YARIM MİLYON ÖDƏNİLƏN ŞİRKƏTİN SAHİBİ QARA FƏHLƏ ÇIXDI – “Əgər yalan danışsam, Allah mənim bəlamı versin…”

16.12.2021 - 14:53

Həmin şirkətin “sahibi” kimi göstərilən Durhəsən Rzayev dekabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verib. O, hətta yazıb-oxumağı da bacarmadığını, adına açılmış şirkətin də hansı işlə məşğul olduğunu bilmədiyini deyib.

Cinayət işinin materiallarında bildirilir ki, bu şirkətin hesabına köçürülən vəsait nağdlaşdırılıb və “Azərxalça” rəhbərliyinə geri qaytarılıb. Yəni ip alınması üçün ayrılmış vəsait son nəticədə mənimsənilib.

Məhkəmədə şahidlər dindirilməmişdən öncə onlar yalan danışmayacaqları haqda iltizamı imzalayırlar, kürsüdə qarşılarında olan “Şahidin andı” mətnini uca səslə oxuyurlar. Yarım milyonluq tenderin qalibi olmuş şirkətin rəhbəri olan Rzayev isə bu mətni oxuya bilməyib: “Oxuya bilməsəm də, Allaha and olsun, düz danışacağam. Əgər yalan danışsam, Allah mənim bəlamı versin…”.

D.Rzayev deyir ki, o, günəmuzd işləyən fəhlədir. Nəinki yarım milyona ip satmayıb, ümumiyyətlə, bu işlər haqda heç bir məlumatı yoxdur: “Mən onun-bunun əlinin altında fəhlə işləyən adamam. Bir gün gecə evdə oturmuşdum, tanışlardan biri dedi ki, işsizsənsə, iş var. Razılaşdım. Məni nəyəsə imza atmaq üçün “Nərimanov”a apardılar. Orada bildim ki, adıma şirkət yaradılırmış. Sonra da Şamaxıya – vergi idarəsinə apardılar. Nə ipdən, nə də başqa şeydən xəbərim var”.

“Azərxalça”da 2020-ci ilə qədər anbardar işləmiş, daha sonra şirkətin Satınalma Komissiyasında çalışmış Emin Xəlilov da məhkəmədə dindirilib. Onun sözlərinə görə, bəzi hallarda tender keçirilirdi, bəzi hallarda isə yox: “Komissiyada da mənim işim sənədlərlə olub. Bu məsələlərə aidiyyətim olmayıb”.

“Azərxalça” ASC-nin Sumqayıtdakı yerli müəssisəsində və İsmayıllı rayonunda yerləşən xalça emalı sexində işləmiş Afər Soltanov da ifadə verib. O bildirib ki, sadəcə, verilən sifarişləri icra ediblər. Soltanov aparılan işlərdə çatışmazlıq müşahidə etmədiyini deyəndə prokuror ona öz ifadəsini xatırladıb.

“Özünüz istintaqdakı ifadənizdə bildirmisiniz ki, sənəd üzərində termometrlərin quraşdırıldığı göstərilsə də, əslində yox idi. İşlədiyiniz şirkətlərin birindən 3 milyon 452 min manat, digərindən 400 mindən artıq pul yoxa çıxıb. İndi də deyirsiniz ki, çatışmazlıq müşahidə etməmisiniz”, – prokuror belə deyib. Şahid dövlət ittihamçısına heç bir cavab verməyib.

21 milyon 673 min manatlıq mənimsəmə, 640 min manat vergidən yayınma kimi əməllərdə suçlanan Vidadi Muradov 2021-ci ilin yanvarında həbs olunub. Onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilən Muradov noyabrın 1-də ev dustaqlığına buraxılıb. Noyabrın 5-də isə vəfat edib.

Cinayət işinin materiallarında iddia olunur ki, Muradov öz şirkəti “Azər-İlmə” MMC-nin Bakıda yerləşən inzibati binasını dövlət şirkəti olan “Azərxalça” ASC üçün bazar qiymətlərindən daha yüksək qiymətə icarəyə götürüb. “Azərxalça”nın pulu – xalça istehsalı üçün ip alınması məqsədilə nəzərdə tutulan vəsait formal olaraq müxtəlif şirkətlərin hesabına köçürülüb. Həmin şirkətlərin rəhbərləri köçürülmüş vəsaiti hesabdan çıxarıb nağdlaşdırandan sonra geri qaytarıblar.

Bundan əlavə, “Azərxalça”nın ölkənin müxtəlif bölgələrində 23 müəssisəsinin tikintisi zamanı qiymətlərin şişirdilməsi, daha ucuz və keyfiyyətsiz materiallarla işlərin görülməsi nəticəsində də külli miqdarda yeyintinin olduğu bildirilir.

Muradova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 213.3 (vergiləri ödəməkdən yayınma- xüsusilə külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=168793

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2022
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930