Cənub Qaz Dəhlizi: Avrasiya miqyaslı əməkdaşlıq

12.02.2021 - 21:34

2015-ci ildən başlayaraq ildə bir dəfə keçirilən “Cənub Qaz Dəhlizi” layihəsinin Məşvərət Şurasının 7-ci iclası dünən onlayn formatda keçirildi. Məşvərət Şurasının toplantısı rekord sayda iştirakçıların – 18 ölkə, 19 şirkət və 5 beynəlxalq maliyyə qurumunun təmsilçilərinin iştirakı ilə baş tutdu. Cənub Qaz Dəhlizi enerji sahəsində XXI əsrin ən böyük layihəsidir. 2013-cü ildən başlanmış tikinti işləri keçən ilin noyabr ayının sonunda tamamlanıb və uzunluğu 3500 kilometr olan boru sistemləri vasitəsilə Azərbaycan qazının Avropaya nəqli başlanıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

Deputat deyib: “Prezident İlham Əliyevin Məşvərət Şurasının iclasındakı çıxışında səsləndirdiyi “Bu gün enerji təhlükəsizliyi bütün ölkələrin milli təhlükəsizlik məsələsidir” fikri diqqətəlayiqdir. Artıq fəaliyyətə başlamış Cənub Qaz Dəhlizi, sadəcə, irimiqyaslı iqtisadi layihə deyil, eyni zamanda, həm Avropa ölkələrinin enerji təhlükəsizliyinin, həm də Azərbaycanın siyasi-hərbi təhlükəsizliyinin və nəticə etibarilə milli təhlükəsizliyimizin təminatıdır.

Azərbaycan belə bir nəhəng layihəni həyata keçirməklə, ilk növbədə, Avropanın enerji marşrutlarının şaxələndirilməsini təmin etdi və bununla da Avropa İttifaqının enerji asılılığına son qoydu. Cənub Qaz Dəhlizi boyunca yerləşən bütün ölkələrin bu layihədən bu və ya digər şəkildə faydalanması çoxsaylı dövlətlər arasında qarşılıqlı əməkdaşlığın güclənməsinə və beləliklə, bütövlükdə qitə ərazisində təhlükəsizliyin möhkəmləndirilməsinə böyük töhfə verdi. Cənub Qaz Dəhlizi layihəsinin unikal cəhətlərindən biri də ondan ibarətdir ki, Xəzər hövzəsindən başlayan bu layihə təkcə regionun deyil, bütöv Avrasiya miqyasında daha çox sayda ölkələri qarşılıqlı faydalı işbirliyinə cəlb etmək potensialına malikdir. Belə ki, gələcəkdə Mərkəzi Asiya regionundakı karbohidrogen ehtiyatlarının bu dəhliz vasitəsilə Avropaya nəql olunması imkanlarının mövcudluğu Avrasiyanın Qərbi ilə Şərqini ölkəmiz üzərindən əməkdaşlığa sövq edir. Beləliklə, Cənubi Qafqazla Avropa arasında başlanmış əməkdaşlıq və təhlükəsizlik arealı getdikcə bütövlükdə Avrasiya miqyasında genişlənmək perspektivləri əldə edir. Bütün bunlar Cənub Qaz Dəhlizinin beynəlxalq əhəmiyyətinin göstəriciləridir.

Ayrılıqda Azərbaycana gəldikdə bu layihənin ölkəmiz üçün əhəmiyyəti misilsiz və çoxtərəflidir. Azərbaycan tərəfindən ardıcıl şəkildə aparılan və gələcəyə hesablanmış enerji diplomatiyası beynəlxalq mövqeyimizin davamlı olaraq möhkəmlənməsini təmin edən çox mühüm amildir. Belə bir enerji layihəsinin məhz Azərbaycan dövləti tərəfindən irəli sürülməsi və onun həyata keçirilməsinə nail olunması dünya miqyasında Azərbaycana marağın artmasına və onun təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir. Keçən aylar ərzində beynəlxalq birlik tərəfindən ciddi maneə ilə üzləşmədən torpaqlarımızın işğaldan azad olunmasında da enerji diplomatiyamızın xüsusi rolu şübhəsizdir.

Belə bir layihəni həyata keçirmək üçün dünya neft sənayesinin ən son elmi-texniki nailiyyətləri ölkəmizə gətirilib və Azərbaycan son 20 il ərzində qabaqcıl sənaye ölkəsinə – müasir texnologiyalı neft-qaz ölkəsinə çevrilib. Neft-qaz yataqlarının işlənilməsində dünyada mövcud olan ən yüksək elmi-texnoloji və ekoloji standartlar tətbiq olunub. Neft-qaz sənayesində aparılan uğurlu fəaliyyət ölkəmizdə yeni fəaliyyət sahələrinin yaranmasına, yeni peşə ixtisaslarının öyrənilməsinə, on minlərlə yüksək gəlirli iş yerlərinin açılmasına və son nəticədə əhalinin əmək məşğulluğunun davamlı olaraq artırılmasına şərait yaradıb. Bütün bunların həyata keçirilməsində SOCAR-BP əməkdaşlığı xüsusi rol oynayıb və məhz bu qarşılıqlı faydalı əməkdaşlıq əsasında Azərbaycan-Avropa strateji tərəfdaşlığının əsası qoyulub. Təsadüfi deyil ki, bu gün Avropa dövlətləri və xüsusilə Böyük Britaniya Azərbaycanın ən böyük sərmayəçiləri, Azərbaycan isə Avropanın bu regionda ən etibarlı tərəfdaşı kimi qəbul olunur. Çoxsaylı transmilli şirkətlərin ölkəmizə sərmayə yatırması Azərbaycanda investisiya mühitinin formalaşmasında mühüm rol oynayıb və biznes mühitinin müasir standartlara uyğunlaşdırılması baxımından beynəlxalq reytinq agentliklərinin hesabatlarında Azərbaycanı dünya miqyasında qabaqcıl ölkələr sırasına çıxarıb.

Cənub Qaz Dəhlizinin bugünkü fəaliyyəti bu layihədə iştirak edən ölkələr arasında, xüsusilə Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında münasibətlərin dərinləşməsinə xidmət edir. Gələcəkdə Mərkəzi Asiya resurslarının da Cənub Qaz Dəhlizi vasitəsilə nəqli baş tutarsa, daha geniş miqyaslı Avrasiya əməkdaşlığının şahidi ola bilərik. Avrasiya miqyaslı siyasi-iqtisadi münasibətlərin münaqişə deyil, məhz əməkdaşlıq əsasında pozitiv dəyişikliklərə uğramasından ən çox qazanan isə məhz Azərbaycan olacaq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161351

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728