Müsavat başqanı Brüsseldən qayıtdı və sərt açıqlamalar verdi

24.06.2015 - 09:48

img1842015“Azərbaycana münasibət hər mənada pisləşib”
Müsavat Partiyasının başqanı Arif Hacılı iyunun 23-də Brüssel səfərinin yekunları barədə mətbuat konfransı keçirib. Arif Hacılı Avropa İttifaqının dəvəti ilə gerçəkləşən səfərinin səmərəli olduğunu bildirib. A.Hacılı bildirdi ki, Avropa Parlamentində iki gün davam edən müzakirələr, çoxtərəfli və ikitərəfli görüşlər zamanı bir sıra əhəmiyyətli mövzular müzakirə edilib.

“Şərq Tərəfdaşlığı” mövzusunda keçirilən müzakirələr zamanı “Şərq Tərəfdaşlığı” Proqramının perspektivləri haqqında geniş fikir mübadiləsi aparılıb. Rusiya-Ukrayna konflikti, Dağlıq Qarabağ, Dnestryanı münaqişələr, Rusiya-Gürcüstan münasibətləri avrointeqrasiyaya prosesinə və demokratik inkişafa mane olan faktorlar kontektstində müzakirə olunub.
Onun sözlərinə görə, proqramda iştirak edən ölkələrdə insan haqlarının və azadlıqların təmin edilməsi sahəsində vəziyyət haqqında fikir mübadiləsi aparılıb. Müzakirələrə əsasən postsovet ölkələri daxil olmaqla müxtəlif ölkələrdən əsas siyasi partiyalar iştirak edib: “Toplantıda Azərbaycanı biz təmsil edirdik. Geniş məruzə ilə çıxış etdim. Çıxışın mətni müxtəlif dillərə tərcümə edilərək mətbuat nümayəndələrinə, Avropa Parlamentinin digər üzvlərinə paylanıb.
Çıxışımda Azərbaycanda və regionda baş verənlərin ümumilikdə demokratik inkişafa və Avrointeqrasiya prosesinə təsirindən, Qarabağ münaqişəsi, Ukraynada baş verən hadisələr haqqında, ölkəmizdə insan haqlarının vəziyyəti, qarşıdan gələn parlament seçkilərinə hazırlıq məsələləri haqqında danışdım. Azərbaycanda 80-dən yuxarı siyasi məhbusun olduğunu bildirdim. Həmin siyasi məhbusların bir çoxunun adlarını sadaladım. Təkcə Müsavat Partiyasından hazırda 5 vicdan məhbusunun olduğunu dedim”.
A.Hacılı beynəlxalq tədbirdə iki dəfə çıxış etdiyini söylədi: “Orada edilən bəzi məruzələrdə Qarabağ münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının işğal altında olması birmənalı olaraq qəbul edilmirdi. Buna görə də mən yenidən çıxış edərək bildirdim ki, Dağlıq Qarabağ Azərbaycanın torpağıdır və Ermənistan tərəfindən işğal olunub. Bəyan etdim ki, Dağlıq Qarabağ məsələsi Luqansk, Donetsk kimi münaqişələrlə eyni mahiyyət daşıyır və Rusiya tərəfindən törədilib. Çıxışımda bildirdim ki, Dağlıq Qarabağ problemi Rusiya tərəfindən süni surətdə yaradılmış problemdir. Eyni zamanda qeyd etdim ki, Rusiya bununla həm də Azərbaycanın Avropaya inteqrasiyasının və demokratikləşməsinin qarşısını almaq məqsədi güdür.

Onu da qeyd edim ki, hazırda Ermənistanın Rusiyaya açıq şəkildə meyllənməsi, Avrasiya İttifaqına qoşulmasından Azərbaycan hakimiyyəti Qarabağ məsələsində öz mənafeləri naminə faydalana bilər. Ermənistanın Rusiya ilə hərəkət etdiyi dünya ictimaiyyətinə çatdırılmalıdır”.

