Bakıda ticarət mərkəzinə “bomba yerləşdirmiş” məcburi köçkün barədə hökm qüvvəsində qaldı
Bakı Apellyasiya Məhkəməsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Kəlbəcər rayonundan məcburi köçkün 1970-ci il təvəllüdlü İsmayıl Allahverdiyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Mirzəli Abbasov sədrlik edib. Prosesdə qərar elan olunub. Qərara əsasən, təqsirləndirilən şəxsin şikayət təmin olunmayıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Qeyd edək ki, hadisə keçən il avqust ayının 5-də baş verib. Naməlum şəxs Daxili İşlər Nazirliyinin (DİN) “102” xidmətinə zəng vuraraq Neftçilər prospekti, 131 ünvanında yerləşən “Park Bulvar” ticarət mərkəzində partlayıcı qurğu yerləşdirilməsi barədə polisə məlumat verib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Kəlbəcər rayonundan məcburi köçkün, Suraxanı rayonunda məskunlaşmış İsmayıl Allahverdiyev olması bəlli olub. O, polis əməkdaşları tərəfindən saxlanılıb. İlkin dindirmə zamanı İ.Allahverdiyev bildirib ki, bir neçə nəfərə xeyli miqdarda pul borclu olub. Özü qəsdən polisə yalan məlumat verib və həbs olunmaq yolu ilə borc yiyələrindən bir müddətlik yaxa qurtarmaq istəyib.
O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=55216