Bakıda “Formula 1” yarışına ilk biletlərin satışı məntəqəsi açıldı

08.03.2016 - 13:53

f1Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) “Park Bulvar” Ticarət Mərkəzində bu ilin yayında Bakıda keçiriləcək “Formula 1” Avropa Qran-Prisi yarışına biletlərin satıldığı ilk məntəqənin açılışını edib.

Bakı Şəhər Halqası Əməliyyat Komitəsindən cümhuriyyət.az-a verilən məlumata görə, ticarət mərkəzinin birinci mərtəbəsində əsas giriş tərəfdə yerləşən məntəqə yarışa bilet almaq istəyənlərə həftənin hər günü, hələlik saat 10:00-dan 22:00-dək xidmət göstərəcək. Bu saatların gələcəkdə mövcud vəziyyətə görə dəyişdirilməsi nəzərdə tutulub. Bununla yanaşı, yaxın günlərdə əlavə bir neçə bilet satışı məntəqəsinin açılışı gözlənilir.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim bilet satışı məntəqələrinin fəaliyyətə başlamasına belə münasibət bildirib: “Biz yerli “Formula 1” həvəskarlarına Avropa Qran-Prisinə bilet almanı asanlaşdırmaq üçün bu məntəqəni açdıq. Yerli tamaşaçılar onlar üçün təklif olunan imtiyazlı biletləri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəsmi vebsaytı vasitəsi ilə yanaşı buradan da əldə edə bilərlər. Məhdud sayda bilet var. Biz hamını bilet almağa dəvət edirik. Bu işdə tələssinlər, sonraya bilet qalmaya bilər”.

Qeyd edək ki, Azərbaycan vətəndaşlarına və Azərbaycanda məskunlaşmış xarici ölkə vətəndaşlarına biletlər 20-40%-lik endirimli qiymətlərlə təklif olunur. Bir şəxs imtiyazlı biletlərdən ən çoxu 4-nü ala bilər. İmtiyazlı biletlər şəxsiyyəti təsdiq edən sənəd əsasında satılır. Bilet alarkən izləyicilərə tribunaları və ya ayaqüstü yerləri seçmək imkanı verilir.

Digər tərəfdən, sadəcə cümə günü üçün satılan biletlər xaricində digər biletlərin hamısı yarış həftəsonunu əhatə edən hər üç gün üçün keçərli olacaq. Bu biletlərə sahib olanlar “Formula 1” yarışı ilə yanaşı keçirilən GP2 seriya yarışlarını izləmək və dənizkənarı bulvar ərazisində salınacaq “Formula 1” şəhərciyinə giriş imkanı əldə edəcəklər. Onlar bu şəhərcikdə təşkil olunan konsert və əyləncə tədbirlərində də pulsuz iştirak edə biləcəklər.

Short URL: http://www.cumhuriyyet.net/?p=57020

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728