Cavid Hüseynov həbsdə saxlandı
Bu gün Səbayel Rayon Məhkəməsində hakim Elşad Şamıyevin sədrliyi ilə “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı verilmiş vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib.
Virtualaz.org saytına bu barədə C.Hüseynovun vəkili Adəm Məmmədov məlumat verib.
Qeyd edək ki, avqustun 8-də saat 18 radələrində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Rasim Məmmədəli oğlu Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən “Bayıl market” mağazasının qarşısında bir qrup naməlum şəxslər tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı Bakı şəhər prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Jurnalist Rasim Əliyev xəstəxanada verdiyi müsahibədə “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyünü bildirib.
Ölkə başçısının xüsusi nəzarətində olan və böyük ictimai rezonans doğurmuş bu ağır cinayətin qısa müddətdə açılması təmin edilib, onu törətməkdə şübhəli bilinən şəxslər müəyyənləşdirilərək istintaqa cəlb olunublar.
İlkin araşdırmalarla müəyyən edilib ki, Cəbrayıl rayon sakini, 1988-ci il təvəllüdlü Cavid Hüseynov avqustun 6-da “Qəbələ” futbol klubunun heyətində Kipr Respublikasının “Apollon” futbol klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi “facebook” səhifəsində tənqidi fikirlər yazmış Ann.tv-nin videoreportyoru Rasim Əliyevə zəng vuraraq ondan təkzib verməyi tələb edib.
Bundan sonra C.Hüseynovun bibisi oğlu, 1994-cü il təvəllüdlü Bakı şəhər sakini Elşən İsmayılov da R.Əliyevə zəng vuraraq təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə Elşən İsmayılov R.Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-də saat 16 radələrində Bayıl qəsəbəsində “Bayıl market” mağazasının qarşısında onunla görüşüb. Onlar R.Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib və hadisə yerindən qaçıblar. R.Əliyevin təcili-tibbi yardım maşını vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb və avqustun 9-da saat 05 radələrində orada vəfat edib.
İstintaq zamanı R.Əliyevə məxsus “iPhone-5” markalı mobil telefonun cinayətin iştirakçısı Arif Əliyev tərəfindən sındırılıb yaşadığı Bakıxanov qəsəbəsində yerləşən “Arzu” şadlıq sarayının yaxınlığındakı zibilliyə atılması müəyyən olunub və maddi sübut kimi götürülərək cinayət işinə əlavə edilib.
E.İsmayılov, S.Mustafayev, C.Məmmədov, K.Mədətov və A.Əliyev Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
İstintaqın hazırkı mərhələsində Cavid Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=30618