Prezidentin köməkçisi helikopter qəzasından DANIŞDI

Prezidentin köməkçisi Hikmət Hacıyev DSX-nin helikopterinin qəzaya uğramasından danışıb.
Prezidentin köməkçisi Hikmət Hacıyev Bakıda keçirilən “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu zamanı jurnalistlərə açıqlamasında bildirib ki, bəzi hallarda bu kimi hadisələr baş verdiyi təqdirdə müəyyən ciddi araşdırma, yoxlamalara ehtiyac olur.
Ciddi araşdırmalar aparılaraq ictimaiyyətə səhih, dolğun məlumatlar verilməsi başlıca şərtlərdən biridir.
H. Hacıyev deyib ki, ictimaiyyətin vaxtında operativ məlumatlandırılması istiqamətində zəruri səylər göstərilir:
“Müharibə dövründə olan təcrübəmiz, Silahlı Qüvvələrin fəaliyyəti ilə əlaqədar məsələlərlə bağlı dövlət kommunikasiyasının həyata keçirilməsi tədbirlərinin təcrübəsi də bunu göstərir. Bəzi hallarda bu kimi hadisələr baş verdiyi təqdirdə müəyyən ciddi araşdırma, yoxlamalara ehtiyac olur. Ciddi araşdırmalar aparılaraq ictimaiyyətə səhih, dolğun məlumatlar verilməsi başlıca şərtlərdən biridir. Nəzərə almaq lazımdır ki, bu kimi hallarda insan həyatından danışırıq. Ailələrə doğru məlumat vermək lazımdır. Təəssüf edirəm ki, bəzən sosial şəbəkələrdə rəsmi məlumat gəlməmiş hansısa insanların adı verilir. Bu, ailələr üçün travma ola bilər. Bəlkə ad, təvəllüd düzgün verilməyib? Bəlkə də faciənin iştirakçısı olmayan insan haqqında məlumat verilib? Bunun ailələr üçün böyük travma ola biləcəyini nəzərə almalıyıq. Həm də ictimaiyyəti çaşdıra bilər. Bir tərəfdən başa düşürük ki, aidiyyəti qurumlar tərəfindən operativ kommunikasiyanın həyata keçirilməsi, ilkin məlumat formasında olsa da kommunikasiyanın təmin olunması vacib şərtdir. Digər tərəfdən, ictimaiyyət olaraq strateji səbir göstərməyimiz vacib hallardan biridir. Bu xüsusda qeyd etmək istəyirəm ki, Azərbaycan mediası tərəfindən peşəkarlıq göstərildi. Media tərəfindən dəqiqləşdirilməmiş məlumatların verilməsinin qarşısı alındı. Amma sosial media məkanında təəssüf ki, bunun şahidi olmadıq. Cəmiyyət olaraq, media məkanında fəaliyyət göstərən insanlar olaraq, bu məsələlərə maksimum həssas yanaşmamız vacibdir”.
Prezidentin köməkçisi helikopter qəzasında şəhid olan hərbçilərin ailələrinə bir daha başsağlığı verib.
Short URL: http://www.cumhuriyyet.net/?p=168556