Xrisitian gürcülərin mücahidliyi – Pankisidə İŞİD komandiri Umar Şişanini yad edirlər

23.07.2016 - 21:01

rr-174Şişaninin dəstəsi Suriyanın qərbindəki Latakiya vilayəti üzərinə hücuma qoşulmuşdu
Gürcüstanda, Pankisi dərəsindəki Birkianidə Umar Şişaninin həlak olmasından kədərləniblər. O İslam Dövləti adlandırılan ekstremist təşkilatın komandirlərindən biri idi.
Səhra komandirinin atası deyir ki, oğlu Gürcüstanda qalıb hərbi karyerasını davam etdirə bilsəydi, taleyi başqa cür olardı.
Ümumilikdə isə, Pankisi dərəsindən onlarca insan İraq və Suriyaya gedib. Onlardan 20-si artıq həlak olub.
“Yad” maşınlar
Gürcüstan paytaxtından Pankisiyə üç saatlıq maşın yolu məsafəsi var.
Yol gürcü şərabçılığının diyarı Kaxetiyadan keçir. Lakin Kaxetiyanın şimalında şərabın alıcısı yoxdur.
Pankisinin əsas əhalisi – kistinlərdir. Gürcüstana bir neçə əsr bundan əvvəl köçüb gəlmiş çeçenlərin törəmələrini belə adlandırırlar.
Buranın bir neçə kilometr cənubunda yerləşən kaxet kəndlərindən fərqləndiyini dərhal sezirsən. Adamlar burdan keçən yad maşınları uzun müddət gözləri ilə seyr edirlər. Küçələrdə başıaçıq qadına, saqqalsız kişiyə nadir hallarda rast gəlinir.
Doğma kəndi Birkianidə Umar Şişanini öz adı ilə – Tarxan Batiraşvili kimi yad edirlər.
Ona ekstremist qruplaşmanın nüfuzlu lideri kimi yox, həlak olmuş həmkəndliləri kimi baxırlar.
Cihadçı karyerası
Pankisi dərəsinin bəzi sakinləri bu qənaətdədirlər ki, Rusiya-Gürcüstan müharibəsinin iştirakçısı olmuş Şişaninin xidmətlərini Gürcüstanda lazımınca qiymətləndirməyiblər.
“O Gürcüstanın vahidliyi uğrunda mübarizə aparıb. Bir az ağlı başında olan adam Tarxan Batiraşvili qatildir, Tarxan Batiraşvili başkəsəndir kimi ifadələri işlətməz. Televiziyada və ya sosial şəbəkələrdə onun kiminsə başını kəsdiyini görən olubmu? O belə bir əmələ qadir birisi deyildi” – deyir Pankisi sakini Ali Kavtaraşvili.
Umar Şişani Suriyaya 2013-cü ilin yazında gəlmişdi. O əsas etibarilə əcnəbi döyüşçülərdən ibarət briqadada döyüşürdü.
KİV-də getmiş bəzi xəbərlərə görə o, elə həmin il Hələb uğrunda döyüşlərin iştirakçısı olmuşdu.
Şişaninin briqadası başqa cihadçı birləşmələri ilə birlikdə Suriyanın Latakiya əyaləti üzərinə hücum əməliyyatlarına qoşulmuşdu.
Həmin hücumdan sonra Human Rights Watch təşkilatının hesabatında deyilirdi ki, cihadçılar dinc sakinləri qətlə yetiriblər.
Təşkilat 2013-cü ilin onlarında Latakiyada 190 mülkinin öldürülməsindən yazırdı. Bunlardan bəziləri hücum edən cihadçılar tərəfindən edam olunmuşdu, hərçənd Şişaninin bu edamlarda iştirakına dair birbaşa dəlillər yoxdur.
Elə həmin 2013-cü ildə Şişani İŞİD-in Suriyanın şimalındakı əməliyyatlarının komandiri təyin edilmişdi. O 2014-cü ildə Minaq hərbi hava bazasının ələ keçirilməsində iştirak etmişdi.
2014-cü ilin sentyabrında ABŞ-ın Maliyyə Nazirliyi Tarxan Batiraşvilini İŞİD-in maliyyələşdirilməsi üçün məsuliyyət daşıyanların qara siyahısına daxil etmişdi.