Sonra Müsavat başqanı səfər cərçivəsində keçirdiyi ikitərəfli görüşlər barədə məlumat verdi: “Liberal demokratik perspektivdə Şərq Tərəfdaşlığının gələcəyi” mövzusunda keçirilən müzakirələrdə iştirak etməklə yanaşı, Avropa və postsovet məkanı ölkələrinin dövlət xadimləri, siyasi partiya rəhbərləri ilə bir sıra görüşlərimiz də oldu. Avropa Liberal Demokrat İttifaqının (ALDE) prezidenti Guy Verhofstadt, Avropa Parlamentinin xarici siyasət məsələləri üzrə koordinatoru Hans van Baalen, ALDE-nin vitse-prezidenti Pavel Telicka, Avropa Parlamenrtinin üzvü, ALDE-nin rəhbər şəxslərindən olan Petras Austrevicius, Çexiyadan olan Avropa Parlamenrtinin İnsan Haqları üzrə Komissarı Vera Jourova, Finlandiyanın sabiq baş naziri Anneli Yaatteenmyaki, Rusiya müxalifətinin liderləri – keçmiş baş nazir Mixail Kasyanov, “Yabloko” təşkilatının sədri Sergey Mitroxin, Ukrayna Radasının üzvü Mukola Katerinçuk, Gürcüstan müxalifətinin təmsilçilərindən keçmiş xarici işlər naziri Maya Pankidze və digər siyasi xadimlərlə görüşlərimiz oldu. Görüşlərdə Azərbaycanın avrointeqrasiya istiqamətində inkişaf perspektivləri, Azərbaycanda siyasi islahatlar, siyasi məhbuslar, Qarabağ probleminin ədalətli həlli məsələləri müzakirə olundu. Görüşlər zamanı həmçinin Müsavat Partiyasının Avropa İttifaqı strukturları, müvafiq siyasi və ictimai qurumlarla əməkdaşlıq perspektivləri, ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin qurulması məsələləri müzakirə edildi”.
A.Hacılı səfər çərçivəsində Avropada yaşayan mühacir müsavatçılarla da görüş keçirdiyindən danışdı: “Avropanın müxtəlif ölkələrində yaşayan müsavatçılar Brüsselə toplaşmışdılar. Orada çox səmərəli müzakirələr apardıq. Çox sevinirəm ki, Müsavatın Avropada çox ciddi mühacir qrupları formalaşıb, təşkilatlanırlar. Orada biz bir Koordinasiya Mərkəzi yaratmaq barədə təklifləri müsbət dəyərləndirdik. Yəqin ki, mühacir müsavatçıların fəaliyyəti bundan sonra daha çox koordinasiya olunmuş şəkildə həyata keçiriləcək”.

A.Hacılı mətbuat konfransında Azərbaycan hakimiyyətini yaranmış vəziyyəti dəyərləndirməyə çağırdı: “Həm Qarabağ probleminin həlli istiqamətində, yəni mövcud olan status-kvonun Azərbaycanın mənafelərinə uyğun olaraq dəyişilməsi istiqamətində yaranmış imkanlardan yararlanmağa, Avropa Oyunlarının bağlanış mərasiminədək, Ordu Günü münasibətilə əfv fərmanı verərək siyasi məhbusların azadlığa buraxılmasını hakimiyyətin bir fürsət kimi dəyərləndirməsini mesaj olaraq hakimiyyətin diqqətinə çatdırmaq istərdim. Hazırda elə bir vəziyyət hökm sürür ki, Azərbaycanla bağlı Avropada çox mənfi rəy formalaşıb. Siyasi məhbuslar məsələsində Azərbaycanda çox ağır durumun olduğu narahatlıq yaradır”.

Jurnalistin “Siz bəyan etmişdiniz ki, ”Yeni Müsavat” qəzetinin uğurunu öz uğurumuz hesab edirik. Sizin Avropa Oyunları ilə bağlı çağırışınızı isə həmin qəzetin baş redaktoru Rauf Arifoğlu yersiz, qeyri-ciddi çağırış hesab etdi. Hələ də əvvəlki mövqeyinizdə qalırsınızmı” sualına A.Hacılı belə cavab verdi: “Mən indi də hesab edirəm ki, Azərbaycanda fəaliyyət göstərən bütün demokratik institutların uğuru həm də Müsavatın uğurudur. ”Yeni Müsavat”ın da digər mətbuat orqanlarının da uğuru bizim uğurumuzdur, uğursuzluqları da bizim uğursuzluğumuzdur. Ona görə də bu sözdə hər hansı bir başqa mənalar axtarmağa ehtiyac yoxdur. Mən ixtisasca jurnalist olan siyasətçi kimi, sözün dəyərini çox yaxşı bilirəm. Həmişə hər yerdə nə dediyimin fərqindəyəm. Müsavatın boykot qərarına gəldikdə isə mən bu qərarı düzgün qərar hesab edirəm. Bu qərar Azərbaycanda yaranmış siyasi, ictimai şəraitə adekvat olan qərar idi. Ancaq müxtəlif şəxslər, təşkilatlar, mətbuat orqanları bu qərar haqqında öz yorumlarını bildiriblər. Hesab edirəm ki, hər hansı bir siyasətçi, siyasi təşkilat, mətbuat orqanı, jurnalist bu qərarı yanlış qərar hesab edirsə, bu onun hüququdur. İstənilən insanın öz fikirlərini azad şəkildə ifadə etməsinə biz hörmətlə yanaşırıq”.

