70 yaşlı Sabir Rüstəmxanlı… – Nüfuzlu siyasətçilərin və ədəbiyyatçıların gözü ilə

20.05.2016 - 15:29

sabir-rustemxanliBu gün Xalq şairi, Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, ictimai-siyasi xadim Sabir Rüstəmxanlının 70 yaşı tamam olur. Bu məqsədlə Azərbaycanda və ondan kənarda yubiley mərasimləri keçirilir. Sabir Rüstəmxanlı həyatının bir böyük bir hissəsi ədəbiyyatla yanaşı, siyasətdə, meydanlarda keçib.

Yazı əhli və siyasətdəki nüfuzlu şəxslər S.Rüstəmxanlının fəaliyyətini necə dəyərləndirir? AzNews.az bununla bağlı ədəbiyyat və siyasətçilər arasında keçirdiyi sorğunu təqdim edir:

“O, SÖZÜNÜ DEDİ…”

Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov: “70 il çox mühüm mərhələdir. O, həm şair kimi, həm siyasi xadim, həm də hərəkatçı kimi sözünü dedi. Sabir bəyə can sağlığı arzu edirəm. Arzu edirəm bundan sonra ailəsiylə birlikdə gözəl bir ömür yaşasın”.

“O, MİLLİ KİMLİYİN SİMVOLLARINDAN BİRİDİR…”

Xalq Partiyasının sədri Pənah Hüseyn: “Sabir Rüstəmxanlı Azərbaycanın ictimai-siyası həyatında mühüm rol oynayan xadimlərindən biridir. Azərbaycanda milli şüurun və Milli Azadlıq mübarizəsinin istər ölkəsində, istərsə də dünya miqyasında formlaşmasında fövqəladə rol oynayan böyük şəxsiyyətlərdən biridir. O, keçən əsrin sonlarında Azərbaycan inqlablarının təşkilatçı rəhbərlərindən və liderlərindən hesab olunur. Azərbaycan dövlətçiliyinin və Azərbaycan millətinin formalaşmasında inkişafın simvolarlarındandır. Bu baxımdan Sabir Rüstəmxanlının 70 illi yubileyi bizim üçün çox əhəmiyyətlidir”.

“O, DAİM FƏRQLƏNİB”

Milli Məclisin deputatı Aydın Mirzəzadə: “Sabir Rüstəmxanlı Azərbaycan ədəbiyyatında və ictimai-siyası həyatda yer tutan görkəmli simalardan biridir. Yazılarında daima Şimali-Cənubi Azərbaycan, xalqın birliyi, Azərbaycan xalqının layiq olduğu qiyməti alınması mövzularını ön plana çəkir. Bu istiqamətdə özünün mövqeyi və vətənpərvərliyi ilə daima fərqlənib. Ötən əsrin 1980-1990-cı illərində mitinq hərəkatının təşkilatçılarından və ərazi bütövlüyümüz uğrunda mübarizə aparan insanlardan biri olub. Bunun nəticəsidir ki, Sabir bəy 5 seçim Azərbaycan parlamentinin deputatı seçilib. Çıxışlarında bir qayda olaraq sosial əhəmiyyətli, dövlətçilik mahiyyəti mövzulara toxunub, daima xalqın içərisində olub, aktual məsələləri gündəmə gətirməyə çalışırdı. Müxalif partiyasının başqanı olmasına baxmayaraq, Azərbaycanda gedən quruculuq işlərinin, Azərbaycanın ərazi bütövlüyünün əldə olması üçün iqtidarın apardığı siyasəti yüksək qiymətləndirirdi. Milli birlik, vətəndaş həmrəyliyi həmişə Sabir Rüstəmxanlının mübarizə apardığı məqsədlərindən biridir. Onu təbrik edib, can sağlığı arzulayıram. Hesab edirəm ki, Sabir Rüstəmxanlı özünün fəaliyyəti və məzmunlu həyatı ilə Azərbaycan tarixinə öz adını yaza bilib”.