Amerika KİV-lərinin xəbərlərinə görə Şişani Raqqadakı həbsxanaya rəhbərlik edirdi. Burada girov pulu alınması məqsədilə əcnəbilər saxlanırdı.
Şişaninin öldürülməsi barədə dəfələrlə xəbərlər yayılsa da, sonradan təsdiq olunmurdu.
Mart ayında Pentaqon xəbər vermişdi ki, Şişani Suriyanın şimal-şərqində Amerika hərbiyyəsinin endirdiyi hava zərbəsi nəticəsində aldığı yaralardan ölüb.
2016-cı ilin 13 iyulunda İD-ə bağlı Amak xəbər agentliyi məlumat verirdi ki, Şişani İraqda, Mosulun cənubundakı Şirkət şəhəri yaxınlığında gedən döyüşlərdə həlak olub.
Bu xəbər təfərrüatlarında Amerika hərbiyyəsinin məlumatı ilə ziddiyyət təşkil etsə də, mahiyyətcə onu təsdiq edirdi.
Başqa ad
Şişaninin ölümü barədə iyulun 13-də yayılmış növbəti xəbərə onun həmkəndliləri əvvəlcə şübhə ilə yanaşmışdılar.
Şişaninin ölümünə o vaxt inandılar ki, Tarxanın yaxınları qonşuların və qohumların başsağlıqlarını qəbul etməyə başladılar.
Bu vaxt artıq Birkianiyə jurnalistlər axışırdılar.
Lakin KİV-in diqqəti Pankisi sakinlərində yalnız qıcıq yaradır.
Şişaninin Birkianidə yaşayan böyük qardaşının qapısı jurnalistlərin üzünə hələ də bağlıdır.
Qohumlarsa ayıq-sayıqdırlar ki, evlərinin yaxınlığında kameralar görünməsin.
Onun böyüdüyü və atası Temur Batiraşvilinin indi də yaşadığı evə başsağlığı üçün gələn yoxdur.
“Axı mən xristianam. Onlarda isə xristian ailələrə basağlığı vermək qaydası yoxdur. Tarxan isə qardaşları kimi İslamı qəbul etmişdi” – deyir dərdli-dərdli Temur Batiraşvili.
Biz Temur Batiraşvili ilə son dəfə iki il əvvəl söhbət etmişdik. Ötən müddət ərzində o çox dəyişmişdi.
Oğlunun əhvalatı və onun ölümü haqqında çoxsaylı xəbərlər Temurun belini büküb.
Ona çarpayıdan qalxmaq aşkarca çətindir. O filtrsiz siqaretləri bir-birinə calayır və oğlunun taleyinə görə özünü qınayır.”Mən yalnız bunu düşünürəm ki, oğlumu tanımamışam. Tarxan məktəbi qurtaran kimi orduya gedib. Onu düz-əməlli nə vaxt görmüşəm ki? – deyir ata, – Mən gah Rusiyada işləmişəm, gah Qroznıda, gah da xaricdə… Ona diqqət eləməmişəm. Axı onları yedirib-içirmək, geyindirmək lazım idi.”
Xatırlayır ki, oğlu məktəbdə yaxşı oxuyub və özünə hərbçi peşəsini seçib.
Onun fikrincə, dönüş nöqtəsi Tarxan Batiraşvili qanunsuz silah gəzdirmək ittihamı ilə həbs olunanda baş verib. Bundan sonra onu ordudan tərxis ediblər. O həbsxanadan vaxtından əvvəl buraxılsa da, iş tapa bilməyib.
“Bəli, hökumət həmin vaxt mənim oğlumu məhv edib. Yəni Gürcüstana döyüşçülər lazım deyildi? Belə bir döyüşçünün Gürcüstan ordusunda olması pismi olardı? – deyir ata, – Qoy indi Saakaşvilinin millətçiləri də, ruslar da sevinsinlər. Tarxan daha yoxdur”.
Özgə müharibə
Tarxan Batiraşvilinin başqa tale yaşaya biləcəyinə Leyla Açişvili də inanır. O bizimlə özünün Cokolo kəndindəki qonaq evinin gül-çiçəkli bağçasında söhbət edir.
Leylanın başında qara yaylıq var. Öz biznesi haqqında həvəslə danışır, lakin oğlanlarından söz düşəndə səsi əsməyə başlayır. Onlar Pankisidə doğulub böyüsələr də Avropaya, oradan isə Suriyaya gediblər.
