Ekspertdən Kəlbəcərə gedənlərə ÇAĞIRIŞ

09.09.2021 - 15:00

 

Ekspertdən Kəlbəcərə gedənlərə ÇAĞIRIŞ

 

Murovda avtomobil qəzası və 5 nəfərin xəsarət alması ilə bağlı məlumat gəldi. Bu, işğaldan azad olunmuş dağlarımızda baş verən ilk qəza deyil. Təəssüf ki, son aylarda oralarda ölümlə nəticələnən hadisələr də olub. Yol-nəqliyyat hadisələrinin ümumi səbəbləri təxminən eyni olsa da, həmin ərazilərlə bağlı xeyli özəlliklər də var.

Bunu nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov qeyd edib.

O, bu məsələdə xüsusi diqqət ayrılması vacib olan bir neçə məqamı sadalayıb:

1. Kəlbəcər və Laçında xeyli yol işləri görülüb və görülməkdədir. Nəticədə həmin ərazilərdə həqiqi avtomobil yolları yaradılır. Həmin yollara (o cümlədən dünənki qəzanın baş verdiyi Ömər aşırımından keçən yolda) hələ ki, asfalt örtük vurulmayıb (tikinti işləri davam etdiyindən və ağır texnikanın intensiv hərəkəti olduğundan yaxın aylarda vurulması planlaşdırılmır), lakin yol yatağı hamarlanıb, genişləndirilib və narın çınqıl döşənib. İşlər bitmədiyindən hərəkətin təşkili işləri də görülməyib, yollar xətlənməyib, sadəcə sərt döngələri və sərt eniş-yoxuşu bildirən, bəzi yerlərdə sürət məhdudiyyətini nəzərdə tutan və ötməni qadağan edən nişanlar var. Ona görə də ora daxil olan sürücülər çox diqqətli olmalıdırlar. Sərt döngələrə və sərt eniş-yoxuşlara, habelə yol örtüyünə uyğun sürməlidirlər. Məlumat üçün deyim ki, narın çınqılda tormozlanma asfaltdakından çətin olur, sürüşmə ehtimalı yüksəkdir.

2. Murovu tanıyanlar bilir ki, hətta yayın cırhacırında da istənilən vaxt orada duman ola bilər. Dumanda asfaltsız və xətlənmə olmayan yolda sürmək çox çətindir, gecə vaxtı isə demək olar ki, mümkün deyil. Mütləq bunu da nəzərə almaq və gecə vaxtı orada yola çıxmamaq tövsiyə olunur.

3. Belə sərt şəraitdə avtomobilin texniki sazlığına, yüklənməsinə xüsusi diqqətlə yanaşılmalı, dağ şəraitində maşın sürməyən sürücü xüsusi təlim keçilmədən belə yola buraxılmamalıdır. Bunun üçün yaxşı olar ki, həm orada yerləşən hərbi birliklərimizin sürücülərinə, həm də orada işləyən mülki təşkilatların sürücülərinə xüsusi təlim keçilsin, avtomobillərə diqqət artırılsın.

4. Payız və qış aylarında dağlarda bəzən həftələrlə duman olacaq, Murovda isə hətta sentyabrda da qar yağa bilər. Ona görə də hələlik yol işləri başa çatmamış olsa da, yaxşı olar ki, yolların ən təhlükəli yerlərində, məsələn, uçurumların kənarlarında, sərt döngələrin kənarlarında təhlükəsizlik artırılsın. Bu məqsədlə belə kənarlara yeri dəyişdirilə bilən beton sədlər düzmək, yaxud mümkün olan yerdə sadəcə dağ suxurları (daş-çınqılla) ilə müvəqqəti qoruyucu sədd yaratmaq yaxşı olar. Belə yerlərdə yol kənarı və həmin sədlər yaxşı görünən edilməlidir (işıqqaytarıcı lentlərlə, müvəqqəti konuslarla və s. işarələnməlidir).

5. Ən təhlükəli sərt enişlərdə əyləc sistemində problem yaranan avtomobillərin öz gedişi ilə (əyləcsiz) dayandırılması üçün yerlər – əyləcsiz avtomobili saxlayacaq panduslar (Runaway truck ramp) yaratmaq yaxşı olar.

Bir sözlə, təhlükəsizlik üçün hər şey edilməlidir. Elə etməliyik ki, heç bir itkimiz olmasın, o yerlərə dönüşümüz möhtəşəm olsun.

Məsələn, 24 iyulda Murovda yol belə idi, dumanlı-çiskinli…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=166687

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930