“O – ÜZƏRİNƏ KÖLGƏ SALMAQ İSTƏSƏLƏR DƏ, TARİXƏ ADINI YAZMIŞ ŞƏXSİYYƏTDİR”

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədr müavini Vurğun Əyyub: “Sabir bəyi təbrik edirəm. Onunla tanışlığımızın uzun tarixi var. İlk dəfə “Qan yaddaşı” şeirlər kitabının müzakirəsini “Çənlibel”də təşkil etmişik, məruzəni də özüm etmişəm. Meydan Hərəkatı zamanı daha da yaxın olmuşuq. Sonrakı dövrlərdə münasibətlərimiz əvvəlki kimi yaxın olmasa da, normal şəkildə davam edib. Azərbaycan istiqlalının qazanılmasında Sabir Rüstəmxanlının özünəməxsus rolu var. Hər nə qədər bu rolun üzərinə kölgə salmaq istəsələr də, Sabir bəy Azərbaycan tarixinə adını yazmış şəxsdir. Onun bədii-publisistik kitablarının çoxunu oxumuşam. Sabir bəyin Azadlıq Hərəkatının tarixinə dair yazdığı kitablara və onun siyasi fəaliyyətinə münasibətim birmənalı deyil. Amma o məsələlər indinin mövzusu deyil. Sabir bəyi bir daha təbrik edir, uzun ömür, cansağlığı və yeni yaradıcılıq uğurları diləyirəm”.

“O, XX ƏSRİN YETİŞDİRDİYİ 10 AZƏRBAYCANLIDAN BİRİDİR”

Ümid Partiyasının sədri İqbal Ağazadə: “Biz Sabir Rüstəmxanlının “Ömür” kitabını oxuyub siyasətə gəlmişik. Əslində, “Ömür” kitabı 1988-ci ildə çox insanları siyasətə gətirdi. Mən həmişə demişəm, bu gün də təkrar edirəm: 20-ci əsrdə 10 azərbaycanlının adını çəkmək mümkündürsə, onun biri məhz Sabir Rüstəmxanlıdır. O, 20-ci əsr Azərbaycanın ictimai-siyası həyatında adı tarixə düşən şəxslərdən biridir. Çox sevinirəm ki, mən onunla uzun müddət bir yerdə oldum. Onu özümə çox yaxın dost hesab edirəm. Sabir bəyin yaradıcılığı genişdir. Onun kifayət qədər əsərləri var, sözlərinə mahnılar bəstələnilib. Sabir bəy həm insan, həm siyasətçi, həm də şair kimi hörmət etdiyim və daima ürəklə zəng edib kefini soruşduğum şəxsdir. Ona 100 yaşayın deyirəm”.

“O, HƏMİŞƏ MƏRKƏZDƏ OLUB”

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Namizəd Səfərov: “Sabir Rüstəmxanlı 20 ildən artıq Milli Məclisin üzvü olub. Bu, onun siyasətdə saç ağartdığının təsdiqidir. Sabir Rüstəmxanlının başçılıq etdiyi VHP Azərbaycanın siyasətdə daim iz buraxan partiyalardan sayılıb. Bu gün də fəaliyyətini davam etdirir. Sabir Rüstəmxanlı həm siyasi, həm də ictimai xadimdir. O, Azərbaycanda öz sözünü deməyə qadir olan azsaylı ziyalılardan biridir. Sabir bəy heç vaxt hadisələrin arxasında gizlənməyib. O, daim hadisələrin önündə və mərkəzində olub”.

***
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar: “Sabir bəy, sizi 70 illik yubileyiniz münasibəti ilə təbrik edirəm. Qələm sahibinin arzusu nə ola bilər? Arzu edirəm bu 70 yaşdan sonra yaradıcılığınız daha da zənginləşsin, ədəbiyyata yeni-yeni əsərlər gətirəsiniz. Sizə uzun ömür, can sağlığı arzu edirəm”.

