İki neftçini xilas edib özü ölən xilasedici dəfn olundu

08.12.2015 - 12:57

huzur“Günəşli” platformasında neftçiləri xilas edərkən ölən xilasedici, 981-ci il təvəllüdlü Fuad Tahir oğlu Tağıyev bu gün son mənzilə yola salınıb.

Virtualaz.org saytının əməkdaşları F.Tağıyevin yas mərasimində iştirak ediblər.

…Atası Tahir Tağıyev qəhərdən danışa bilmir: “Sentyabrda qızı doğulub. İndi iki aylıq körpənin üzünə necə baxım? Onun 3 balasını necə ovundurum? Dünəndən balamla vidalaşırıq. İndi öz yaşadığı evə apardıq, son dəfə orada olsun. Dənizə gedərkən vidalaşdı, elə bil heç vaxt qayıtmayacağını bilirdi”.

Qardaşı Hüseyn Tağıyev isə deyir ki, Fuad istəsəydi xilas ola bilərdi: “Axşam saat 9-da zəng vurdum, telefonunu iş yoldaşı açdı. Dedi ki, Fuad yanımdadır, amma vəziyyət pisdir, neftçiləri xilas etmək lazımdır. Fuad axşama kimi sağ olub. Fuadla birgə cəmi iki xilasedici olub. Partlayış baş verən kimi rezin qayıqları açıblar, neftçilərin qayığa minməsinə kömək ediblər. Sağ qalan neftçilər bizə dedilər ki, Fuad iki nəfəri xilas edib. Birinci qayığa minməyib, ikinci qayığa minib. Sonra qayıq qəzaya uğrayıb”.

Söhbətə dostu qatılır: “Fuad 10 ildir “Günəşli” platformasında xilasedici işləyir. Orada hər günü riskli idi. Hamı ilə görüşürdü, elə bil öləcəyini bilirdi. Dənizdə, o şəraitdə xilasedici olmaq çox çətindir”.

Qardaşı Hüseyn isə deyir ki, Fuad işini itirməkdən çox qorxurdu: “Ötən dəfə qəza baş verərkən hadisə yerini tərk etmişdi. Buna görə də fikir edirdi, “gərək ən sonuncu mən çıxaydım” deyirdi. İşini itirməkdən çox qorxurdu. 3 uşağı var, böyük övladı 10 yaşındadır, kiçiyi isə 2 aylıqdır. Nə qədər çətinlik görmüşdü, amma işini itirməkdən elə qorxurdu ki, sanki bununla da hər şey bitəcəkdi. Deyirdi ki, uşaqları saxlamaq lazımdır”.

Fuad onu da deyirmiş ki, bizim hər günümüz ölümdür: “Buna görə də bilərəkdən ölümə gedirəm”.

Sağ qalan neftçilər isə Fuadın ailəsi ilə əlaqə saxlayıb, minnətdarlıq edirlər.

Fuad Tağıyevin anası ötən il dünyasını dəyişib. Fuadı anasının yanında dəfn etmək istəyiblər, amma qəbirstanlıqda yer tapmaq problem olub.

Fuad bu gün Bülbülə qəbirstanlığanda dəfn olundu.

…Hüseyn göz yaşları içində “Atam da, anam da neftçi idi. Fuad onların yolunu davam etdirmək istəyirdi, neftçi kimi də öldü” deyir…

 

Short URL: http://www.cumhuriyyet.net/?p=43682

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31