DTX əməliyyatından günlər ötdü – Təhlükə sovuşdumu?
02.11.2016 - 11:45
İlham İsmayıl: “Əsas məsələ məxfiliyi gözləməkdir”
Ötən həftə Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşlarının terrorçulara qarşı keçirdikləri əməliyyatla bağlı yayılan xəbər ölkədə ciddi rezonans doğurdu. İki terrorçunun məhv edildiyi, birinin isə ələ keçirildiyi əməliyyatla bağlı müzakirələr gündəmdən düşmür.
Ekspertlər həyəcan təbili çalır, bu tipli təhlükələrin Azərbaycan üzərindən hələ də sovuşmadığını deyirlər. Hüquq-mühafizə orqanları üçün təhlükəsizlik ekspertlərindən uyarıcı açıqlamalar gəlməkdə davam edir. İŞİD-ə qarşı əməliyyatların genişləndiyi bir vaxtda Şimali Qafqaza, o cümlədən Azərbaycana terrorçuların gəlmə ehtimallarının artdığı vurğulanır. Eyni zamanda Azərbaycan kimi ərazi və əhali cəhətdən kiçik ölkələrdə belə təhlükələrin, yəni terrorçuların zərərsizləşdirilmələrinin çətin olmadığı qeyd olunur, böyük ölkələrə nisbətən.
Sabiq MTN polkovniki İlham İsmayıl hesab edir ki, ölkənin gücü ərazisi ilə ölçülmür: “Bu amil müəyyən qədər rol oynaya bilər. Amma kiçik ölkələr anlayışı ilə belə təhlükələrin qarşının alınmasının asan olması kimi fikirlər doğru deyil. İsrail bizdən də kiçik dövlətdir. Amma çox güclü təhlükəsizlik orqanı var, hətta deyərdim ki, ən güclüdür. Amma zaman-zaman İsrailin ortasında da terror hadisələri baş verir. Əgər terror bir ölkəni hədəf alırsa, çalışırlar ki, gec və ya gec bunu həyata keçirsinlər. Terror təşkilatlarının belə xarakterik xüsusiyyətləri var. Ərazini fikirləşib arxayın olmaq lazım deyil. Bizim ərazimizdə də zaman-zaman ermənilər terror törədiblər”.
İ.İsmayıl bu tipli əməliyyatlarla bağlı ictimaiyyətlə geniş məlumat verilməməsinə də münasibət bildirdi:“Nəzərə almaq lazımdır ki, zərərsizləşdirilən şəxslər böyük terror təşkilatları ilə bağlı adamlar olublar. Baş verən hadisə, aparılan istintaq mətbuatda yayılsa, əks tərəf bundan yararlana bilər. Ona görə də burada məsələni gündəmdən çıxarmaqdan söhbət getmir. Əsas məsələ məxfiliyi gözləməkdir. Bu istiqamətdə əməliyyatın metodlarından əminəm ki, istifadə olunur. Hər dəfə bunu mətbuata çıxarmaq doğru deyil”.
Short URL: http://www.cumhuriyyet.net/?p=80880