“Biri proqramçı idi, o biri xarici dilləri bilirdi. Mən heç təsəvvür də etməzdim ki, onlar ora gedərlər. Amma getdilər” – deyir Leyla.
Batiraşvili Pankisi də doğulub böyüsə də, Leyla onunla ilk dəfə Suriyada görüşüb. Leyla ora 2013-cü ildə böyük oğlunu oradan geri qaytarmaq ümidi ilə getmişdi.
Onun sözlərinə görə, o vaxtlar hələ Batiraşvili belə nüfuzlu komandir deyildi və dostunun anası ilə həvəslə görüşmüşdü.
“Mən oğlumdan soruşdum ki, nə baş verir? O bura niyə gəlib? Dedi ki, “biz Əsədi devirməliyik”. Dedim ki, “niyə? Bu ölkədə çoxlu insan var, qoy Əsədi də onlar devirsinlər”. O mənə cavab verdi ki, “Quranda yazıldığına görə bütün dünyaya şəriət buradan yayılacaq” – deyə xatırlayır ana.
Oğlunu geri qaytarmaq ona nəsib olmayıb. Suriyadan qayıtdıqdan dörd gün sonra onun ölüm xəbərini alıb.
“Mənə bu xəbəri kiçik oğlum verdi. Mən qorxuya düşüb soruşdum: “İndi sən nə edəcədəksən? Birdən oralara getmək fikrində olarsan?” Mənə dedi ki, “mən də ora gedəcəyəm” – deyə danışır Leyla.
“Onlar eyni ildə həlak oldular. Avqustda böyüyü, oktyabrda kiçiyi, – deyir ana, – Məndə böyük oğlumun ölümü ilə bağlı fotoşəkil var, amma kiçik oğlum barədə dəqiq məlumat yoxdur. Bu, ən ağır olanıdır. Düşünürsən: “Görəsən düşmən əlinə keçməyib ki? Bəlkə ona işgəncə verirlər? Bu fikir hər yerdə məni qarabaqara izləyir”.
Pis ad çıxarmış dərə
Leyla Açişvilinin iki oğlu Suriyada döyuşlərdə ölüb
Leyla deyir ki, yaşamağa davam etmək üçün özündə güc tapa bilib.
Onun yaşlı valideynləri və qızı var. Oğulları ona 6 nəvə qoyublar. Oğlanlarını görəcəyinə ümid edir. Lakin bu dərədə mehmanxana işini inkişaf etdirmək asan deyil.
“Ötən il, demək olar, qonağımız olmayıb. Bəziləri zəng edib soruşurdular ki, Pankisiyə gəlmək təhlükəsizdirmi? Gəlsələr, bir problem çıxmaz ki? – deyir Leyla, – Mən izah edirəm ki, heç bir problem yoxdur, yəni buralara gələ bilərlər. Lakin haqqımızda çoxlu dezinformasiyalar yayılır. Guya bizdə terrorçular var. Ona görə belə düşünürlər ki, Suriyaya gedənlərin arasında çoxları Pankisidən çıxıb.”.
15 min insanın yaşadığı Pankisi dərəsinin reputasiyası doğrudan da yaxşı deyil.
Buraların adı dünya KİV-ində 2000-ci illərdən görünməyə başlayıb.
İkinci çeçen müharibəsi zamanı Çeçenistandakı evlərini tərk edən çox sayda qaçqın Pankisiyə axışırdı.
Elə o vaxtlar Rusiya Gürcüstanı yaraqlıları və onların təlim bazalarını bu dərədə gizlətməkdə ittiham etməyə başlamışdı.
2002-ci ildə Pankisi Rusiya aviasiyasının bombardmanına məruz qaldı və çox sayda dinc sakin həlak oldu.
Bundan az keçmiş Gürcüstanın güc nazirlikləri də Pankisidə genişmiqyaslı xüsusi əməliyyat keçirdilər.
Birkiani kəndinin kənarında kiçik bir qəbristanlıq var. Burada Şişaninin məzarı yoxdur və çətin ki, nə vaxtsa olsun
Pankisi ətrafında ehtiraslar daha sonra səngidi, amma bu, çox da uzun çəkmədi.
