Uşaqlarının səhvinə görə utanan, işini itirən vəzifə sahibləri…

08.08.2017 - 10:40

Onlar dövləti idarə edə bilir, amma öz övladlarını yox

Bu günlərdə gündəmin əsas mövzusu şübhəsiz ki, məmur övladları ilə bağlı yaranan qalmaqaldır.

Əli Həsənovun nəvəsinin törətdiyi qəza və onun həbsinin fonunda Azərbaycanda olduqca gözəl bir presedentin ənənəsi qoyuldu. Yəni vəzifəli məmurun övladı (nəvəsi) də öz əməlinə görə cəzalandırılır. Amma bu, bizə başqa bir mövzunun qapılarını açdı. Belə ki, bu günə qədər dünyada prezidentlərin də öz övladlarına görə xeyli pis durumda qaldığı bir dünyada yaşayırıq.

Картинки по запросу əli həsənov qəza

Başlayaq, ABŞ prezidenti D.Trampın övladlarından. Məlum, bütün dünya onun qızı İvankanın uğurlu siyasi karyerasından və atasına dəstək olmasından danışır. Amma onun estetik gözəli olması, habelə həddən artıq lüksə meyl etməsi nüfuzuna mənfi təsir edən məqamlardandır. Eləcə də Amerikada onu sevənlər azdır. Hətta buna görə bir dəfə İvanka təyyarədə hücuma məruz qalıb. Hücum İvankanın uşaqlarının yanında, uşaqları ilə təyyarədə öz yerlərini tutmasından dərhal sonra baş verib. Naməlum şəxslər İvankaya yaxınlaşıb və onu təhqir ediblər. İvankanın atasının siyasi mövqeyi naməlum şəxslərin hiddətinin əsas mövzusu olub. Onlar qışqırmağa başlayıblar ki, Tramp ABŞ-ı məhv edir. Bildiriblər ki, buna görə də, onun qızı və nəvələri digər vətəndaşlarla bir göyərtədə olmamalıdır. Maraqlıdır ki, Trampın qızı təxribata reaksiya verməyib və uşaqlarını sakitləşdirməyə davam edib. Qalmaqalı yaradanlar isə təyyarədən çıxarılıb.

Картинки по запросу Trampın övladları

Donald Trampın oğlunun da adı qalmaqallarda hallanır. Məsələn, o, ötən il H.Klintonun nufuzuna xələl gətirəcək informasiya vədi verən Kremlə bağlı rus vəkili ilə görüşməyə razılıq verib. Donald Trampın oğlu bildirib ki, o, Natalya Veselnitskaya ilə görüşüb. Amma bu “mənasız informasiya” barədə xanım Klinton məlumatlandırılıb. Görüşdə həmçinin, prezidentin kürəkəni Kuşner və kampaniyanın o vaxtki rəhbəri Paul Manafort iştirak ediblər. Hazırda bu məsələ ilə bağlı ciddi araşdırma gedir.

Amerika prezidentləri qızlarından çəkib

ABŞ-ın keçmiş prezidenti Obamanın 16 yaşlı böyük qızının Pro Ero rep-qrupunun instagram səhifəsində öz fotosunu paylaşması qalmaqala səbəb olmuşdu. Fotoda prezident qızı qrupun loqotipi əks olunan köynəkdə poza vermişdi. Xatırladaq ki, əvvəl də dekabr ayında respublikaçı konqresmen Stiven Finçerin mətbuat katibi Elizabet Lauten prezident B.Obamanın qızlarını statuslarına hörmət etməməkdə ittiham etmişdi. O, hesab edirdi ki, Saşa və Mali teleefirdə özlərini düzgün aparmırlar və prezident qızları kimi geyinmirlər. Məhz bu çıxışına görə Elizabet Lauten işindən qovulmuşdu.

Картинки по запросу obama qızları

Sabiq prezident Corc Buşun qızları Cenna və Barbara Buş spirtli içkilərə hədsiz aludə olublar. 2001-ci ildə polis Barbaranı gecə barında hədsiz içkili vəziyyətdə yaxalayıb. Buşun digər qızı Cenna da bacısından geri qalmayıb. Uels Universitetinin tələbəsi olan Cenna da Ostindəki digər bir restoranda “Marqarita” içkisi sifariş etdiyi üçün polis tərəfindən cəzalandırılıb.

Картинки по запросу Corc Buşun qızları

Atası ölkəni yumruqla idarə edirdi, oğlu silahla…

Amma bunlar məsum səhvlərdir. Atasına ən çox başağrısı yaradanlardan biri Səddam Hüseynin oğlu Uday Hüseyn olub. Uday Hüseyn atasının ölkəni yumruqla idarə etməsindən yararlanaraq bir çox cinayətlər törətmişdi. Günün çoxunu içkili halda olan Uday Hüseynin cinayətlərindən ən dəhşətlisi atasının dadbilənini (dequstator) məclislərin birində elektrik oyma bıçaqla doğrayaraq öldürməsi idi. Bundan əlavə, Uday Hüseyn dəbdəbəli həyat tərzi ilə də yadda qalıb. Buna misal olaraq, Uday Hüseynin 1200-dən çox bahalı maşınlarının olmasını göstərmək olar.

Картинки по запросу Səddam Hüseynin oğlu Uday Hüseyn

Eyni zamanda o, İraqdakı istənilən qadına təcavüz edirdi. Qadınları yoldan oğurlayır və Udayın hüzuruna gətirirdilər. Onunla birgə olmaq istəməyən qadınları isə öldürürdü. Deyilənə görə, qadınlara təcavüz edəndən sonra Uday onların kürəyini adının baş hərfi olan “U” ilə damğalayırdı. Bundan başqa, Uday hədsiz sadistliyi ilə də ad qazanmışdı. Onun 2 köməkçisini ölümünə qədər döyməsi, habelə İraq türmələrindəki işgəncələrdə şəxsən iştirak etməsi də yayılan xəbərlər sırasındadır.

