Ölkədə yeni referendum müzakirələri – siyasilərdən fərqli reaksiyalar

23.09.2020 - 10:48

Asim Mollazadə hesab edir ki, ölkəmizdə daha ciddi problemlər var, Qulamhüseyn Əlibəyli və Tural Abbaslı isə bunu mümkün hesab edir

Azərbaycanda konstitusiya dəyişikliyi üçün referendumun keçirilməsini vacib hesab edənlər var. Bəzi siyasi ekspertlər seçki sisteminin dəyişdirilməsi, proporsional seçki sisteminin bərpası, Milli Məclisdə yerlərin 125-dən 150-yə qədər artırılması, icra hakimiyyətlərinin ləğv olunması, bələdiyyələrin statusunun artırılması kimi məsələlərin referenduma çıxarılmasının tərəfdarı kimi çıxış edirlər. Onlar hətta Azərbaycanın siyasi idarəçiliyi ilə bağlı dəyişikliyi – parlament respublikasına keçid etməyi vacib sayırlar. Deputat Fəzail Ağamalı istər parlament respublikasına keçid, istər indiki majoritarla qarışıq sistemdən azad olunması, istərsə də rayonların ləğv edilməsi, quberniya və vilayətlərin yaranması təkliflərini istisna etməyib. Həmkarı Sabir Rüstəmxanlı da bu ideyaları mümkün sayıb.

Referendum təklifinin irəli sürülməsi ölkədə həyata keçirilən yeni siyasi-iqtisadi formasiyanın davamı kimi qiymətləndirilir. Müşahidəçilərin fikrincə, hakimiyyət referenduma getməklə yeni bir sistemin, iqtidar-müxalifət münasibətlərində fərqli mərhələnin təməlini qoya bilər. Bəzi mütəxəssislər indiki halda referendum keçirilməsini imkansız hesab edir. Onların sözlərinə görə, pandemiya şəraitində ümumxalq səsverməsinə getmək risklidir. Amma fərqli yanaşanlar da var. Bəzi şərhçilər hesab edir ki, Rusiya referendum keçirdi, Belarus prezident seçkiləri təşkil etdi. O baxımdan onlayn səsvermə belə mümkündür.

Asim Mollazadə: “Parlament daha çox gənclərdən ibarət olmalıdır”

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, konstitusiyaya dəyişikliyi barədə  müzakirənin zamanı deyil. Deputatın sözlərinə görə, Azərbaycana indiki halda əsas təhlükə Ermənistan və böyük ölkələr tərəfindən var. A.Mollazadə hesab edir ki, digər tərəfdən, pandemiya ciddi problemlər yaradıb, iqtisadi vəziyyətə təsir edib və ortaya referendum məsələsini atmaq cəfəng ideyalardır: “Görünür, kimlərsə darıxır və gündəmə belə mövzular gətirirlər. Düşünmürəm ki, yaxın müddətdə referendum olacaq. Təbii ki, sadaladığınız icra hakimiyyətlərinin ləğvi, proporsional seçki sisteminə keçid, bələdiyyələrin səlahiyyətlərinin artırılması kimi təkliflər müzakirə oluna bilər. Amma bizim üçün hazırda daha ciddi problem var. Bu da Ermənistanın ehtimal olunan yeni təcavüzü və arxasındakı  qüvvələrdir. İstisna etmirəm ki, yeni müharibə başlaya bilər. Üstəlik, pandemiya şəraitində nə referendum ola bilər?”

Qulamhüseyn Əlibəyli: Azərbaycan Avropa Şurasının qərarlarını yerinə  yetirmək öhdəliyi götürüb

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəylinin sözlərinə görə, seçki sisteminin dəyişdirilməsinə ciddi ehtiyac var. Partiya sədri hesab edir ki, tam mojaritar seçki sisteminə keçid uğurlu alınmadı. Q.Əlibəyli təklif edir ki, qarışıq seçki sisteminin bərpası məqsədəuyğundur. “Yəni parlamentə seçkilərin yarısı proporsional, yarısı majoritar qaydada keçirilə bilər. Düzdür, ölkədə siyasi partiyaların fəaliyyəti məhdudlaşdırılıb. Amma qarışıq sistemə keçid zamanıdır”, – də müsahibimiz vurğuladı.

Q.Əlibəyli xatırlatdı ki, bir neçə il qabaq icra hakimiyyətlərinin ləğvini təklif etmişdi: “Onların səlahiyyətlərinin bələdiyyələrə verilməsi prosesi getməlidir. Yerlərdə bələdiyyələrin səlahiyyəti olduqca azdır. Sadəcə, indi referendum keçirilərsə, yalnız seçki sisteminə dəyişiklik və Milli Məclisə say tərkibinin artırılması ilə bağlı ola bilər”. Partiya sədri hesab edir ki, pandemiya şəraitində referendum keçirilməsi üçün mexanizm müəyyənləşdirilə bilər: “Əvvəla, bu məsələ Prezidentin və Milli Məclisin səlahiyyətindədir. Amma karantin qaydalarına riayət etməklə ya referendumu bir neçə gün keçirmək, ya da seçki komissiyalarının sayını artırmaq olar”.

Tural Abbaslı: “Arif Hacılı Müsavatı uçuruma apardı” | RealMedia.az

AĞ Partiya başqanı Tural Abbaslının fikrincə, referendumun keçirilməsinin təşkilatı və texniki tərəflərini pandemiya ilə bağlamaq olmaz. Onun sözlərinə görə, dövlət canlı varlıqdır və müxtəlif funksiyaları var, daim hərəkətdədir: “Pandemiyaya görə hansısa proses axsadılmamalıdır. Necə ki, Gürcüstan oktyabrda seçki keçirəcək, bundan əvvəl Rusiya referendum edib, eləcə də biz həm boş qalan 5 deputat yerinə seçki keçirməliyik, həm də referendum olmalıdır”.

T.Abbaslı konstitusiyaya dəyişikliyi zəruri sayır: “Əvvəl 25 yerə proporsional, 100 yerə majoritar sistemlə seçki keçirilirdi. Sonra 125 yer mojaritar sistemlə oldu və çoxpartiyalılığa böyük zərbə vuruldu. Ona görə yeganə yol proporsional sistemin bərpa edilməsi, deputat sayının 150-yə qaldırılmasıdır”. Partiya sədrinin sözlərinə görə, çoxpartiyalı sistemin inkişafı, siyasətin peşəkarlaşması üçün proporsional seçkiyə keçid əhəmiyyətlidir: “İqtidar bundan ehtiyat edirsə, deputat sayını 150-yə qaldırsın, 100 mojaritar, 50 yer proporsional sistemlə seçilsin. Artıq Cənubi Qafqazda Gürcüstan və Ermənistan proporsional sistemə keçib. Bir bizik ki, dünyanın çoxdan imtina etdiyi mojaritar sistemdə qalmışıq. Ona görə referenduma gedilməlidir. Bu, hakimiyyətin elan etdiyi yeni konfiqurasiya istiqamətində önəmli addım olardı və biz partiya olaraq bu təşəbbüsü dəstəkləyirik”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=154757

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930