Pankisidən olan gənc oğlanların Suriya və İraqda döyüşməsi regionun imicini heç də yaxşılaşdırmır. Buna görə də Gürcüstanın bu dilbər guşəsində turizmin inkişafından danışmaq çətindir.
Bir çox yerli sakinlər kimi Leyla da düşünür ki, Pankisidəki pis iqtisadi və sosial vəziyyət gəncləri doğma yurddan yüz kilometrlərlə aralıda olan müharibəyə çəkib aparır.
Pankisi ağsaqqallar şurası idarə heyətinin sədri Zaur Qumaşvili deyir ki, son zamanlar əldə olunmuş azacıq irəliləyişə baxmayaraq buradakı iqtisadi vəziyyət ağır olaraq qalır.
O deyir ki, dərədə əkinə yararlı torpaq sahələri çox deyil və qumsallıq əkinçiliyə heç də yararlı deyil.
“Əgər dərədəki 17 kənddən heç birində istehsalat yoxdursa, gənclərin işlə təmin olunmasından necə danışmaq olar?” – deyir Qumaşvili.
Gənclərin İŞİD-ə axını dayanıbmı?
İD sıralarında nə qədər Gürcüstan vətəndaşının olduğu barədə dəqiq məlumat yoxdur. Müxtəlif məlumatlara görə burada söhbət Pankisi və Acarıstandan olan onlarca müsəlmandan gedə bilər.
Deyirlər ki, son vaxtlar Pankisidən Yaxın Şərqə gənclərin axını demək olar dayanıb
Son illərdə İraq və Suriyada Pankisi dərəsindən olan 20-dək gənc həlak olub.
Yeri gəlmişkən, istər yerli sakinlər, istərsə də hakimiyyət orqanları bildirirlər ki, son vaxtlar Pankisidən Yaxın Şərqə gənclərin axını demək olar dayanıb.
Suriya və İraqa yollanan gənclərin axını barədə xəbərlərin artdığı vaxtlarda Gürcüstan parlamenti ölkə xaricində qanunsuz hərbi birləşmələrdə iştiraka görə cəzaları gücləndirən qanun qəbul etmişdi.
Terrorla bağlı ittihamlarla bir neçə nəfər, o cümlədən Pankisi sakinləri də həbs olunmuşdular.
Gürcüstanın təhlükəsizlik xidmətində hesab edirlər ki, bu tədbirlərlə yanaşı tərəfdaş ölkələrlə məlumat mübadiləsi öz bəhrəsini verir.
Rəsmilər deyirlər ki, bu gün Pankisidə vəziyyət tamamilə sakitdir və nəzarət altındadır.
Yerli jurnalistlərdən Sulxan Bordzikaşvilinin dediyinə görə əvvəllər Pankisi sakinləri Suriyaya daha fəal şəkildə səfər edirdilər, çünki bunu Əsədi dəstəkləyən Rusiya əleyhinə müharibə sayırdılar.
Lakin sonradan əhval-ruhiyyə dəyişib və hətta çoxları geri qayıdıblar.
Məzarının yeri məlum deyil?
Bordzikaşvili hesab edir ki, Şişaninin ölümü ondan nümunə götürən cavanların gözünün odunu bir az da ala bilər.
Lakin Gürcüstanda onlarca ailə artıq Suriya və İraqda olan doğmalarından həyəcanla xəbər gözləyir. Həlak olanların ailəsini bundan yalnız xəbərdar edirlər. Onların cənazələrini heç kim vətənə gətirmir.
Birkiani kəndinin kənarında başdaşları əyilmiş kiçik bir qəbristanlıq var.
Burada Şişaninin məzarı yoxdur və çətin ki, nə vaxtsa olsun. Onun taleyini yaşamış 20-dək başqa insanların da burada məzarları yoxdur.
“Ən ağır olanı budur. Bu sadəcə olaraq bir təsəlli olardı ki, oğul məzarının üstünə gedib onunla söhbət edə, onun son mənzilini qaydaya sala biləydin. Heç olmasa, ondan nəsə qalaydı, – deyir Leyla Açişvili, – Bu gün anaların heç nəyi yoxdur. Biz onların qəbirlərinin harada olmasını bilmirik. Onları dəfn ediblərmi? Əlbəttə ki, onları dəfn etməyiblər. Onlar quş lələyi kimi göyə sovrulublar” (BBC).

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=70960

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930