İlgili resim

Udayın qardaşı Qusey Hüseyn isə gizli polis idarəsi yaratmışdı və bu idarə müxalifətə qarşı amansız əməliyyatlarla məşhur idi. Qardaşlar 2003-cü ildə, İraq işğal olunan zaman Şeyx Nəvvaf Zeydanın iqamətgahı bombalanan zaman öldülüblər.

Hitlerin gizli oğlu ona heç bənzəməyib

Stalinin oğlu Vasili haqda da tarix xoş şeylər demir. Cəsarətli pilot olmasına baxmayaraq – müharibə zamanı iki alman təyyarəsini vurub – həyatı o qədər də yaxşı olmayıb. Xarakter etibarilə çılğın olan Vasili general kimi ad qazansa da, onun aylarla orduya gəlmədiyi, dövlət büdcəsini talan etdiyi, 20 milyon rubl yeyintiyə yol verib eyni zamanda əyyaş həyat tərzi keçirdiyi, rəhbərliyi altında olan qadınlarla yaşadığı da gəzən söz-söhbətlər arasında olub. Atası bu hərəkətlərinə görə onunla danışmırdı. Amma Stalinin ölümündən sonra oğlunu dövlətə qarşı etdiyi əməllərə görə 8 il müddətinə azadlıqdan məhrum etdilər.

Hitler də şəxsi həyatında çox ziddiyyətli şəxs olub. Fransa vətəndaşı olan Jan Mari Lorenin 1981-ci ildə yazdığı “Sənin atan Hitlerdir” kitabında Hitlerin gizli oğlu olduğunu bildirib. Lore və Hitlerin qohumluğu barədə əsl həqiqət onun vəkili Fransua Gibonun sayəsində üzə çıxıb. Lorenin yazdığına görə, anası 16 yaşlı Şarlotta Lobjua ilə yefreytor Hitler arasında roman 1917-ci ildə – alman ordusu Fransanın Pikardiya şəhərində yerləşərkən yaşanıb. 1918-ci ilin martında Lore dünyaya gəlir. Qonşular və uşağı nifrətlə “kiçik boş” (Fransada almanlardan dünyaya gələn uşaqları belə adlandırırdılar) deyə çağırırdılar. Təhqir və istehzadan bezən Şarlotta bir neçə ildən sonra uşağı gənc bir ailəyə övladlığa verir. Taleyin gərdişinə bax ki, 1939-cu ildə Hitlerin oğlu Almaniya faşistlərinin əleyhinə vuruşmaq üçün müharibəyə gedir, işğal vaxtı isə fransız partizanlarına qoşularaq Klement ləqəbini götürür.1950-ci illərin əvvəllərində doğma anası ölümündən əvvəl Loreyə əsl atasının kimliyini deyir. Bu, onun üçün böyük şok olur. Özünün dediyinə görə, düz 20 il durmadan çalışır ki, əsl kimliyini unutsun.

Varis otel işçisini amansızlıqla döyürdü

Liviya rəhbəri Muammer Qəzzafinin 6 oğlu və bir qızı olub. Atasının hakimiyyəti dövründə uşaqları rəhbərlikdə yüksək vəzifələr tutublar. Onların idarəsində milyardlarla dollar və atalarının hüdudsuz hakimiyyəti olub. Amma hamıdan çox onun oğlu Hannibal pis şöhrət qazanmışdı – o, insanlara qarşı amansız münasibəti ilə tanınırdı. 2008-ci ildə hətta İsveçrədə onu otel işçisini amansızcasına döyməsinə görə həbs etmişdilər. Bu insident İsveçrə ilə Liviya arasında konfliktlə nəticələnmişdi. Hannibal akulalar üçün hovuz tikdirir, Parisdə dəlicəsinə yüksək sürətlə maşın sürür və hamilə həyat yoldaşını Londonda döyürdü.

Картинки по запросу Qəzzafinin övladları

Qəzzafi rejiminin çökməsindən sonra onun iki oğlu – Saif əl-Arab və Hamis Qəzzafi atışma zamanı həlak olub. Hannibal isə anası Safiya, bacısı Ayşə və ögey qardaşı Məhəmmədlə birgə Əlcəzairə qaça bildi.

Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerin oğlu Mark Tetçer isə hər dəfə tarixə fərqli qalmaqallarla girib. 2005-ci ildə 52 yaşlı biznesmeni Qvineyada çevrilişə görə ittiham edərək 500 min dollar məbləğində cərimələdilər və 4 il şərti cəza verdilər. Bundan başqa, o, qanunsuz silah alverinə, habelə iri dələduzluq faktlarına görə dəfələrlə ittiham edilib. Anası Marqaret Tetçer isə onun haqqında aşağıdakı unikal sözləri deyib: “Mark pulları o qədər çox sevir ki, eskimoslara qar, ərəblərə qum sata bilər”.

Bəli, bu, övladlarının əlindən xeyli çəkən, övlad utancını yaşayan prezidentlərdir. Onlar haqqında çox zaman elə bu cür də deyirlər: o boyda dövləti idarə edə bilirlər, amma uşaqlarını yox….

Sevinc TELMANQIZI

Musavat.com

Short URL: http://www.cumhuriyyet.net/?p=97796

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31