dövlətimiz üçün hüquqi sənəd sayılmır. Bu səbəbdən də Azərbaycanın hər hansı tavanları aşmasından söhbət gedə bilməz”.

Müdafiə Nazirliyindən bildiriblər ki, bu məsələyə ölkənin təhlükəsizliyinin qorunması, mümkün təhdidlərə hazır olmaq və qarşı tərəfin ehtimal edilən güc fəaliyyətlərinə cavab prizmasından baxılmalıdır: “Tam əksinə olaraq, məhz Ermənistan beynəlxalq hüquqa və silahlara nəzarət sahəsində mövcud olan normativ aktlara, xüsusilə tez-tez istinad etdikləri AASQ haqqında Müqavilənin müddəalarına məhəl qoymadan ordusu üçün silahları qeyri-leqal yolla əldə edərək işğal olunmuş Azərbaycan torpaqlarında yerləşdirir. Həmin silahlar qeydiyyatdan keçmir, İnformasiya Mübadiləsində elan olunmur, xarici inspeksiya qrupları tərəfindən yoxlanılmır. Bu, artıq təkcə Azərbaycan üçün yox, region və Avropa təhlükəsizliyi üçün də böyük təhdiddir, eyni zamanda Ermənistana qarşı istənilən qəti sanksiyaların tətbiq edilməsi üçün beynəlxalq ictimaiyyətə gözəl fürsət yaradır”.

Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a dedi ki, Azərbaycan, ümumiyyətlə, düşmənin iddialarına fikir verməməlidir: “Ermənistanın bu sayıqlamaları illərdir davam edir. Onlar ”oğru elə qışqırdı ki, doğrunun bağrı yarıldı” prinsipi ilə çıxış edir. İşğalçı ölkə 1994-cü ildən bəri qanuni və qeyri-qanuni yollarla silahlanıb. Ona görə də bu gün ermənilərin Azərbaycanı günahlandırması, əvvəla, gülüncdür, ikincisi də nədən onlar unudurlar ki, Azərbaycanın silahlanmasının səbəbkarı məhz Ermənistanın özüdür. Azərbaycan bu qədər vəsaiti torpaqları işğalı altında olduğu üçün silah-sursata sərf edir. Ona görə də ermənilər günahı özlərində axtarsın. İkincisi də erməni kimdir ki, Azərbaycana nə qədər, hansı silahı almaq olar, ya olmaz deyə, göstəriş verirlər. Bundan sonra Azərbaycan yenə də müasir silahlar alacaq. İşğalçıların nə qədər başı, bədəni salamatdır, Ermənistana çəkilsə, daha yaxşı olar. Bununla onlar itkilərin qarşısını xeyli almış olacaqlar”.

Hərbi ekspert dedi ki, Müdafiə Nazirliyinin son bəyanatı sıradan, adi bir bəyanat deyil: “Orda bəyan olunub ki, erməni ordusunun 70 faiz şəxsi heyətini sıradan çıxara bilərik. Bu, çox ciddi məsələdir. Çünki Azərbaycanın arsenalında olan ən müasir silahlar ona imkan verir ki, biz çox qısa müddətdə düşmənə sayı-hesabı bilinməyən itkilər yaşadaq. Ermənilər o itkiləri yaşamaq istəmirsə, tezliklə torpaqlarımızı boşaltsınlar. Əks təqdirdə, Azərbaycan desə də, deməsə də ən müasir silahlar alacaq. Azərbaycan bir sıra önəmli müqavilələr çərçivəsində 20-ci əsrin ən müasir, o cümlədən 21-ci əsrdə hələ uzun müddət istifadə oilunacaq həm artilleriya, həm hərbi hava qüvvələri, hava hücumundan müdafiə silahları əldə edəcək. Buna ermənilərin heç bir şübhəsi olmamalıdır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=21503

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728