Zakir Fərəcov: “Sumqayıtda 1 ilə gözəl bulvar yaradacağam”
Xəbər verdiyimiz kimi, bu gün Sumqayıt şəhər İcra Hakimiyyətində şəhərin idarə müəssisə rəhbərlərinin iştirakı ilə iclas keçirilib.
Şəhərin mənzil-kommunal təsərrüfat sahəsində mövcud olan problemlərdən danışan İcra başçısı Zakir Fərəcov bu struktura 4 ildir ki, rəhbərlik edən Abid Əliyevi kəskin tənqid edib. Bildirib ki, Sumqayıtda 800 binanın dam örtüyünün təmirə ehtiyacı var. O, həmçinin qeyd edib ki, yol infrastrukturu da dözülməz vəziyyətdədir: “Küçə və prospektlərin əksəriyyəti dağılıb. Yollara asfalt örtüyü vurulmayıb.”
İcra başçısı Abid Əliyevə xəbərdarlıq edib: “Abid müəllim, bilirsinizmi bir 6-8 bloklu binanın dam örtüyünün tam təmir-bərpası üçün 100-120 min manat vəsait lazımdır, 40-50 min manat da zirzəmilər üçün. 800 binanı hesablasaq, bizə 80 milyon manat dam örtüyü, 40 milyon da təqribən zirzəmilər üçün lazımdır.Bu minimum 120 milyon manat pul edir. Siz heç olmasa, bu işlərin 10 faizini etməmisiniz. Nəsimi adına Mədəniyyət və İstirahət parkı da heç Sumqayıt sakinlərinin adına layiq deyil. Orada bulvar olmalıydı, amma yoxdur. İndi Abid müəllim, siz özünüz görərsiniz, 1 ilə 120 hektarlıq parkda necə gözəl bir bulvar yaradacağam”.
Z. Fərəcov əmək müfəttişliyinə yeni təyin olunmuş rəis haqqında mənfi xəbərlər eşitdiyini, hətta onun Sumqayıtda az qala reketlik etdiyini də bildirib. Başçı onun haqqında ciddi tədbir görəcəyinə söz verib: “Bu işçilərin heç birini işdən çıxartmayacam, işlərini təhvil verməyənə qədər heç yana gedən deyillər.”
Xeberle.com
Short URL: http://www.cumhuriyyet.net/?p=31763