Rövnəq Abdullayev söz verdi: Həlak olan neftçilərə abidə qoyulacaq
Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev itkin düşən neftçilərin ailə üzvləri ilə görüşüb.
Bu barədə virtualaz.org saytına ARDNŞ-dən məlumat veriblər.
Xəbərdə deyilir ki, Rövnəq Abdullayev dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağındakı 10 və ”Neft Daşları”ndakı 501 nömrəli dəniz özüllərində baş vermiş qəza zamanı itkin düşmüş neftçilərin ailə üzvləri ilə görüşüb. Rövnəq Abdullayev Xəzər dənizində bu cür təbii fəlakətlərin çox nadir hallarda baş verdiyini qeyd edib. “Qəzadan dərhal sonra prezidentin sərəncamı ilə Dövlət Komissiyasının yaradıldı, həlak olan və itkin düşən neftçilərin axtarış işləri fasilə verilmədən aparıldı”, – deyə şirkət prezidenti qeyd edib.
Onun sözlərinə görə, son cəsədlərin tapıldığı Türkmənistan Respublikası ərazisində axtarış işlərinin intensivləşdirilməsi ilə bağlı zəruri tədbirlər həyata keçirilir.
İtkin düşənlərin ailə üzvləri ilə SOCAR rəhbərliyi nümayəndələrinin indiyə qədər keçirilmiş görüşləri haqqında məlumatlı olduğunu bildirən Rövnəq Abdullayev görüş işitirakçılarını narahat edən məsələlərlə maraqlanıb. İtkin düşən neftçilərin ailə üzvlərindən Esmira Əhmədova, Hüseyn Xəlilov, Azər İskəndərov, Nəcməddin Nəcməddinov, Simuzər Rzaxanova problemlərini söyləyib. R.Abdullayev isə problemlərin həlli üçün tədbir görüləcəyini deyib. O, dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağındakı 10 və ”Neft Daşları”ndakı 501 nömrəli dəniz özüllərində baş vermiş qəza zamanı həlak olmuş neftçilərin xatirəsinin əbədiləşdirilməsi üçün abidə qoyulacağını söyləyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=58095