KİV təmsilçisinin “Mühacirlərlə görüşdə saxta vəsiqə məsələsi ilə bağlı müzakirə apardınızmı” sualına isə A. Hacılı belə cavab verdi: “Saxta vəsiqə məsələsi bizə qarşı yönəlmiş ittiham deyil. Saxta vəsiqə məsələsini biz özümüz aşkarlayaraq ictimailəşdirmişik və biz özümüz mətbuata bu barədə məlumat vermişik ki, Müsavat Partiyası adından saxta sənədlərin həm Bakıda, həm Avropa şəhərlərində hazırlanması barədə məlumatlar daxil olub. Biz əlimizə düşən konkret faktı ortalığa qoymuşuq. Bunun üzərinə gedərək Müsavat adından hər hansı bir saxta sənədin verilməsinin qarşısının alınması istiqamətində addımlar atacağıq. Məsələnin başqa tərəfi ondan ibarətdir ki, bu işlərlə məşğul olan bəzi adamlar, görünür, bu məsələlərdən çox narahat oldular. Müsavat Partiyasının əslində bu faktı aşkarlaması fonunda Müsavatın üzərinə əks hücuma keçdilər. Avropanın bir sıra ölkələrində partiyanın ciddi dayaqlarının olması opponentlərimizi narahat edir. Ona görə bu istiqamətdə Müsavata qarşı təbliğat apardılar. Biz əslində aparılan bu təbliğatla bağlı cavabımızı vermişik. Yəni bu məsələlərə siyasi qiymət, siyasi cavab verilib. Ancaq məsələlər hüquqi müstəvidə müzakirə olunmalıdır. Çünki saxta sənəd məsələsi cinayət məsələsidir. Kim saxta sənəd hazırlayıbsa və Müsavat adından saxta sənəd təqdim edibsə, istər Avropa məhkəmələri qarşısında, istər Azərbaycan məhkəmələri qarşısında bu məsələləri qaldıraraq belə halların qarşısının alınmasına nail olacağıq. Mühacirlərlə görüşdə biz bütün məsələlər barədə danışdıq. Müsavat Partiyasında mühacir müsavatçılarla iş aparan İcra Aparatında xüsusi şöbə yaradılıb. Müsavat Məclisinin üzvü Yusif Tağı həmin şöbənin rəhbəridir”.

Arif Hacılı eyni zamanda qarşıdan gələn parlament seçkilərində partiyanın iştirakı ilə bağlı da açıqlama verib. O qeyd edib ki, hazırda partiyanın 80-ə yaxın namizədi müəyyənləşib: “Amma onların namizədliyinin təsdiqi məsələsi ola bilsin ki, iyul ayının 4-də keçirilən Məclisdə deyil, növbəti Məclisdə təsdiqlənsin”.

Seçkilərdə şəxsən özünün və İsa Qəmbərin deputatlığa hansı dairədən namizəd olub-olmayacağına gəlincə, A.Hacılı dedi ki, hər halda, partiya başqanı olaraq namizədliyini verəcək: “Bir sıra dairələrdən mənə və İsa Qəmbərə namizədliyimizi verməklə bağlı təkliflər var”.

“Avropa Birliyinin paytaxtında səfərdə olub siyasilərlə görüşlər keçirib, onların fikirlərini dinləmisiniz. Avropa Birliyi ilə Azərbaycan arasında ciddi problemlər, gərginlik varmı” sualını A.Hacılı belə cavablandırdı: “Avropa İttifaqı və ABŞ Azərbaycanla müttəfiqlik münasibətləri qurmaq istəyir. Yaranmış problemlərin səbəbkarı isə Azərbaycan hakimiyyətidir. Avropa İttifaqının, ABŞ-ın irəli sürdüyü tələblər heç də Azərbaycan hakimiyyətinin həyata keçirməsi mümkün olmayan tələblər deyil. Tələb bundan ibarətdir ki, Azərbaycanda siyasi məhbuslar olmasın, Azərbaycanda demokratik seçkilər keçirilsin, Azərbaycanda demokratik islahatların həyata keçirilməsi nəticəsində normal, qarşılıqlı liberal münasibətlər formalaşsın. Liberal iqtisadiyyat formalaşsın, korrupsiyaya son qoyulsun.

Eyni zamanda Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olmasında Avropa İttifaqı maraqlıdır. Azərbaycan hökuməti isə buna qarşılıq vermir. Gərginlik məhz bununla bağlıdır. Azərbaycan hakimiyyəti heç bir siyasi məhbusu azad etməməklə sanki beynəlxalq birliyə, o cümlədən Avropa İttifaqına meydan oxuyur. Bu cür siyasətin heç bir xeyri yoxdur, ölkəmizin milli təhlükəsizliyi üçün ciddi problemlər yaradır. Azərbaycana münasibət hər mənada pisləşib, demokratik seçkilərin keçirilməsinə də ümid azdır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27118

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031