Telekanallardan ixtisarlar xəbərinə münasibət: “Bütün işçilər yerindədir”
ATV-nin Xəbərlər Departamentinin baş redaktoru: “Mən də ixtisarlarla bağlı xəbərləri mətbuatda oxudum”
Telekanallarda kütləvi ixtisarlar olması haqda ölkə.az saytı xəbər yayıb. Məlumata görə, ATV, ANS, “Lider” kimi telekanalların bir çox əməkdaşının işinə son qoyulub.
ANS-dən uzaqlaşdırılanlar arasında tanınmış şoumen Kamran Həsənli, prodüser Afət Rahilqızı da var. Şoumen Kamran Həsənli telekanaldan uzaqlaşdığını təsdiq edib. O, bildirib ki, ANS-də maliyyə çətinlikləri yarandığı üçün aparıcılıq etdiyi veriliş bağlanıb.
ATV-nin isə 50 əməkdaşının işdən çıxarıldığı, “Lider” televiziyasında da artıq ixtisarların başladığı qeyd edilib.
Musavat.com adıçəkilən telekanallarla əlaqə saxlayıb və yayılan məlumatların nə dərəcə doğru olub-olmadığını öyrənməyə çalışıb.
ANS Şirkətlər Qrupunun mətbuat müşaviri Mayıs Məmmədov bildirib ki, telekanalda ixtisarların olması xəbəri əsassızdır: “Kamran Həsənli bir aydır ki, telekanaldan gedib. O, öz xoşu ilə dekabrdan əvvəl işdən ayrılıb. İxtisarların olması xəbəri yalandır, digər əməkdaşlar işinə davam edirlər”.
ATV-nin Xəbərlər Departamentinin baş redaktoru Vaqif Aydınoğlu qeyd edib ki, telekanalda ixtisarların olması xəbəri yalandır: “Mən də ixtisarlarla bağlı xəbərləri mətbuatda oxudum. Təəssüf edirəm ki, belə məlumat yayılıb. Bu cür xəbərlər əsassızdır. Bütün işçilər yerindədir. İxtisarlar yoxdur”.
“Lider” telekanalının icraçı prodüseri Vüsalə Babayeva da telekanalda ixtisarların olması xəbərlərini təkzib edib: “Bizim telekanalda heç bir dəyişiklik yoxdur. İxtisar xəbərləri doğru deyil”.
Musavat.com
Short URL: http://www.cumhuriyyet.net/?p=47394