Leyla Yunus: “İstənilən vaxt ölə bilərik”
Bu gün – martın 11-də Bakı ApeLlyasiya Məhkəməsində Leyla və Arif Yunusların müraciətinə baxılıb. Onlar ölkədən çıxışlarına məhdudiyyətin aradan qaldırılmasını istəyiblər.
Prosesə Həsən Əhmədov sədrlik edib.
Vəkil Elçin Sadıqov hər iki şəxsin ciddi xəstəliyinin yalnız Berlindəki klinikada müalicə oluna biləcəyini diqqətə çatdırıb.
Vəkil onu da qeyd edib ki, Yunuslar hətta Berlindəki səfirlik və konsulluğun müşayiəti altında xəstəxanaya getməyə razıdırlar.
Arif Yunus çıxışında Azərbaycanda müalicə metodikasının effektli olmadığını bildirib: «Birinci instansiya məhkəməsində də bizdən soruşdular ki, «niyə Azərbaycanda yox, Almaniyada müalicə olunmaq istəyirsiniz?». Məsələn, MTN-də məni müalicə edən həkim pis deyildi. Amma Azərbaycanda tibb sistemində köhnə üsullardan istifadə olunur. Mən bunu alman həkim Witt-lə görüşdə başa düşdüm. Azərbaycan həkimləri müalicəni sovet metodikası ilə aparır. Amma Witt bir dərman verirdi, vəziyyət düzəlirdi. Yəni bizdə sovet metodikası qalır, ona görə müalicə effektiv olmur».
Arif Yunus deyib ki, Berlin klinikasına sırf cərrahiyyə əməliyyatına görə getmələri vacibdir: «Məndə təzyiqlə yanaşı, başqa xəstəliklər də var. Başımın arxasında şiş var, amma bizim həkimlər bunun nə şiş olduğunu müəyyənləşdirə bilmir».
Leyla Yunus da çıxışında hər ikisinin həyatının təhlükə qarşısında olduğunu bildirib: «İkimiz də ağır xəstəyik. Əgər bizi həbsdən buraxmasaydılar, ən azı, birimiz indi sağ olmayacaqdıq. Ağır xəstə olmağımızın bunlara çatdırılmasında həkim Witt-in böyük əməyi var. Mən Azərbaycan prezidenti İlham Əliyevə bizi həbsdən buraxdığına görə minnətdaram. Biz ölmədik, amma müalicə də olunmamışıq. İstənilən vaxt ölə bilərik. Biz hələ yanvardan təcili müalicəyə başlamalı idik».
Prokuror Seyhun Azadəliyev apellyasiya şikayətinin təmin olunmamasını istəyib. Məhkəmə də şikayəti təmin etməyib.
Yunusların vəkili Elçin Sadıqov bildirib ki, qərardan Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.
Leyla və Arif Yunuslar 2014-cü ilin iyulunda həbs olunublar. Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurdular.
2015-ci il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilmişdi. Sonradan Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, onlara verilən cəza şərti hesab olundu və Yunuslar həbsdən buraxıldı.
Hüquq müdafiəçilərinin üzərində şərti cəza olduğu əsas gətirilərək, ölkəni tərk etmələrinə yasaq qoyulub. Yunuslar ölkədən çıxışlarına qadağa ilə bağlı Yasamal rayon Məhkəməsinə müraciət etsələr də, iddia təmin olunmamışdı. Bakı Apellyasiya Məhkəməsinə də həmin qərardan şikayət verilmişdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=57504