Hansı partiyalar parlamentin boş yerlərinə seçkidə iştirak edəcək…

Hazırda parlamentdə beş deputat yeri boşdur. Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçki zamanı ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrini ləğv edib:
– 80 saylı İmişli-Beyləqan seçki dairəsi – lider namizəd Çingiz Qənizadə
– 74 saylı Lənkəran kənd seçki dairəsi – lider namizəd Hadı Rəcəbli
– 35 saylı Xətai üçüncü seçki dairəsi – lider namizəd Rauf Arifoğlu
– 33 saylı Xətai birinci seçki dairəsi – lider namizəd Hüseynbala Mirələmov.
Həmçinin 116 saylı Qəbələ seçki dairəsindən seçilmiş Fəttah Heydərov dünyasını dəyişdiyindən onun da yeri boşdur.
Mərkəzi Seçki Komisiyasının (MSK) sədri Məzahir Pənahov ötən həftə mətbuata açqılamasında Milli Məslisdə boş qalan yerlərə seçkilərin keçirilməsinin yəqin ki, yaxın vaxtlarda mümkün olacağını bildirmişdi.
Modern.az saytının əməkdaşı MSK sədrinin açıqlamasına müvafiq olaraq bir neçə siyasi partiya rəhbərindən təkrar seçkiyə qatılıb-qatılmayacaqlarını soruşub.
Ümid Partiyasının sədri İqbal Ağazadə: “Bunun üçün fərman tarix, gün olmalıdır. Heç biri olmadığı üçün deyə biləcəyimiz ciddi bir şey yoxdur. Biz Azərbaycanda hakimiyyət dəyişikliyinin tək yolunu seçkidə görürük. Ona görə də Ümid Partiyası ölkədə keçiriləcək bütün seçkilərdə iştirak edəcək”.
Vətəndaş Həmrəyliyi partiyasının sədri Sabir Rüstəmxanlı: “Partiyamızın parlamentdəki boş qalan yerlərə təkrar seçkilərdə iştirakı barədə hələ heç nə deyə bilmərəm. Çünki məlumatım yoxdur”.
Azərbaycan demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu: “Bu barədə partiyamızda müzakirələr olmayıb və hökumət də rəsmi şəkildə heç bir bəyanat verməyib. Ona görə də partiyada kimlərin iştirak edəcəyi haqqında nəsə deməyə çətinlik çəkirəm. Şəxsən mən öz fikrimi deyə bilərəm ki, seçkilərdə iştirak etmək niyyətim yoxdur. İnanmıram ki, hansısa bir istiqlalçı parlamentə düşə bilsin. Mən də həyatımı Azərbaycan dövlətinin istiqlaliyətinə həsr eləmiş insanam. Deməli, nəzəri olaraq heç vaxt Azərbaycan parlamentində təmsil olunmayacam. Əvvəllər siyasi aktivliyi təmin etmək üçün iştirak edirdim. İndi isə 4 dairə üzrə seçkilər olacaq və hansı yerdən kimin keçəcəyi ilə bağlı bilgilər də var”.
Milli Dirçəliş Hərəkatı Partiyası sədri Fərəc Quliyev: “Biz partiya olaraq bütün seçkilərdə iştirak edirik. Əslində partiyanın işi seçkilərlə hakimiyyətə gəlməkdir. Bu qərarı da partiya verəcək. Böyük ehtimalla təkrar seçkidə iştirak edəcəyik. Amma kimin iştirak etməsi məsələsi partiyadaxili müzakirələr zamanı məlum olacaq”.
Short URL: http://www.cumhuriyyet.net/?p=168830