Azərbaycanda 101 qadın ANA olarkən ölüb

Son 5 ildə Azərbaycan Respublikasının iqtisadi və inzibati şəhər-rayonları üzrə hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı açıqlanıb.
Dövlət Statistika Komitəsinin (DSK) İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Suleymanov cavab olaraq hesabat dövründə 101 ana ölümü qeydə alındığını bildirib.
Onun sözlərinə görə, illər üzrə ana ölümlərinin sayında artım yoxdur:
“Belə ki, 2016-cı ildə 22, 2017-ci ildə 21, 2018-ci ildə 17, 2019-cu ildə 21, 2020-ci ildə 20 ana ölümü qeydə alınıb”.
DSK rəsmisinin verdiyi məlumata görə, ana ölümlərinin əksəriyyəti bölgələrdə baş verib:
“Son 5 ildə baş verən ana ölümlərindən 20-si paytaxtda olub. 2016-cı ildə 3, 2017-ci ildə 3, 2018-ci ildə 4, 2019-cu ildə 8, 2020-ci ildə 2 ana ölümü Bakıda qeydə alınıb”.
Bu illər ərzində yalnız 2019-cu ildə Naxçıvan Muxtar Respublikasında 1 ana ölümü baş verib. 5 ildə Abşeronda 5, Şirvanda 3, Gəncə-Daşkəsəndə 10, Qarabağda 8, Tovuz-Qazaxda 9, Quba-Xaçmazda 5, Lənkəran-Astarada 15, Mərkəzi Aranda 3, Mil-Muğanda 6, Şəki-Zaqatalada 7, Şərqi Zəngəzurda 1, Şirvan-Salyanda 8 ana ölümü baş verib”.
Qeyd edək ki, əvvəlki illərdə ana ölümlərinin sayı daha çox olub. Məsələn, 2007-ci ildə 54, 2008-ci ildə 40, 2009-cu ildə 37 nəfər doğuş zamanı və zahılıq dövründə dünyasını dəyişib.
Məlumat üçün bildirək ki, 2021-ci il üzrə yekun statistika ilin sonunda məlum olacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=167495