Bu gün Od Çərşənbəsidir

01.03.2016 - 02:15

rrAzərbaycanda od çərşənbəsi qeyd olunur. Od çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbədir.
Od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu rəmzilik günümüzə kimi gəlib çıxıb. Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur. Od çərşənbəsinə bəzən “Üzgü çərşənbə”, “Üzgü axşamı”, “Addı çərşənbə” də deyirlər.
Bu çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Digər çərşənbələrdə olduğu kimi, od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir. Hələ qədim dövrlərdən insanlar odu qoruyub, oda hörmət ediblər. Qalanan tonqal isə həmişə nəyəsə işarə olub. Bunu “Kitabi-Dədə Qorqud” dastanından da aydın görmək olar. Zərdüştlükdən hələ çox əvvəl insanlar təbiəti canlandıran, torpağı isidən Günəşin yerdəki simvolu olan odu təsəvvürlərində rəmzləşdiriblər. Belə bir etiqad yaranıb ki, insanlar günəşi və odu nə qədər əzizləyib oxşasa, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər.
Odla bağlı xeyli atalar sözü yaranıb: “Od imandır”, “Od düşdüyü yeri yandırar”, “Od çərşənbəsində ocağı boş qoymazlar”, “Ocağı şər vaxtı söndürməzlər”… İnanclara görə, ocağa yaxınlaşanda salam verərlər, od hisli olarsa, uzaqdan qonaq gələcəyinə işarədir. Əgər ocaq yananda səslənirsə, deməli, kimsə səndən danışır.
Oda sevgi, inam insanlarda o qədər güclü olub ki, hələ qədim dövrlərdən ona and içiblər. Alqış və qarğışlarda belə, odu köməyə çağırıblar. Məsələn, “Od haqqı”, “Oda düşəsən,” “Ocağın odlu olsun”, “Ocağın qazan görməsin” və s.
Ümumiyyətlə, bütün çərşənbələrdə od aparıcı motivdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=55949

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728