ABŞ-ın neft sənayesini xilas edən azərbaycanlı: “Günəşli” qəzasını… – MÜSAHİBƏ
2010-cu ilin 20 aprelində Meksika körfəzində bp-ə məxsus quyuda baş verən qəza neft bazarına ciddi təsir etdi. Hadisə nəticəsində 11 nəfər həyatını itirdi, 17 nəfər yaralandı. Birbaşa ABŞ prezidenti Barak Obamanın nəzarətə götürdüyü qəzanın qarşısını alanlardan birinin azərbaycanlı olduğunu çoxlarımız bilmirik.
Asif Hüseynli 1997-ci ildə orta təhsilini Bakı şəhərində bitirib. Deyir ki, ali təhsil almaq üçün Türkiyə, Rusiya və Azərbaycan universitetlərinə müraciət edib. İmtahanları uğurla başa vurandan sonra ailəsi xaricdə təhsil almasına razı olmayıb.
“Qafqaz Universitetinin uğurları haqda çox eşidirdim. Ona görə də bu universitetdə ali təhsil almaq qərarına gəldim. Qafqaz Universiteti uğurlarımda çox kömək etdi, mənə yeni yollar açdı. Universiteti bitirdikdən sonra təhsilimi Amerikada davam etdirmək qərarına gəldim və Missuri ştatında “University of Missouri Columbia”ya daxil oldum”, – deyə o qeyd edir.
2003-cü ildə bp şirkətində işə başlayan A. Hüseynli 2006-cı ilə qədər Xəzər dənizində qazmaçı mühəndis olaraq işləyib. Daha sonra Amerikaya təyinat alıb və 2008-ci ilə qədər ABŞ-ın Vayominq ştatında qazmaçı mühəndis kimi işləyib. 2008-2013-cü illər arasında ABŞ-ın Meksika körfəzinin dərin sularında mühəndis olaraq çalışıb. 2013-cü ilin əvvəlində Londona baş qazmaçı mühəndis vəzifəsinə təyin edilib. Bu ilin sentyabr ayında isə bp-nin təyinatı ilə Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dhabi şəhərində işləməyə yollanıb. Ailəlidir, iki övladı var.
Asif Hüseynli Publika.az-a müsahibəsində Meksika körfəzindəki qəzanın aradan qaldırılması, eləcə də “Günəşəli” yatağında baş vermiş qəza haqda danışıb.
– Meksika körfəzindəki qəzanın qarşısı necə alındı?
– Həmin hadisə dünya neft sənayesi üçün çox böyük bir səhifə açdı. Makando yatağındakı partlayış körfəzin 1400 metr dərinlikdə olan quyusunda neftin üç aya qədər suya axması ilə nəticələndi. Partlayışın qarşısını almaq üçün şirkət dünyanın hər yerindən mütəxəssisləri Hyustona topladı. Komandalar müxtəlif istiqamətlərdə işləməyə başladılar. Prosesə birbaşa ABŞ prezidenti nəzarət edirdi. Quyunun ağzını bağlamaq üçün bir neçə müdaxilələr oldu, lakin heç biri müsbət nəticə vermədi. Təqribən bir aya qədər quyunun ağzına böyük qapaq hazırlandı. Amma qapaq quyunun ağzına qoyulanda soyuq su, qaz molekulları və yüksək təzyiq nəticəsində hidratlar yarandı, qapaq tamamilə hidratlarla – buza oxşayan qaz kristalları ilə doldu.
Quyunu söndürmək üçün eyni zamanda müxtəlif daxili diametrlərə malik armatur hazırlayan komanda və xilasetmə quyularının qazılması komandası yaradılmışdı. Böyük qapaq uğursuz olandan sonra quyunun ağzını müxtəlif diametrlərə malik armaturlarla bağlamaq mümkün oldu. Bu qapağın ölçüsü kiçik idi, lakin böyük təzyiqlərə davamlı materialdan ibarət idi. Eyni zamanda, suyun və zərər çəkmiş sahillərin təmizlənməsi işləri də aparılırdı. Amerika hökuməti neft ekspertlərini və ən böyük neft şirkətlərini bu işə cəlb etmişdi.
Mən həmin vaxt Meksika körfəzində Atlantis yatağında çalışırdım. Bu yataq Meksika körfəzinin 2 kilometr dərinliyində olan ərazisində yerləşir. Atlantis yatağı dünyanın ən dərin sularında yerləşən istehsalat quyusu idi. Yataq texniki və mürəkkəb strukturu ilə özünəməxsus özəlliyə sahib idi. Qəza baş verəndə şirkət məni də xilasetmə işlərinə cəlb etdi. Mən xilasetmə quyularının qazılması ilə məşğul olan komandanın tərkibində idim. Qəza quyusunun tapılmasında “kəsişmə” işləri ilə məşğul oldum, eyni zamanda, bu quyularda texniki dizayn işlərinə köməklik göstərirdim. Hazırladığım hesablamalar birbaşa ABŞ prezidentinə təqdim olunurdu. Ona görə də hər şey diqqətli, dürüst və faktlara söykənən olmalı idi. Həmin günlər çox stresli idi. Uzun iş saatları və neft axınının vurduğu ziyanlar hamıda nigarançılıq yaratmışdı.
