Niyə yeni ərazilər işğaldan azad olunmur? – Deyənlərə…

01.10.2020 - 10:00

Qarabağda ağır döyüşlərin getdiyi sirr deyil. 27 sentyabrda düşmən təxribatına cavab verən ordumuz əks-hücuma keçdi və bir neçə kənd işğaldan azad edildi. Azad edilən ərazilər isə illərdir ordumuz tərəfindən tətqiq edilən, hər qarışını əzbər bildikləri ərazilərdir. Hazırda isə döyüşlər düşmənin daha dərin mövqelərində aparılır.

Bunu isə yazmaqda məqsədim Müdafiə Nazirliyini və ordumuzu qınayanlara cavab verməkdir. Rəylərdə hər kəs ittiham edir ki, 2 gündür heç bir irəliləyiş yoxdur, niyə torpaqlar azad edilmir.

Bu ittihamlarla çıxış edənlərin müharibə anlayışının olmadığı bəllidir, amma adamı məyus edən onların ümumiyyətlə anlayışlarının olmamasıdır. Çünki hazırda yazılan hər bir rəy, hər bir status insanların əhval-ruhiyyəsinə ciddi təsir edir. Çünki hər kəs torpaqlarımızın azadlığı uğrunda öz doğmasını döyüşə, ölüm-dirim savaşına göndərib. Hər kəsin əsəbləri tarıma çəkilib. Bir yandan uzun illərin kini, nifrəti, bir yandan da hazırda düşmənin həyasızcasına davranışları…

Ola bilər ki, ordumuz işğaldan azad edildiyi elan edilən ərazilərdən də öndədilər. Daha ön mövqelər üçün döyüşlər gedir. Hətta daha ön postları azad etmiş ola bilərik. Amma biz o postlarda möhkəmlənə bilmiriksə, yaxud o postlarda istehkamlarımız qurulmursa, o mövqeni biz azad olunmuş saya bilmərik. Bunu müharibədən anlayışı olanlar daha yaxşı bilərlər. Bundan başqa döyüşlərin getdiyi ərazilərin coğrafi relyefi də fərqlidir. 30 ilə yaxındır ki, düşmən bu ərazilərdə, dağlarda, təpələrdə, meşəlik ərazilərdə, zirvələrdə mövqeləniblər. Ərazinin böyük hissəsi minalanıb. Düşmən Füzuli, Ağdərə, Qubadlı istiqamətində, yerin altında və üstündə elə bir hiylələr qurub ki, o hiylələri aşmaq elə də asan deyil. Bu səbəbdən də torpaqlarımızın hər qarışı üçün döyüşmək lazım gəlir. Hərbçilərimiz həmin ərazini qısa müddət içərisində tədqiq edə bilməz. Bunun üçün zaman lazımdır. İllərdir mövqelənən düşməni bir neçə günə o mövqelərdən qovmaq o qədər də asan iş deyil. Bu, hansısa virtual oyun deyil, hansı ki, öləndən sonra yenidən dirilib döyüşəsən. Bu itki deməkdir.

Döyüşü idarə edən generallar da bunu düşünür və maksimum az itki ilə əraziləri işğaldan azad etməyi planlayırlar. Bu səbəbdən də öncə artilleriya, aviasiya işləməlidir. Düşmən mövqeləri müəyyənləşdirilməli, onlar məhv edilməli, daha sonra hərbçilərimiz təmizləmə işləri aparmalıdır.

Cənab Prezident son çıxışında öz qətiyyətli mövqeyini bir daha ortaya qoydu. Qeyd etdi ki, torpaqlarımız işğaldan azad edilməlidir. Münaqişənin həlli isə yalnız beynəlxalq hüququn norma və prinsipləri və Helsinki Yekun Aktında əks edilmiş Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə tam hörmət əsasında mümkündür.

Hazırda bizim üzərimizə düşən vəzifə döyüşməkdir. Torpaqlarımız üçün, Vətənimiz üçün, sevdiklərimiz üçün döyüşməliyik. “Ya bu gün, ya da heç vaxt” dediyimiz an qapımıza dayanıb. Bu münaqişəni övladlarımıza, nəvələrimizə, nəticələrimizə miras qoymamalıyıq. Əgər əlimizə silah alıb döyüşə bilmiriksə, arxa cəbhədə, mənəvi dəstək ola, ruh yüksəkliyi yarada bilərik. Əgər bunları da edə bilmiriksə, o zaman bizə susmaq və təxribatlara uymamaq düşər. Heç olmazsa, ruh düşkünlüyü,fikir ayrılığı yaratmayaq, fikirləri yalnız bir hədəfə kökləyək.
Tanrı ordumuzu, Vətənimizi, sevdiklərimizi qorusun!

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=155165

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930