“İKİMİZ DƏ BÖYÜDÜK…SÖZ BOYDA OLMASA DA, ONA YAXIN BÖYÜDÜK”

Yazıçı Seyran Səxavət: “Sabiri düz 54 ildir, tanıyıram. 54 ildə həmişə münasibətlərimiz yaxşı olub və imkan daxilində bir-birimizi axtarmışıq. Bundan əlavə bir-birimizin yaradıcılığı ilə maraqlanmışıq. Aradan vaxt keçdi. İkimiz də yekəldik, böyüdük. Təkcə boy-buxun etibarı ilə deyil, həm də elə yaradıcılıqda, ədəbiyyatda böyüdük, məşhur olduq. Söz boyda olmasaq da, ona yaxın böyüdük. Bu 70 il bizə 70 saniyə kimi gəlir. Gözünü açıb-yumursan baxırsan ki, keçdi. Çağırırsan səni eşitmir ki, soruşasan ki, bir dayan, asta-asta keç. Sabir Rüstəmxanlı vətəndaş mövqeyi olan şəxslərdəndir və böyük söz və qələm sahiblərindən biridir. O, azsaylı ziyalılardan biridir. Sabir bəyə nə demək olar? Yəqin ki, o, banket verəcək. Orada daha yaxşı danışacam. Mən öz qələm dostumu, yoldaşımı, azərbaycanlımı 70 illik yaşı ilə ürəkdən təbrik edirəm, ona can sağlığı, könül xoşluğu arzulayıram. Sabir bəy, düşünmə ki, 70 oldu, qələm dayanmalıdır, əsla. Qələminiz işləməlidir. Bu günə kimi qələminiz, sözünüz necə kəsərli və yerində olubsa, bundan sonra da dayanmaq yox, işləməlidir. Ovçunun çiynində tüfəngi görməyəndə adam onu gərçəkdən ovçu hesab etmir. Çünki həmişə ovcunun tüfəngini çiynində görməyə öyrəşmişik. Yazıçının, şairin, söz adamının da tüfəng yerinə əlində qələm olub. Qələmin titrəməsin, nə demək istəyirsənsə, onu deyə biləsən. Sizi öpüb bağrıma basıram. Artıq ikimizin bir yerdə 140 yaşımız var. Sənin 70 mübarək olsun, çoxlu-çoxlu əsərlərini oxumaq arzusu ilə”.

***
Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq şairi Fikrət Qoca: “Sabir bizim Xalq şairimizdir. O, yaxşı insan, ağıllı və istedadlı şəxsdir. Kölgəsində ailəsi, dostları var. Cəmiyyətdə, üzdə olan insandı. Vətəndaş cəmiyyətində hörməti və öz dəsti-xətti var. Millət vəkili olub və bizi orada layiqincə təmsil edib. Güman edirəm ki, bundan sonra da qələmi daha da iti olacaq”.

“YAŞCA MƏNDƏN 4-5 YAŞ KİÇİK, AMMA MƏNDƏN BÖYÜK…”

Xalq yazıçısı Mövlüd Süleymanlı: “Sabir Rüstəmxanlı sözün əsl mənasında böyük ziyalıdır. Həyatda çox gözəl yaşayıb. Mövqeyi aydın şəkildə ortada olub. Biz eyni dövrün adamlarıyıq. Biz gənc yaşlarından həmişə bir yerdə olmuşuq. Sabir bəy lap gənc yaşlarından həmişə sözünü deyən ziyalı olub. Söz ki deyilməlidir, yaxud da onu demək lazımdır, mütləq Sabir bəy bu addımı atıb. Xalqın istəyini cəmiyyətə çatdırıb. Həmişə öndə olub. Böyük və dərin yaradıcılığı olub. Boş və mənasız şeylərdən kənar olub. Ömrünü xalqın azadlığına həsr edən şəxslərdəndir. Əsərlərində, romanlarında həmişə xalq deyib. Xalqın düşüncəsini ifadə edib, xalqa nəyi demək lazımdırsa, xalq nə istəyibsə, Sabir məhz onu deyib. Sabir xalqla bir yerdə olub, onun dərdi ilə yazıb-yaradıb. Sabir mənə çox doğmadır. O, məndən 4-5 yaş kiçik olsa da, mən ona böyük kimi baxmışam. Onun sözünü gözləmişəm. O, həmişə bir addım irəlidə olub. Sabir sözü kəsilməyən, sona kimi fikrini ifadə edən qələm ziyalıdır. Elə buna görə də xalq onu sevir. Sabir həm də çox əzablar çəkən insandır, ağrısı-acısı olub. Amma buna baxmayaraq, möhkəm düşüncə sahibi olub. Sabir, qardaşım min yaşa”.

