Vüsal Şilderin qətlində təqsirləndirilən şəxs axtarışa verildi – MƏHKƏMƏ ZALINDAN
Bakı Apellyasiya Məhkəməsində Qərb Universitetinin 2-ci kurs tələbəsi, Almaniya vətəndaşı, milliyyətcə azərbaycanlı olan Vüsal Şilderin ölümündə təqsirləndirilən Elman İsgəndərov və Seymur Talıbovun barələrində hökmdən verilmiş apellyasiya protesti üzrə məhkəmə yekunlaşıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Mirpaşa Hüseynovun sədrlik edib.
Prosesdə qərar elan olunub. Qərara əsasən, E. İsgəndərov barəsində çıxarılan hökm dəyişdirilməyib. S.Talıbov barəsində isə yeni qərar qəbul edilib. Cinayət Məcəlləsinin 307.1-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) maddəsi ilə ittiham olunan S.Talıbovun cəzası başa çatıb. Qərara əsasən o, yenidən məsuliyyətə cəlb olunub. Belə ki, məhkəmə onun barəsində axtarış və həbs qərarı qəbul edib.
İttihama görə, Elman İsgəndərov qohumu Seymur Talıbov, Xəyal Əlizadə və qeyriləri ilə qabaqcadan əlbir olaraq sonuncunun yaxın qohumuna münasibəti dəyişmək niyyəti ilə Vüsal Şilderə xəsarət yetirmək qərarına gəlib. Bu məqsədlə o, bir müddət Vüsal Şilderi güdüb. 2 may 2013-cü ildə günorta saatlarında Bakı şəhəri, Ə.Rəcəbli küçəsi 3 B saylı evin qarşısında Vüsal Şilderə yaxınlaşaraq ona boyun və ürək nahiyəsindən zərbələr endirib. Aldığı xəsarətlər nəticəsində Vüsal Şilder dünyasını dəyişib. İki gün sonra Elman İsgəndərov şübhəli şəxs qismində tutulub.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Seymur Talıbov hadisədən 2 ay sonra tutularaq istintaqa təhvil verilib. Sözügüdən cinayətin iştirakçısı Xəyal Əlizadə isə istintaqdan qaçıb gizləndiyinə görə barəsində axtarış elan olunub.
Elman isgəndərov Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə), 228.4-cü (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə), Seymur Talıbov isə həmin məcəllənin 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) maddəsi ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elman İsgəndərov 15 il, Seymur Talıbov 2 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Elman İsgəndərov cəzasının yüngülləşdirilməsini istəyib. Seymur Talıbov isə günahsız olduğunu əsas gətirərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib. Həmçinin zərərçəkmiş tərəf də hökmdən narazı qalıb və onlar da təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılması ilə bağlı apellyasiya instansiyasına müraciət ediblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=55465