– Ümumiyyətlə, bu cür qəzalarda nələr etmək lazımdır?
– Bu cür qəzalar çox zərər verir. Müqayisə üçün deyim ki, maşınların təkərlərində 35 psi/2,4 atmosfer təzyiq olur. Bu quyularda isə orta hesabla 10 000 psi/700 atmosfer təzyiq var. Dənizdə yerləşən quyularda yerin altından gələn bu təzyiqin idarə edilməsi mürəkkəb prosesdir. Bu işə mütəxəssislərin cəlb olunması vacibdir. Qəzanın qarşısının alınması müxtəlif sahələrdən işlənilməlidir. Dünyanın ən sonuncu texnologiyası bu işə cəlb edilməlidir. Amerikadakı qəzadan sonra dünyanın müxtəlif yerlərində neft qəzalarından xilasetmə avadanlığı mərkəzləri yaradıldı. Bu mərkəzlərlə və mütəxəssislərlə işləmək lazımdır.
– Bildiyiniz kimi, Azərbaycanda “Günəşli” yatağında qəza baş verdi. Bunun qarşısını almaq üçün nələr edilməlidir?
– Bildiyim qədər yanğın hələ də söndürülməyib. Fikrimcə, quyuya dənizin dibindən müdaxilə etmək lazımdır. Əgər buruqdan quyunun söndürülməsi və ağzının bağlanılması mümkün olmasa, dənizin dibindən müdaxilə üçün plan hazırlanmalıdır. Əgər buruqdan söndürmək mümkün olarsa, o zaman quyuya dəyən zərər dəqiq öyrənilməlidir. Çünki quyuda kiçik də olsa texniki ziyan varsa, təhlükəsizlik və davamlılıq baxımından həmin quyu betonlanıb müvəqqəti təcrid edilməlidir.
Qəzaların qarşısını almaq üçün Azərbaycana yaxın mərkəzlərdən 2012-ci ildə Norveçin Stavanger şəhərində qurulmuş “Oil Spill Response Limited” şirkətinə müraciət etmək olar. Onların mütəxəssisləri və texnologiyaları ilə tanış olaraq, neft qəzalarının qarşısını almaq məqsədilə ölkədə bazalar yaradılmalıdır. Eyni zamanda, təhlükəli iş dairəsi hesabatları yenidən aparılmalıdır. Bu hesablamalara hava şəraiti, dalğaların hündürlüyü, evakuasiya, quyuların təhlükəsiz hala gətirilməsi və minimum insan resurslarının buruqlarda saxlanılması detalları əlavə olunmalıdır. Hesab edirəm ki, bu hadisə Dövlət Neft Şirkəti üçün yeniliklərə də səbəb olacaq. Ən vacibi insanların təhlükəsizliyini təmin etməklə neft/qaz hasilatı kritik iş olaraq planlara əlavə ediləcək. Bu işə yerli və xarici mütəxəssislər cəlb olunmalıdır. Eyni zamanda, yerli kadrların yerləşdirilməsi üçün uzunmüddətli planlar hazırlanmalıdır. Azərbaycan Respublikasının uğurlu inkişafı üçün bu işlərin düzgün təməl əsasında qurulması əhəmiyyətlidir. Azərbaycanda illərlə yetişmiş mütəxəssislər var. Fikrimcə, bu mütəxəssislərdən istifadə etməklə gənc kadrlar iş başına gətirilməli və uzunmüddətli davamlılıq üçün planlaşdırma işləri aparılmalıdır. Azərbaycan neft və qazla zəngin olan ölkədir. Bu işlər ölkəmizə həm parlaq gələcək, həm də fövqəladə hallara hazırlıq üçün mütləq lazımdır. Hesab edirəm ki, bu işə qoyulan zəhmət və kapital heç vaxt hədər getməyəcək.
Bununla yanaşı, neft ehtiyatlarının qorunması sahəsində, daha dəqiq desək, laylardakı neft-qaz resurslarının itməməsi, bir-birinə qarışmaması üçün lazımi lay izolyasiyası işləri aparılmalıdır. Bunlar qəzanın qarşısı alındıqdan sonra həyata keçirilməlidir. Neft qəzalarına hazırlığın təmin edilməsi üçün qəzanın səbəbləri öyrənilməli və Dövlət Neft Şirkətinin uzunmüddətli strategiyasına neft qəzalarının qarşısının alınması, ən vacibi isə bu hadisələrin yaranmaması üçün əlavələr edilməlidir.
Short URL: http://www.cumhuriyyet.net/?p=43736