“ELƏ BİLİRƏM, GÖZÜMÜN QARŞISINDA BIRDƏN-BIRƏ DOĞULDU, HƏLƏ GEDIRIK…”

Musa Yaqub: “Sabir Rüstəmxanlı bizim çox layiqli Xalq şairimisdir. Mənim də qələm dostum və qardaşımdır. Biz ömür yolunda qələmimiz və sözümüz ilə bir yerdə olmuşuq. Sabirin üstün çəhətlərindən biri onun həmrəyçi olmasıdır. Xalqı həmrəyə səsləyən ziyalıdır. DAK-da fəaliyyəti böyükdür. Azərbaycançılıq ideyalarının yayılmasında çox böyük fəaliyyəti var. Onun fəaliyyəti genişdir. İstər siyasətdə, istərsə də ədəbiyyatda və ələlxüsuz da cəmiyyətdə mövqeyi və hörməti danılmazdır. Elə bilirəm Sabir gözümün qarşısında birdən-birə doğuldu və böyüdü. Hələ gedirik, sonu nə olacaq bilinmir. Sizə hər şey yaraşır. 70-in mübarək, qardaş. Biz ömrün hansı səhifəsində olsaq da, Sabirə müraciət edəcəyik. Onun siyasi fəaliyyəti böyükdür. Amma biz onu şair kimi sevirik”.

“SİYASİ FƏALİYYƏTİNİ UĞURSUZ HESAB EDİRƏM”

Yazıçı Rasim Qaraca: “Sabir Rüstəmxanlı Azərbaycan xalqının yetişdirdiyi dəyərli ziyalılarımızdan biridir. Sadə kəndli ailəsində doğulmağına baxmayaraq, həm ədəbiyyat, həm də siyasət sahəsində özünə böyük karyera yaratmağı bacarmış bir insandır. Yazmış olduğu “Ömür Kitabı” minlərlə insanımızın milli şüurunun oyanmasına və formalaşmasına xidmət etmişdir. Gənclər üçün yazdığı romanlar, “Difai fədailəri” və s. əsərləri geniş təsir gücünə və tərbiyəvi əhəmiyyətə malikdir. Bütün varlığı ilə ədəbiyyat insanı olan humanist təbiətli Sabir bəyin zorən sürükləndiyi siyasi fəaliyyətini uğursuz hesab edirəm. Turan çölləri kimi geniş ürəyi ilə o, özünün ədəbi missiyasını davam etdirsəydi, daha yaxşı olardı deyə, düşünürəm”.

“ƏLDƏ BİR QƏDƏH ŞƏRAB YETƏR”

Gənc şair Aqşin Yenisey: “Sabir Rüstəmxanlı mövsümü siyasətçi, yaxud ictimai xadim deyil. Ona görə onun aktiv və ictimai fəaliyyətsizliklə məşğul olan mövsümü siyasətçilərə “uduzması” təbii haldır. Amma bir məsələ də var ki, Sabir bəy indiki yeri ilə həm ölkədə, həm də dünyada gedən prosesləri öz həmkarlarından necə dərindən hiss etdiyini bir daha göstərdi. Şair olmasına baxmayaraq, meydan eyforiyasından, inqilab romantikasından ən tez ayılan da Sabir Rüstəmxanlı oldu. Millət təkcə cəsarəti ilə yaşaya bilməz, bu cəsarəti idarə edən ağıl da lazımdır. Sabir bəy cəsarətin də, ağılın da harada lazım olduğunu çox yaxşı bildiyini çox aydın göstərdi son iyirmi illik həyatında. Yaradıcılığı haqqında isə burada danışmağa nə vaxt, nə də ehtiyac var. Məncə, Sabir bəy heç yubiley adamı da deyil, özü demiş, “əldə bir qədəh şərab” yetər”.

Hazırladı: Bahar RÜSTƏMLİ
AzNews.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=64672

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930